“Ömrünü Allahın buyurduğu kimi yaşayanların ölümü toy-bayram olur”

559

“Zaman-Azərbaycan” qəzetinin “Redaksiya qonağı” rubrikasının ən maraqlı müsahiblərindən biri də Xalq şairi Zəlimxan Yaqub olmuşdu. “Özüm üçün yaşamadım, çox şükür”,-deyən şairin həmin müsahibəsindən bəzi hissələri oxuculara təqdim edirik…

– Son dövrlərdə ağrıyıram, amma mənim ruhum sağlam ruhdur, Mövlanadan, Yunusdan gələn ruhdur, ona görə çox güclüdür. Mən Türk, Azərbaycan poeziyasını yaddaşında gəzdirən adamam…

– Allah verəndən yeyirəm, mənim üçün maddi nemət yüzüncü dərəcəlidir. Mən Mövlana, Əhməd Yəsəvi, Ələsgər tərbiyəsi görmüş adamam. Mənim üçün qarnında nə aparmaq önəmli deyil, başında nə aparmaq önəmlidir.

– Mənim nəzərimdə köhnə kişi anlayışının atributları bunlardır: köhnə kişi ağır oturan, batman gələn, sözünün yerini bilən, ailədə bütöv, cəmiyyətdə bütöv, sədaqətli, səxavətli, təmkinli, zəhmli, zabitəli və ən yüksək səviyyədə mədəniyyət sahibi…

– Mən gözümü açandan Yunusun ilahilərini eşitmişəm, onların içindən çıxmış adamam. Lap körpəliyimdən təsəvvüf ədəbiyyatı mənim varlığıma hopub. Saz Zəlimxanın ruhuna necə hopubsa, sazı necə çalırsa, təsəvvüf ədəbiyyatı da canıma elə çöküb, qanımdadır, nəfəsimdədir, ruhumdadır.

– Heç günah eləməmək mələklərə məxsusdur. Mən mələk deyiləm, insanam, özü də həmişə günahdan qorxmuşam, çalışmışam ki, günahlarım azından olsun, çoxundan olmasın.

– Mənim təsəllim odur ki, dillər əzbəri olan, yaddaşlara köçən əsərlər, kitablar qoyub gedəcəm, səsimi, sazımı qoyub gedəcəm, öləndə rahat öləcəm, asanca can verəcəm, quş kimi uçub, mələk kimi gedəcəm. Prezidentlə də, nazirlə də, süpürgəçiylə də, dərvişlə də eyni səmimiyyətlə, eyni tonda danışmışam. Heç kəsin yanında gözüm kölgəli deyil.

Ömrünü Allahın buyurduğu kimi yaşayanların ölümü toy-bayram olur. Diqqət yetirsəniz, görərsiniz ki, Mövlananın, Yunusun ölümə baxışı tam fərqlidir, onlar ölümdən qorxmurlar, sanki ən gözəl səfər kimi baxırlar ölüm yolçuluğuna. Mən ömrün də, ölümün də eləsini diləyirəm Allahdan.

– Allahdan dilədiyim odur ki, insanlar xoşbəxt olsunlar, ədalətli olsunlar, bir-birini sevsinlər. İnsanlar Allahın məmnunluğunu qazanmaq üçün bir-birini sevərlərsə, Allah da onları sevər. Əsl sevgi dediyin də elə budur, yəni Allahı məmnun etmək üçün sevmək.

– Qarabağla bağlı hər gün, özü də çox kəskin yazılmalıdır. Bu mövzunu kənara qoymaq olmaz, Qarabağ bizim qanayan yaramızdır. Bu məsələ hər birimizin vətəndaşlıq borcudur.

– Bütün ömrüm boyu işıq kimi yaşadım, heç kimin qəlbinə toxunmadım, hamıya xeyir arzuladım, insanları sevdim, bu sevgi də qarşılıqlı oldu. Camaat məni sevməsəydi, mən Zəlimxan olmazdım.

– Bu yaşa qədər nə bir dəfə davaya düşmüşəm, nə dava görmüşəm, nə də kiminsə kiməsə söydüyünü eşitmişəm. Elə bil, Allah-Təala məni bir tərəfdə tutub, təmiz tərəfdə saxlayıb ki, gələcəkdə söz adamı olum.