Ombudsman 20 Yanvarla bağlı beynəlxalq qurumlara bəyanat ünvanlayıb

556

Ombudsman Elmira Süleymanova 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir:

1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 25 il keçir. Unudulması mümkün olmayan  bu qətliam, tökülən qanlar,  insanlığa qarşı yönəlmiş qatı cinayət hər dəfə  ağrı, qəzəb və nifrətlə yad edilir. Bu tarix təkcə acılarla yad edilməyən, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, bərabərliyi, fəxr və şərəf günüdür. Bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, suverenliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilirdi. Azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. O vaxtkı SSRİ rəhbərliyinin əmri ilə, xalqımızın etirazına cavab olaraq, Azərbaycanda genişlənən milli azadlıq hərəkatının qarşısını almaq üçün məhz cəza tədbirləri kimi  bu qırğın törədildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridildi. Erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı.  Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz torpaqlarının,  milli mənliyinin müdafiəsinə  qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuşdu.

Sovet qoşunlarının təcavüzü nəticəsində  milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 silahsız mülki şəxs amansızcasına öldürülmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yanvarın 20-də  fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülmüşdü.

Yaralıları çıxaran təcili tibb yardımı maşınlarına və həkimlərə də atəş açılmış, tibb işçiləri də yaralanmış, şəhid olmuşdu.

O dövrdə ən ciddi bəyanatı xalqımızın Moskvada yaşayan öndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Məhz imperiyanın mərkəzində, dünyanın aparıcı KİV təmsilçiləri qarşısında irəli sürülən, 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən bu bəyanat ciddi rezonans doğurmuşdu.  Həmin bəyanatda sovet dövlətinin başçısı M.S.Qorbaçovu birbaşa ittiham etməsi onun cəsarətinin,  öz xalqına dərin məhəbbətinin, bağlılığının daha bir sübutu idi.

 

 

 

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis həmin tarixi  Ümumxalq Hüzn  günü  elan etmiş və bu  gün respublikamızda hər il  qeyd edilir.

 

 

 

Faciə qurbanları Bakıda və respublikamızın müxtəlif bölgələrində müqəddəs and yerinə, ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanlarında uyuyur. Xalqımız həlak olmuş oğul və qızlarının milli azadlıq mübarizəsini yüksək dəyərləndirərək onların məzarlarını ehtiramla yad edir.

Bu günlərdə “20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiqlənmişdir. Həmin plana əsasən,  respublikanın bütün şəhər və rayonlarında toplantı, konfrans və mühazirələrin təşkil olunması, bu tədbirlərin aparıcı KİV-də geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması nəzərdə tutulmuşdur.

 

 

 

Qanlı hadisə zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin Fərmanına əsasən «20 Yanvar şəhidi» fəxri adı verilmiş, «1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında» Sərəncama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu şəxslərə müvafiq müavinət, həmçinin həmin ailələrə ölkə başçısının Fərmanı ilə  Prezident təqaüdü verilir.

Xalqımızın milli oyanışını, torpaqlarımızın bölünməzliyi uğrunda mübarizliyini məhv etmək planının tərkib hissəsi olan 20 Yanvar qırğını konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalinin iradəsini qıra bilmədi. Bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələndi.

20 Yanvar faciəsi əzəli torpaqlarımızın işğalına doğru aparan yolların  başlanğıcı idi. Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq, həmin cinayətlə Ermənistana dəstək vermiş, nəticədə Azərbaycana qarşı hələ də davam edən uzunmüddətli təcavüz, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilmişdir.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev məlum münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə, qətiyyətlə nüfuzlu beynəlxalq qurumların tribunalarından bəyan etmişdir.

Azərbaycan həqiqətlərinin, o cümlədən, 20 Yanvar faciəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması qarşımızda duran mühüm vəzifələrdəndir.

İştirak etdiyimiz çoxsaylı beynəlxalq konfranslardakı çıxışlarımızda xalqımızın məruz qaldığı soyqırımları, terror hadisələri barədə ətraflı məlumat verilmiş,  20 Yanvar faciəsi ilə bağlı, həmçinin digər bəyanatlarımız BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi sənədləri sırasına daxil edilmişdir.

Dünyanın aparıcı KİV-ində, müxtəlif saytlarda, xəbər portallarında bu faciə ilə bağlı yazılar dərc edilməkdədir.

Bir çox ölkələrdəki diaspor təşkilatlarımız dünya ictimaiyyətinin diqqətini bu faciəyə, ümumən Azərbaycan həqiqətlərinə yönəldir, anım mərasimləri keçirilir, beynəlxalq media qurumları faciə qurbanlarının xatirəsini yad etməyə çağırılır.

 

 

 

İnsanlıq əleyhinə törədilmiş bu müdhiş əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi baza vardır. Eyni zamanda bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövlətinin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.

Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət  kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq,  cinayətkarlar cəzasız qalmayacaqdır.