Ölüm onu sevdiklərindən ayırdı

497

Öz mahnıları ilə tamaşaçı rəğbəti qazanan, ”Toylar kralı” kimi tanınan Nəriman Mingəçevirli  ömrünün 59-cu baharında həyata vida dedi.

Nəriman Mingəçevirli Mingəçevirdə anadan olub. Ailəsi 1946-cı ildə Zərdabdan Mingəçevirə köçüb. Onun musiqiyə həvəsi lap uşaqlıq illərindən formalaşıb. Atasının və iki bacısının da  gözəl səsi vardı.
Nəriman  Mingəçevirli Mədəni Maarif Texnikomunu bitirib.
Həmin dövr Qarabağ hadisələri ilə bağlı müharibənin alovlanan illəri idi. Nəriman tez-tez cəbhə bölgələrinə, konsert verməyə gedirdi. Hətta səngərdə konsert verəndə mühasirəyə də düşmüşdü…
“Səndən mənə xəbər verir”, “Unut dedin, unutdum”, ”Gəl ol anam gəlini”, ”Zərdab”, ”Həyat məni ağlatdıqca gülürəm” mahnılarına əgər belə demək mümkünsə, möhürünü vurmuşdi. Nəriman Mingəçevirlinin ən populyar mahnısı isə Vahid Əzizin sözlərinə bəstələnən Mingəçevir haqqında mahnı idi. Bu mahnıya klip də çəkdirib. “Yeni Mingəçevir”, “Bütün gözəllərin gözəli sənsən” mahnıları da ona tamaşaçı rəğbəti qazandırmışdı.
“Toylar kralı”olduqdan sonra deyərdi ki, gərək elə oxuyaq ki, bu ada layiq olaq və onu qoruyub saxlayaq. Yeni mahnılar üzərində işləyirəm deyirdi. Bir sözlə, yenilik yaratmaqla tamaşaçı zövqünü oxşamağa çalışıardı. Özü həmişə deyərdi ki, mahnılarında nakam sevgi sezilir. Nakam sevgisini və hər yerdə gözü onu axtardığını deyirdi. İndi bu sevgimi mahnılarıma yönəltmişəm, yəni o sevgini mahnılarımda axtarıram deyərdi.
Bir arzusu var idi  Nəriman bəyin. İstərdi ki, oğlu sənətinin davamçısı olsun. Bunu, zaman göstərəcək deyirdi.  Amma çox təəssüflər olsun ki, ölüm onu sevdiklərindən ayırdı. Ömrünün 59 yaşında həyata vida dedi. Allah rəhmət eləsin.

Qeyd edək ki, tanınmış mingəçevirli müğənni Nəriman Mingəçevirli koronavirus infeksiyasına (COVID-19) yoluxma nəticəsində dünyasını dəyişib. Ölüm faktı Ağdaş Karantin Xəstəxanasında qeydə alınıb. Müğənni bir müddət idi ki,  Ağdaş Karantin Xəstəxanasında koronavirusdan müalicə alırdı.

Esmira Hidayətova, Mingəçevir