Ölkəyə gətirilən avtomobillərin dəyəri 6 dəfə artıb

644
Cari ilin yanvar-fevral aylarında 4 milyard 42 milyon dollar həcmində xarici ticarət əməliyyatı həyata keçirilib.
 Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,6% azalıb. Ötən 2 ay ərzində xarici ölkələrdən Azərbaycana 1 milyard 707  milyon dollarlıq mal idxal edilib, ölkədən xaricə isə  2 milyard 334 milyon dollarlıq mal ixrac edilib. Keçən ilin yanvar-fevral aylarına nisbətən son 2 ayda idxal 43,4%, ixrac isə 38,2% azalıb. Məlumat üçün bildirək ki, həm idxal, həm də ixracda son illərin ən kəskin dəyişikliyi müşahidə olunub. İdxalın dəyər ifadəsində kəskin artması, ixracın isə dəyər ifadəsində kəskin azalması fevral ayında manatın dollar qarşısında 33%-dən çox ucuzlaşması və dünya bazarlarında xam neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır.

Təbii qazın ixracı 3 dəfəyə yaxın azalıb

Əvvəlki illərdə olduğu kimi cari ilin yanvar-fevral aylarında da xarici ticarət sahəsində ən çox xam neft, neft məhsulları və təbii qaz ixrac olunub. 2015-ci ilin ilk 2 ayı ərzində xarici ölkələrə 1 milyard 982 milyon dollar dəyərində xam neft, neft məhsulları və təbii qaz satılıb ki, bu da ümumi ixracın 84,8%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, ötən 2 ayda həm neft, həm təbii qaz, həm də neft məhsullarının ixracında dəyər ifadəsində azalma olub. Belə ki, 2014-cü ilin yanvar-fevral ayı ilə müqaysədə ötən 2 ayda xam neftin ixracı dəyər ifadəsində  44,2%, neft məhsullarının ixracı 28,1%, təbii qazın ixracı isə 3 dəfəyə yaxın aşağı düşüb.

İdxal olunan minik avtomobillərinin sayı 41,4% azalıb

2015-ci ilin yanvar-fevral aylarında xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 337,2 milyon dollar təşkil edib. Bu, ümumi idxalın 19,7%-nə bərabərdir. Ötən ilin analoji dövrünə nisbətən bu məhsulların idxalı 8,1% azalıb. Eyni zamanda ilin ilk 2 ayı ərzində 534,9 milyon dollar (ümumi idxalın 31%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Nəqliyyat vasitələri və onların hissələrinin idxalı 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6 dəfə artıb. Məlumat üçün bildirək ki, ötən 2 ay ərzində xaricdən 7 min 511 avtomobil gətirilib. Bunlardan 119-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 7 min 31-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 512-i yük avtomobilləri, 25-i xüsusi təyinatlı avtomobillər olub. Ötən ilin yanvar ayı ilə müqayisədə ötən ay xaricdən gətirilən avtomobillərin sayı 5 min 651 ədəd  və ya 43%, minik avtomobillərinin sayı isə 4 min 967 ədəd və ya 41,4% azalıb. Yanvar-fevral aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı isə 3 dəfə azalaraq 339 ədəd təşkil edib. Ötən ilin ilk 2 ayında 1029 ədəd yük avtomobili idxal olunub. Yanvar-fevral aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə avtobusların idxalı isə  2 dəfədən çox artaraq 119 ədəd təşkil edib. Avtobus idxalının artması Avropa Oyunları ilə əlaqədar olaraq avtobusların alınması ilə bağlıdır. Qeyd edək ki, avtomobil idxalının azalması “Avro 4” standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.  Maraqlısı budur ki, say baxımından avtomobil idxalı azalsa da, dəyər baxımından 5 dəfə artıb. Əgər ötən ilin yanvar-fevral aylarında nəqliyyat vasitələri və onların hissələrinin dəyəri 108,16 milyon dollar təşkil edibsə, cari ilin eyni dövründə bu rəqəm 534,8 milyon dollar təşkil edib. Avtomobillərin idxalının dəyər ifadəsində artması “Avro 4” standartının tətbiqi ilə əlaqədar olaraq ölkəyə daha çox buraxılış ili təzə avtomobillərin idxalı ilə bağlıdır. Bildiyimiz kimi buraxılış ili təzə avtomobillərin qiyməti də yüksək olur. Eyni zamanda son 2 ayda Avropa Oyunları ilə əlaqədar olaraq ölkəyə gətirilən avtobusların da sayı artıb ki, bunların da qiyməti minik avtomobillərinin qiymətindən dəfələrlə yüksəkdir.

Allahverdi Cəfərov