Buğdadan çox tütün idxal olunub

406

Bu ilin ilk yarısında xaricə satdığımız məhsulların dəyəri aldığımız məhsulların dəyərindən 2,7 dəfə çox olub. Yanvar-iyun ayları ərzində xarici ölkələrə 11,2 milyard dollar dəyərində məhsul satılıb. Bu dövrdə xarici ölkələrdən 4,1 milyard dollar dəyərində məhsul alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 6,1%, idxalın həcmi isə 20,3% azalıb. Nəticədə ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsində 10,3% azalma baş verib. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, əvvəlki illərdə olduğu kimi cari ilin ilk yarısında da xarici ölkələrə ən çox xam neft idxal olunub. Hesabat dövrü ərzində xarici ölkələrə 9 milyard 695 milyon dollar dəyərində xam neft göndərilib ki, bu da ümumi ixracın 86,2%-ni təşkil edib. Qeyd edək ki, 2012-ci ilin ilk yarısında bu məhsulun ümumi ixracdakı payı 83% olub. Eyni zamanda ötən illə müqayisədə xam neftin ixracı 2,1% azalıb.

 

Təbii qazın ixracı 2,3 dəfə

aşağı düşüb

Xam neftdən sonra xarici ölkələrə ən çox neft məhsulları satılıb. İxrac olunan neft məhsullarının dəyəri isə 508,9 milyon dollar təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə neft məhsullarının ixracı daha çox – 20,5% azalıb. Neft məhsullarından sonra xarici ölkələrə ən çox təbii qaz ixrac edilib ki, onun da dəyəri 196,3 milyon dollara bərabər olub. Təbii qazın ixracı da kəskin azalıb. 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisdə təbii qazın ixracı 2,3 dəfə aşağı düşüb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, şəkər, həmçinin bitki və heyvan mənşəli yağlar gəlir. Cari ilin ilk 6 ayı ərzində xarici ölkələrə 123,3 milyon dollar dəyərində meyvə-tərəvəz, 114,6 milyon dollarlıq şəkər, 113,3 milyon dollarlıq yağlar satılıb.

 

Avtomobil idxalı kəskin azalıb

2014-cü ilin yanvar-iyun ayları ərzində xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 1,278 milyard dollar təşkil edib. Bu, ümumi idxalın 31%-nə bərabərdir. Ötən illə müqayisədə bu məhsulların idxalı 4,8% azalıb. Eyni zamanda ilin ilk 6 ayı ərzində 369,4 milyon dollar (ümumi idxalın 8,9%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə mqayisədə təxminən 2 dəfə azdır. Məlumat üçün qeyd edək ki, ilin ilk yarısında ölkəyə 34 min 359 ədəd avtomobil idxal edilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 47 min 890 ədəd olub.

 

Kərə yağ və ətin idxalı artıb

Bunlardan başqa 2014-cü ilin yanvar-iyun aylarında ölkəyə 502,1 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 139,5 milyon dolları buğdanın, 85,7 milyon dolları şəkərin, 49,2 milyon dolları isə yağların payına düşüb. Ötən illə müqayisədə buğda idxalı 14,3% azalıb, şəkər idxalı 4%, yağların idxalı isə 52,8% artıb. Eyni zamanda tütün və tütün məmulatları, həmçinin əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 6 ayda müvafiq olaraq 174,2 və 116,1 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatlarının idxalı 10,1% artıb, əczaçılıq məhsullarının idxalı isə 3,9% artıb. Ümumiyyətlə son bir ildə ən çox kərə yağın və ətin idxalı artıb. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kərə yağının idxalı 73,9%, ətin idxalı isə 27% yüksəlib.

Allahverdi Cəfərov