“Ölkəmizdəki universitetlərin yataqxana problemi var”.

612
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq, tələbələrin üzləşdiyi ənənəvi çətinliklərdən biri də dərs ili müddətində qalacaq yerin tapılmamasıdır. Dərs ilinin başlanmasından 15 gün və ya bir ay qabaq  regionlardan qəbul olduqları ali təhsil ocaqlarının yerləşdiyi şəhərlərə üz tutan tələbələr qalacaq yer tapmaqda xeyli çətinlik çəkirlər. Tələbə yataqxanalarının azlığı və onların böyük əksəriyyətində məcburi köçkünlərin məskunlaşması ali təhsil almaq istəyənlərin işini daha da çətinləşdirir. Vəziyyətin belə olduğunu görən ev sahibləri də, kirayələrin qiymətlərini artırırlar. Qeyd edək ki, sözügedən situasiya mütəmadi olaraq hər il təkrarlanır.“Ən ucuz tələbə yataqxanasının biraylıq ödənişi 175 manatdır”

Universitetdə oxuduğu müddətdə qalmağa yer axtaranlardan biri də Yevlax rayon sakini Toğrul Məmmədlidir. O, bu il TQDK tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında tələb olunan balı toplayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. T. Məmmədli də tədris ili başlanmamışdan əvvəl Bakıya gəlib ki, özünə qalacaq yer təşkil etsin. Onun sözlərinə görə, qəbul olduğu ali təhsil ocağının iki yataqxanası var. Bu yataqxanaların birində məcburi köçkünlər məskunlaşdırılıb. Digərində isə təmir işləri aparılır. Ona görə də müsahibimiz özünə qalacaq yer tapmaq məcburiyyətində qalıb. Bakıdakı tələbə yataqxanalarının baha olması və kirayəyə verilən evlərin qiymətinin artırılması onu və ailəsini çətin vəziyyətə salıb: “Açığı, universitet seçimində onun yataqxanasının olmasını nəzərə almışdım. Qəbul olduğum ali təhsil ocağının yataqxanasının olduğunu  bilirdim. Universitetdə qeydiyyatdan keçməyə gəldiyim zaman öyrəndim ki, oxuyacağım ali təhsil müəssisəsinin yataqxanalarından birində məcburi köçkünlər yaşayır. Digər yataqxanaya tələbə qəbulunun olub-olmaması isə dərs ili başlayanda bəlli olacaq (məqalə dərs ili başlanmamışdan əvvəl yazılıb-red). Axtarıb tapdığım ən ucuz tələbə yataqxanasının biraylıq ödənişi 175 manatdır. Şəraiti isə qiyməti ilə uyğunluq təşkil etmir. Tələbə üçün yaxşı şəraiti olan yataqxanalar var. Amma onların da qiyməti 200 manatdan başlayır. Kirayə verilən evlərlə də maraqlanmışam. Birotaqlı kirayəyə verilən evin qiyməti isə 250 manatdır”. Müsahibimizin üzləşdiyi digər problem isə Bakı sakinlərinin oğlan tələbələrə kirayə ev vermək istəməmələridir: “Kirayənişin axtaranların əksəriyyəti oğlanlardansa tələbə qızlara daha çox üstünlük verirlər”. Ona ünvanladığımız “Ev sahibləri tələbə qızlara daha çox üstünlük vermələrinə səbəb kimi nəyi göstərirlər?”- sualımıza T. Məmmədlinin cavabı belə oldu: “Ev sahibləri mənə bildirdilər ki, tələbə qız kirayənişinlər qaldıqları otaqların səliqəliliyinə və təmizliyinə daha çox diqqət yetirirlər”.

“Qafqaz Universiteti tələbələrini hər cür şəraiti olan yataqxana ilə təmin edir”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Qafqaz Universitetinin oğlan yataqxanasının müdiri Rövşən Tahirov bildirdi ki, adıçəkilən ali təhsil ocağı tələbələrini keyfiyyətli təhsililə yanaşı, hər cür şəraiti olan yataqxana ilə də təmin etməyə çalışır: “Tələbələrimizə yüksək xidmət bizim əsas hədəfimizdir. Qafqaz Universitetinin həm qız, həm də oğlan yataqxanası fəaliyyət göstərir. Hər yataqxanamızda 300 tələbəlik yer var”. R. Tahirov qeyd etdi ki, Qafqaz Universiteti yataqxanadan heç bir qazanc əldə etmir: “Həm oğlan, həm də qız yataqxanaları tikməkdə məqsədimiz tələbələrimizin rahatlığını təmin etməkdir. Bir tələbə üçün yataqxanalarımızın aylıq qiyməti 160 manatdır. Tələbələrimizdən aldığımız aylıq yataqxana  pulunun hamısı onun yeməyinə xərclənir”. Müsahibimiz onu da əlavə etdi ki, universitetin  yataqxanasının olması həmin ali təhsil ocağında oxumaq istəyən gənclərin sayının da artmasına müsbət təsir edir. Tələbə yataqxanalarının böyük bir qismində məcburi köçkünlərin məskunlaşdığını xatırladan müsahibimiz əlavə etdi ki, artıq Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqlarına məxsus  yataqxanaların bir hissəsi təmir olunaraq tələbələrin istifadəsinə verilməkdədir: “Azərbaycanda şəraiti olan tələbə yataqxanaları azdır. Ümid edirik ki, yaxın gələcəkdə məcburi köçkünlərimiz dədə-baba yurdlarına qayıdacaq və yataqxanalar da tələbələrin istifadəsinə veriləcək”.

“Yataqxanaların olması universitet üçün böyük üstünlükdür”

Sosioloq Rəfail Həsənov isə bildirdi ki, hər il dərs ili başlananda Bakı başda olmaqla böyük şəhərlərin çoxunda sıxlıq yaşanır. Bunun nəticəsində də kirayə evlərin, yataqxanaların qiymətləri artır. Tələbələrin qalacaq yer probleminin artıq ənənəyə çevrildiyini deyən həmsöhbətimiz qeyd etdi ki, ali təhsil almaq istəyən gənclərin qalacaq yer probleminin həll edilməsinə birinci növbədə universitetlər maraqlı olmalıdırlar: “Dünya təcrübəsinə nəzər salsaq görərik ki, tələbə yataqxanalarının olması universitetlər üçün böyük üstünlükdür. Çünki xaricdə universitet seçərkən tələbələrin diqqət etdiyi əsas məsələlərdən biri oxumaq istədiyi ali təhsil ocağının yataqxana şəraitinin olub-olmamasıdır. Bəzi şəhərdə qohumu olmayan azərbaycanlı tələbələr də son vaxtlar yataqxanası olan universitetlərdə oxumağa daha çox üstünlük verirlər. Amma təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən universitetlərin böyük bir qisminin ciddi yataqxana problemi var”. R. Həsənov sözügedən problemin həlinin dünya təcrübəsindən istifadə etməklə mümkün olduğunu vurğuladı: “Universitetlərimiz ABŞ və dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi, kampus sisteminə keçməlidirlər. Belə ki, hər bir universitetin öz şəhərciyi olmalıdır. Ali təhsil ocaqları şəhərciklərində tələbələrinin rahatlığını təmin etmək üçün hər cür şərait yaratmalıdırlar. Mümkün qədər tələbələrini qalacaq yerlə təmin etmək məqsədilə yataqxanalar tikməlidir”. Universitetlərin bütün tələbələrini öz yataqxanasında yerləşdirməyin çətinliyinə də toxunan R. Həsənov bunları dedi: “Ali təhsil ocaqlarının bütün tələbələrini yataqxana ilə təmin etmək imkanının olmaması təbiidir. Buna baxmayaraq, universitetlərdə tələbələrinin çətinlikləri, problemləri ilə maraqlanan tələbə xidmət mərkəzləri (TXM) fəaliyyət göstərməlidir. Hansı ki, bu mərkəz tələbələrinin qalacaq yer probleminin də həll olunmasına çalışmalıdır. Universitetdə TXM-in olması ABŞ ilə yanaşı, dünyanın bir çox inkişaf etmiş ölkələrinin ali təhil ocaqlarında geniş yayılmış təcrübədir. Məsələn, ABŞ-ın Braun Universitetində TXM kirayənişin tələbə axtaran ev sahibləri ilə müqaviləli şəkildə əməkdaşlıq edir. Beləliklə də, tələbələrin qalacaq yer probleminin həll olunmasına çalışırlar”.  “Azərbaycanda fəaliyyət göstərən universitetlərin əksəriyyəti şəhərlərdədir. Bir-iki universitetdən başqa, heç birinin regionlarda filialları yoxdur”,-deyən R. Həsənov qeyd etdi ki, universitetlərin regionlarda filiallarının olması ali təhsilin bütün ölkə vətəndaşları üçün əlçatanlığının təmin edilməsi, tələbələrin yataqxana probleminin həll olunması və valideynlərin ailə büdcəsinə qənaət etməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Elvin Əliyev