“Ölkəmizdə çirkli göllərdən toplanan duz xarici məhsul adı ilə əhaliyə satılır”

0
448

Bir müddət öncə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkə bazarlarında, xüsusilə də bölgələrdəki topdansatış mərkəzlərində qışda yollara tökmək üçün istifadə olunan duzun qablaşdırılaraq yodlu duz adı ilə əhaliyə satıldığı barədə açıqlama vermişdi.

Bəs, görəsən, hər kəsin təəccübünə və narahatlığına səbəb olan bu açıqlama veriləndən sonra bununla bağlı hər hansı bir tədbir görülübmü? Hazırda vəziyyət nə yerdədir? Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün elə Eyyub Hüseynovun özünə müraciət etdik. Onun sözlərinə görə, hazırda ölkədə satılan keyfiyyətsiz duzların çoxu müxtəlif mənbə və çirkli göllərdən toplanan duzlardır: “Müxtəlif qablarda qablaşdırılaraq xarici istehsal kimi istehlakçılara satılan bu duzlar texniki istifadəyə belə yaramır. 2001-ci ildə qəbul olunan qanunla yodsuz duzun satışının qadağan edilməsinə baxmayaraq, bu məsələ ilə bağlı çox təəssüflər olsun ki, heç bir tədbir görülmür. Bu gün də mənə bir neçə yodsuz duz markaları gətirilib. Hazırda respublikanın bir çox yerində yodsuz duzların satılması prosesi davam edir. Mağazalarda satılan elə duzlar var ki, onu mağaza özü qablaşdırır. Bundan əlavə, Rusiyadan gətirilmiş “Soul” adlı duz markası tərkibində yod olmasa da, yodlu duz adı ilə istehlakçıya təqdim olunur. Həmçinin “Ballı duz” adlı duzları da, dükanlar özü qablaşdırırlar. Bu duzlar təmizlənməmiş və yodsuz duzlardır. Ukraynanın “Artisan soul” markasının adı altında saxta “Artisan soul” duzları satılır. Həmin bu duzlar küçələrə səpilmək, dəri duzlamaq üçün istehsal olunur. Çünki bu duzlar təmizlənmir və yodlaşdırılmır. Ancaq bizdə bu duz markasından qida sənayesində istifadə olunur. Bu duzların idxalına və satışına məhdudiyyət qoyulması üçün bir neçə gün öncə İqtisadi İnkişaf Nazirliyinə, Səhiyyə Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Dövlət orqanları bu işi ictimai təşkilatların üzərinə atırlar. Bu işə dövlət orqanları nəzarət etməlidirlər. Bizə məlumat göndərirlər ki, onlar harada istehsal olunur tapın və bizə bildirin. Bu isə məsələyə primitiv yanaşmaqdır. Bu haqda bütün dövlət orqanlarına məlumat verməyimizə baxmayaraq, vəziyyət hələ də dəyişməyib. Keyfiyyətsiz duzlar hələ də satılmaqda davam edir”.

“Keyfiyyətsiz duzlar haqqında bizə faktlar, konkret bir marka, ad vermək lazımdır”

“Ölkəmizdə cari ilin noyabr ayına qədər müvafiq qurumlar tərəfindən bütün məhsullara nəzarət olunur, tez-tez yoxlamalar aparılırdı”. Bu sözləri isə qəzetimizə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı dedi.

“Noyabr ayının 1-dən sonra qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, yeni qanunun qəbulu ilə sahibkarlıq sahəsində yoxlamalar dayandırıldı. Bu məsələlər planlı yoxlama şəkildə deyil, başqa bir müstəvidə həyata keçirilməyə başladı. Komitəmiz məhsul nümunələrini satışdan götürərək laboratoriyada sınaqlardan keçirir, məhsulun keyfiyyətini, təhlükəsizliyini, standartlara uyğunluğunu araşdırır. Hər hansı bir nöqsan, tələblərin pozulması faktı aşkar edilərsə, cərimələr tətbiq edilir. Ancaq təəssüflər olsun ki, bizdə bu cərimələr aşağıdır. Cərimələrin aşağı olması sahibkarı lazımi dərəcədə məsuliyyət hissi daşımaqdan yayındırır. Buna görə də bəzən sahibkarlar bu kiçik cərimələri ödəyib yenidən əvvəlki fəaliyyətlərinə davam edirlər. Bizə konkret bir məhsul barədə şikayət edilərsə, biz həmin o məhsul haqqında ətraflı araşdırma apararıq. Araşdırmanın nəticəsində bir söz deyirik. Keyfiyyətsiz, yodsuz duzlar məsələsinə gəldikdə isə, biz bu sahədə problem görmürük. Əksinə, son zamanlar ölkəmizdə keyfiyyətli duzlar istehsal olunur. Xaricdən gətirilən duzun həcmi xeyli azalıb. Bir neçə il bundan qabaq belə bir problemlə üzləşmişdik. Araşdırmalar zamanı Abşeron rayonu ərazisində duzun kustar qablaşdırılması və istehsalı aşkar olunmuşdu. Bu haqda mətbuata da məlumat vermişdik. Ancaq son bir neçə ildə bu barədə ciddi bir fakt aşkar edilməyib. Ümumiyyətlə, bizə ünvanlanan hər bir müraciət araşdırılır, məhsuldan nümunələr alınır və laboratoriyaya göndərilir. Həmin məhsul sınaqlardan keçirilir və nəticəsi barədə müraciət ünvanlayan quruma məlumat verilir. Keyfiyyətsiz duzlar haqqında da bizə faktlar, konkret bir marka, ad vermək lazımdır. Ümumi məhsul haqqında rəy bildirərək istehlakçını çaşdırmaq lazım deyil. Əgər bu haqda bizə bir nümunə verilərsə, biz onu araşdıracaq və lazımi tədbirləri görəcəyik”.

 

Nərmin Haqverdiyeva