Ölkəmiz beynəlxalq aləmdə siyasi nüfuzunu daha da artırır

0
310

Azərbaycan Prezidentinin  xarici siyasət kursunun  əsas istiqamətlərini beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması, beynəlxalq aləmlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi təşkil edir. Bundan başqa, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi də əsas yerlərdən birini tutur. Bununla da Azərbaycan təkcə regionda deyil, bütövlükdə beynəlxalq aləmdə öz siyasi nüfuzunu daha da artırır.

Son günlər cənab İlham Əliyevin Rusiya Federasiyasına və Xorvatiyaya səfərləri çərçivəsində əldə olunmuş razılıqlar, imzalanmış sənədlər Azərbaycanın rəsmi xarici siyasət kursunun günün tələbləri səviyyəsində inkişaf etdiyini bir daha təsdiqləyib. Bu, həm də ölkəmizin xarici siyasətdə fəallığı ilə seçildiyinin bariz nümunəsidir

Cənab İlham Əliyevin bu səfərləri tanınmış politoloqlar tərəfindən təqdir olunmaqdadır. Məsələn, Rusiyanın tanınmış politoloqu Qriqori Trofimçuk Rusiya və Azərbaycan prezidentlərinin Soçidə keçirilmiş görüşünü onilliyin ən mühüm görüşü kimi xarakterizə edərək bildirib ki,  Azərbaycan özünü regionda Moskvanın daha etibarlı tərəfdaşı olduğunu göstərir ki, bu da artıq özlüyündə siyasi kapitaldır: “Bu mənada onu tez-tez strateji tərəfdaş adlandırırlar, hərçənd ki, Azərbaycan Ermənistan kimi nə Avrasiya İqtisadi Birliyinə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayıb”.

Tanınmış  politoloq Pavel Klaçkov isə qeyd edib ki,  Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır.  O, həmçinin vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında yaxşı münasibətlər olmasa, bir sıra ölkələrin iqtisadi və təhlükəsizlik problemlərinin həlli mümkün deyil: “Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Biz başa düşürük ki, Hindistana gedib çıxan bu nəqliyyat dəhlizi (Şimal-Cənub nəqliyyat dəhlizi) Rusiya üçün çox vacibdir”.  O, iqtisadi əlaqələrin genişlənməsində Bakının rolunu xüsusu vurğulayıb.

Rusiyalı digər ekspert Stanislav Pritçin isə Prezident İlham Əliyevin bu səfərini belə dəyərləndirib: “ Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması zamanı prezidentlərimiz arasında Aktaudakı görüşdən cəmi üç həftə sonra həyata keçirilən bu səfər kifayət qədər maraqlıdır. Soçi səfərinin gündəliyi də beştərəfli formatda keçirilən görüşlərdən daha genişdir”.

Bir sözlə, onların  fikrincə, bu əlaqələrin daim inkişaf etdirilməsi bütövlükdə regionun, eləcə də dünyanın tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sentyabrın sonlarında Vladimir Putinin Bakıya səfəri gözlənilir. Politoloqlar bunu Soçi müzakirələrinin davamı kimi dəyərləndirirlər.

Politoloq Fikrət Sadıqov isə Rusiya ilə yanaşı, Prezident İlham Əliyevin Xorvatiya səfərini də əhəmiyyətli səfər kimi xarakterizə edib: “Xorvatiya Balkan yarımadasında çox ciddi oyunçudur. Üstəlik, Avropa Birliyinin üzvüdür, NATO-da təmsil olunur. Xorvatiyanın bizə münasibəti müsbətdir. Azərbaycan liderinin apardığı siyasətin nəticəsi olaraq Xorvatiya bütün platformalarda Azərbaycanı dəstəkləyir… Demək olar ki, Xorvatiya Azərbaycanın strateji tərəfdaşı halına gəlir”. Politoloq, həmçinin vurğulayıb ki, Xorvatiya enerji layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıq fikrindədir. Belə ki, Xorvatiya neft və qaza tələbatının təxminən 50 faizini idxal hesabına ödəyir. Azərbaycanın təşəbbüskarı olduğu və 7 ölkəni birləşdirən “Cənub Qaz Dəhlizi” ilə yaxın iki ildə Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq ki, şübhəsiz, Xorvatiya da bu qlobal layihədən yararlanmaq niyyətindədir. Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç çıxışında bildirib ki, bu gün münasibətlərimiz elə səviyyədədir ki, artıq Xorvatiyanın Azərbaycanda səfirliyinin açılmasının vaxtı çatıb və Xorvatiya tərəfi bu barədə qərar qəbul edib.

Bütün bunlar isə o deməkdir ki, cənab İlham Əliyev milli maraqlar çərçivəsində əldə olunan razılıqlar əsasında bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənən xarici siyasət kursu həyata keçirir. Bu mənada Prezident İlham Əliyevin hər səfəri həm Azərbaycanın, həm də həmin ölkələrin hərtərəfli inkişafına yeni töhfələr verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”