Ölkədə pakistanlı işçilərin sayı sürətlə artır

492
Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda işləyən əcnəbi vətəndaşların rəsmi sayı 21 min 785 nəfər olub. 
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görə, bu göstərici, ilin əvvəli ilə müqayisədə 27,2% çoxdur. Bu isə o deməkdir ki, bu ilin ilk 10 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 4 min 658 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb.  Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları üstünlük təşkil edir. Əcnəbilərin təxminən 70%-i bu 3 ölkənin, qalanı isə 101 ölkənin payına düşür. Hazırda Azərbaycanda 11 min 606 Türkiyə vətəndaşı çalışır ki, bu da fərdi uçot sistemində qeydiyyatda olan əcnəbi ölkə vətəndaşlarının yarıdan çoxunu – 53,2%-ni təşkil edir. Bu il işləmək üçün Azərbaycana təşrif gətirən Türkiyə vətəndaşlarının sayı 1758 nəfər olub. Bundan başqa Azərbaycanda 2 min 459 nəfər Gürcüstan, 1249 nəfər Rusiya vətəndaşlı işləyir. Azərbaycanda işləyən əcnəbi ölkə vətəndaşlarının sıralamasında növbəti yerdə 851 nəfərlə İran, 730 nəfərlə Çin vətəndaşları qərarlaşıb. İlk onluğu Hindistan (592 nəfər), Pakistan (462 nəfər), Böyük Britaniya (328 nəfər), Ukrayna (236 nəfər) və Özbəkistan (235 nəfər) vətəndaşları tamamlayır. Növbəti yerlərdə isə Banqladeş (201 nəfər), Filippin (188 nəfər), Almaniya (181 nəfər), Türkmənistan (180 nəfər), ABŞ (157 nəfər), Qazaxıstan (152 nəfər), İtaliya (140 nəfər), Cənubi Koreya (134 nəfər), Bosniya və Hersoqovina (132 nəfər), Malayziya (103 nəfər) və digər ölkələrin vətəndaşları qərarlaşıb.

DSMF-nin açıqladığı rəqəmlərə əsasən deyə bilərik ki, 2014-cü ildə Azərbaycana işləmək üçün gələn əcnəbilərin sayında ən ciddi artım Pakistan vətəndaşlarında qeydə alınıb. İlin əvvəlində Azərbaycanın əmək bazarında bu ölkəni 156 nəfər təmsil edirdisə, hazırda bu rəqəm 3 dəfəyə yaxın artaraq 462-yə çatıb. Pakistan vətəndaşlarından sonra Azərbaycana gələn əcnəbilər arasında ən çox artım Çin (80,7%) və Ukrayna (59,4%) vətəndaşlarının sayında qeydə alınıb.

DSMF-nin məlumatına görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2%-ini (19 min 419 nəfər) kişilər, 10,8%-ini (2 min 339 nəfər) isə qadınlar təşkil edir.