Ölkədə hər 130 nəfərə bir POS-terminal düşür

634

Azərbaycan ərazisində quraşdırılan POS-terminalların ümumi sayı cari ilin əvvəlindən 5,7% və ya 4 157 ədəd artaraq oktybarın 1-nə 77 170 ədədə çatıb. Mərkəzi Bankdan verilən xəbərə görə, terminalların 62,8%-i və ya 48 478 ədədi Bakı, 37,2%-i və ya 28 692 ədədi regionların payına düşüb. Paytaxtda terminalların sayı ilin əvvəlindən 3,1% azalıb, regionlarda isə əksinə, 25% artıb.

Oktyabrın 1-nə ölkədə əhalinin hər 130 nəfərinə bir POS-terminal düşüb ki, bu da həmin göstəricinin ilin əvvəlindən dəyişməz qalmasını göstərir.

Qeyd edək ki, vegilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclasında çıxışında bildirib ki, bu ilin yanvar-sentyabr ayları ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb.

Yəni, Vergilər Nazirliyi ilin əvvəlindən 13 min terminal quraşdırıldığını dediyi halda, Mərkəzi Bankın statistikasına əsasən, bu göstərici cəmi 4 157 ədəd olub. Nəticədə, ölkədə quraşdırılan terminalların sayı Vergilər Nazirliyi tərəfindən 7 830 ədəd artıq, yaxud da Mərkəzi Bank tərəfindən bir o qədər az qeydə alınıb.

Kredit kartlarının sayı azalıb

Azərbaycanda kredit kartlarının ümumi sayı cari ilin əvvəlindən 13% azalaraq oktyabrın 1-nə 1,133 mln. ədəd təşkil edib. Bu müddətdə ölkədə dövriyyədə olan cəmi ödəniş kartlarının sayında 5,3% azalma müşahidə olunub. Hesabata əsasən, ödəniş kartlarının 42%-i və ya 2,386 mln.-u sosial kartlar, 26%-i və ya 1,471 mln.-u əmək haqqı kartları, 11,6%-i və ya 657 min ədədi digər debet kartları, 20,1%-i və ya 1,133 mln.-u isə kredit kartlarının payına düşüb. İlin əvvəli ilə müqayisədə əmək haqqı kartlarının satında 1,7% azalma, sosial kartlarda isə 1,9% artım qeydə alınıb.

Hesabata görə, sentyabr ayında ölkədə kredit kartları ilə ümumilikdə 179 mln. manat həcmində 1,462 mln. əməliyyat həyata keçirlib.

Bankomatların sayı isə artıb

Azərbaycanda quraşdırılan bankomatların (ATM) ümumi sayı cari ilin əvvəlindən 3,8% və ya 99 ədəd artaraq oktybarın 1-nə 2 707 ədədə çatıb. Bankomatların 56,2%-i və ya 1 522 ədədi Bakı, 43,78% və ya 1 185 ədədi regionların payına düşüb. Paytaxtda bankomatların sayı ilin əvvəlindən 3,5%, regionlarda isə 4,2% artıb.

Cari il oktyabrın 1-nə ölkədə əhalinin hər 3,6 min nəfərinə bir bankomat düşüb. İlin əvvəlində həmin göstərici 3,7 min nəfər olub. Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi isə ilin əvvəlindən 27,5% azalaraq 287,1 min manata düşüb.