“Oğlumun əlil arabasına məhkum olmasını istəmirəm”

597

Mingəçevir şəhəri,  M.Hüseyin  kücəsi 10, mənzil 7  ünvanında  yaşayan gənc ana Vəfa Fətəliyeva 13 yaşlı oğlunun əlil arabasına məhkum olmasını istəmir.

13 yaşlı İbrahim təcili əməliyyat olunmasa, əlil arabasına məhkum olacaq. Belə ki, anadangəlmə hər iki ayağının pəncə əyriliyi və yastılığı diaqnozu ilə yaşayan 13 yaşlı İbrahim bu gün yeriməkdə çox çətinlik çəkir. Tək yaşayan ana imkanlı şəxslərə üz tutub onlardan oğlunun Türkiyədə əməliyyatına kömək istədiyini deyir: “Hələ uşaq ana bətnində olanda həkimlər dedilər ki, o, bədəndən xaric olmalıdır. Onda uşaq 8 aylıq idi. Onu neçə xaric edə bilərdim, Allahdan qorxdum.

Uşaq dünyaya gələndə hər iki ayağı qüsurlu doğuldu. Elə həmin gündən uşağın atası bizi atıb Rusyaya üz tutdu. Dedi ki, mənə şikəst uşaq lazım deyil. Artıq 13 ildir tək tənha, gözümün ağı-qarası olan oğlumla yaşayıram. İki dəfə əməliyyat etdirmişəm. Lakin yenə ayaqları üstündə ağrılardan  dayana bilmir.

Bakı şəhərində Elmi Tədqiqatlar İnstitutuna apardım. Cəbrayıl həkim də baxdı: ”Ümumiyyətlə, hansı həkim baxdısa, dedi, bizlik deyil. Ancaq bunun əməliyyatı Türkiyədədir. İbrahimə 3 dəfə əməliyyat olunmaq üçün 20 min dollar vəsait lazımdır. Həkimlər deyirlər ki,onun ayaqlarına elə mil qoyulmalıdır ki, heç olmasa 70-80 il çəksin. “Kapital bank”da hesab açılıb. Bu məbləğ mənim üçün əlçatmazdır. Tək qadınam, 130 manat məvacib alıram. Bir də uşağın 80 manat pensiya pulu ilə dolanırıq. Məcbur qalıb uşağın atasını Rusyada axtarıb tapdırdım. Mənə  xəbər göndərdi ki, baxa bilmirsən, apar uşaq evinə qoy. Mən gözümü bu uşağa dikmişəm. Gəncliyimi, həyatımı ona həsr etmişəm. Necə onu uşaq evinə qoya bilərəm? Artıq o, gənc oğlandır. İmkanlı şəxslərə üz tuturam. Qoymayın balam əlil arabasına məhkum olsun. Onun da arzuları var”.

Esmira hidayətova, Mingəçevir