“Oğlumu bu günə qoyan erməni tibb bacısı oldu”

878

Mingəçevir sakini Zənifə Hüseynova 32 ildir oğlu Zakiri uzanıqlı vəziyyətdə əlil arabasında daşıyır. Bütün çətinliklərə rəğmən, Zənifə ananın iradəsi zəifləməyib. Bu günlərdə Zənifə ana ilə həmsöhbət olub oğlu Zakirlə bağlı ona bir neçə sual ünvanladıq. O dedi: “Bala, oğlum Zakir yaşyarımlıq olanda ona peyvənd vurulmalı idi. O zaman da bizim sahə tibb bacısı adını unutduğum bir erməni qadın idi. Həmin erməni qadın da uşağı heç bir tibbi müayinədən keçirmədən ona iynə vurdu. İnandırım sizi, həmin iynədən sonra oğlum düz 3 gün özünə gəlmədi. Üstəlik, vəziyyəti getdikcə pisləşdi. Sonradan həkimlərə müraciət etdim, dedilər ki, bəs uşaq iflicdir. Elə o vaxtdan da uşağımın qara günləri elə başladı”. Həmin günlərdə bir valideyn kimi mənəvi sarsıntılar keçirdiyini söyləyən Zənifə ana daha sonra dedi: “İndi oğlum Zakirin 32 yaşı var. 30 ildən çoxdur ki, o yatağa, bu əlil arabasına məhkumdur. Bəli, mən onu bu vəziyyətdə saxlayıram… O qədər əzab-əziyyət çəkmişəm ki…heç bilmirəm hansını deyim. Yəni onları sadalamaqla qurtarmaz”.

Amma söhbətinin bu yerində Zənifə ana bir məsələni xüsusi vurğuladı: “Zakirin 4-5 yaşı olanda mənə dedilər ki, Zakiri uşaq evinə yerləşdir, canın dincəlsin… Zakir də bu məsləhətdən duyuq düşdü və birdən: “Mama yox, mama yox”, – deyərək yalvarıcı nəzərlərlə mənə tərəf baxdı. İndi də onun həmin sözləri qulaqlarımdan cingildəyir, üzündəki qeyri-adi cizgilər xatiratımdan canlanır. Onda ana-bala bir-birimizə elə sarıldıq ki, elə sarıldıq ki… Əgər belə demək mümkünsə, elə o sarılanıq. Yenə deyirəm, oğlumun yolunda çox əziyyətlərə qatlaşdım… Amma inandırım sizi, o, hər dəfə gülümsəyib üzümə baxanda nəinki çəkdiyim əziyyətləri, dünyanı belə unuduram”.

Bu sözlərdən sonra Zənifə ana bir qədər də kövrəldi: “Nə gizlədim, bala, onu qaldırıb-yatırmaqdan artıq səhhətimdə müəyyən problemlər əmələ gəlib. Bilirsiniz də, bunun həyəti var, orası-burası var. Onu də deyim ki, demək olar ki, hər gün Zakiri həyətdə, parkda gəzdirirəm. Amma yaşımın üstünə yaş gəldikcə hiss edirəm ki, getdikcə taqətim tükənir. Amma bunu da özümə dərd etmirəm: ömrümün sonuna kimi balamın qulluğunda duracağam”.

Onu da qeyd edim ki, Zənifə xanımın ailəsi imkanlı deyil. Aldığı 140 manat pensiya ilə calışır ki, Zakirin gündəlik tələbatını ödəsin. Elə bu səbəbdən oğlunu heç də bahalı müayinələrə də cəlb edə bilməyib. Amma Zənifə xanım əsla sızlamadı, sadəcə, ümidim Allahadır dedi: “Və ondan da kömək gözləyirəm”.

Zənifə ana ilə söhbət edə-edə Zakirə göz qoymağa çalışırdım. Və birdən gördüm ki, o da nəsə demək istəyir. Amma onun söylədiklərindən bir şey başa düşmədim. Zənifə ana dedi ki, Zakir danışa bilməsə də, zehni yaxşıdır. Sadəcə, onun nə istədiyini anlamağa çalışanda Zənifə ana bildirdi: “Bala, Zakir sənə çoxlu dostları olduğunu demək istəyir”. Mən də: “Zakir, qoy həmişə onların sayı çox olsun”, – dedim. Deyəsən, bu sözlərim onun xoşuna gəldi. Odur ki, Zakir başı ilə mənə öz minnətdarlığını da bildirdi.

Esmira Hidayətova, Mingəçevir