“Oğlan uşaqları atalarından çox, müəllimlərindən “kişilik dərsi” öyrənirlər”

622
40 illik peşə təcrübəsi olan təqaüdçü tarix müəllimi Famil Məmmədli: “Oğlan şagirdləri kişi müəllimlərindən hər zaman ehtiyat edirlər. Bu qorxu müəyyən yaş dövrü üçün nizam-intizam qaydalarına əməl edilməsində vacib məsələdir. Yuxarı siniflər qadın müəllimələrin mülayimliyindən istifadə edərək təlimdən yayınırlar”.
Uşaqların tərbiyə olunmasında nəzərə alınmalı bir çox nüanslar vardır ki, bunlardan biri də cins məsələsidir. Yəni xüsusən də oğlan uşaqlarının tərbiyə prosesində ana ilə yanaşı ata da hökmən iştirak etməlidir. Təəssüf  ki, Azərbaycan reallığı ataların daim iş başında olduğunu və evdə çox az səmərəli zaman keçirdiyini göstərir. Bu səbəbdən oğlan uşaqlarının davranışlarında bəzi əskikliklərin şahidi oluruq. Belə ki, dırnağa boya çəkmək, ev işlərinə maraq göstərmək, evcik-evcik oynamaq, analarının bəzək-düzək ləvazimatlarına hədsiz maraq göstərmək, qız kimi saç yığmaq və s. hallarla tez-tez qarşılaşırıq. Bu, oğlan uşaqlarının daim qadın əhatəsində olması, onlardan tərbiyə alması ilə bağlıdır. Gününün çox hissəsini evdə olan uşaq ana və nənəsi ilə ünsiyyətdə olur, bağça yaşına çatır, qadın tərbiyəçidən nələrisə öyrənir. Məktəbə başlayır, ilk müəllimi qadın olur. Beləliklə, oğlan uşaqları daim qadın nəzarətində, onun psixologiyasında tərbiyə alır. Ali məktəbə də qəbul olmursa, birbaşa bu psixologiya ilə əsgərliyə yollanır. Elə ailələr də var ki, ailə başçısı evinin tələbatlarını qarşılamaq üçün uşaqlarından uzaq düşərək başqa ölkədə işləməyə məcbur qalır. Bu səbəbdən ailə başçısı nəinki onların tərbiyəsi ilə məşğul ola bilmir, hətta üzlərini belə gec-gec görür. Tərbiyə prosesində məktəblərimiz valideynlərə yardımçı kimi çox böyük rol oynayırlar. Lakin çox təəssüf get-gedə kişi müəllimlərinin sayı azalmaqdadır. Hətta fikir versək görərik ki, son zamanlar qadın məktəb direktorlarının sayı necə artıb. Yaşlı, təqaüdə çıxmış müəllimləri nəzərə almasaq, məktəblərimizdə, doğrudan da, bu barədə ciddi kadr çatışmazlıqları var.

 

Müəllim: “Oğlan şagirdlər kişi müəllimdən hər zaman ehtiyat edirlər”

Bir çoxlarının fikrincə, oğlan uşaqları atalarından çox, müəllimlərdən vətənpərvərlik, sözübütövlük, qorxmazlıq, dostluq, qoruyuculuq, bir sözlə, “kişilik dərsi” öyrənirlər. Məktəb müəllimlərinin aylıq məvacibləri bir ailəni təmin etmədiyindən gənclər arasında bu peşəyə maraq azalıb və onda belə çıxır ki, bizdən sonrakı nəsillər cılızlaşmağa doğru gedərək, onlarda kişi xarakteri problemi yarana bilər. Təhsil sahəsində bu barədə ciddi tədbirlərə ehtiyac hiss olunur. Mövzumuzla bağlı 40 illik peşə təcrübəsi olan təqaüdçü tarix müəllimi Famil Məmmədlinin fikirlərini öyrəndik.

Famil müəllim 17 il tədris hissəsi üzrə müdir müavini vəzifəsində çalışıb. O, təcrübəsinə əsasən deyir ki, oğlan şagirdləri kişi müəllimlərindən hər zaman ehtiyat edirlər. Bu qorxu müəyyən yaş dövrü üçün nizam-intizam qaydalarına əməl edilməsində vacib məsələdir. O bildirdi ki, yuxarı siniflər qadın müəllimələrin mülayimliyindən istifadə edərək, təlimdən yayınırlar. Eyni zamanda dözümlülük, tədbirlilik, qeyrətlilik, cəsarətlilik, bir sözlə, kişiyə xas xüsusiyyətləri kişi müəllimindən öyrənirlər: “Mən dərs dediyim dövrlərdə bir çox oğlan şagirdlərim hərbi məktəblərə qəbul oldular. Uzun illər sonra əsgər oğlumun yanına görüşə gedərkən onun briqada komandiri mənə yaxınlaşıb əlimi sıxdı, qucaqladı. Sən demə, şagirdim olub. Ona əsl Vətən sevgisini aşıladığıma görə mənə minnətdarlığını bildirdi. Bu cür hallarla tez-tez qarşılaşıram. Lakin görürəm ki, indiki gənclərdə vətənpərvərlik hissi azdır”.

 

“Məktəbdə qadın müəllimələrin də rolunu danmaq olmaz”

Famil Məmmədli gənc kişi müəllimlərinin bu peşəyə maraq göstərməməsini onların hüquq və imtiyazlarının aşağı səviyyədə olması ilə əlaqələndirdi: “Bu zamanda heç bir kişi müəllimliklə ailəsini dolandıra bilməz. Gənc oğlan, deyək ki, məktəbdə müəllim işlədi, ayda 150-200 manat məvacib aldı, bununla o necə ailə quracaq, necə ev sahibi olacaq? Müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması tək Təhsil Nazirliyinin deyil, bir çox qurumların, orqan və təşkilatların işidir. Bu şərəfli peşədən üz döndərməsinlər deyə, gənc kadrlara daimi dəstək olmaq lazımdır”. Sonda Famil müəllim onu da əlavə etdi ki, səhv anlaşılmasın, məktəbdə qadın müəllimələrin rolunu danmaq olmaz. Onların səbrinə, nəvazişinə, həlim ürəyinə hər zaman ehtiyac vardır: “Məsələ burasındadır ki, necə evdə ana övladının eyiblərini atadan gizlədir, ört-basdır edir, eləcə də qadın müəllimələri ürəklərinin yumşaqlığından lazım olan yerdə sərt tədbir görə bilmirlər. Bu isə yuxarı siniflərdə müəllimələrin sinfi ələ ala bilməməsilə nəticələnir”.

Tükəzban Məmmədli, Rasim Məmmədli