“Ögey ana”nın Zeynəbi, “Görüş”ün Pambıqçısı

457

Bu gün aktrisa Şəfiqə Qasımovanın vəfatından 9 il ötür.

Ögey ananı ana kimi qəbul etmək istəməyən balaca İsmayılın kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılan Həbib İsmayılovun çəkdiyi “Ögey ana” filminə kim baxmayıb ki? Ya da Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostuluğunu özündə əks etdirən Tofiq Tağızadənin “Görüş” filminə? Bu filmlərin uğurlu alınmasında, heç şübhəsiz ki, yaradıcı heyətin əməyi böyükdür. Onların arasında Əməkdar artist Şəfiqə Qasımova da var. Özü də o, “Ögey ana”da Zeynəb, “Görüş”də isə Pambıqçı (titrlərdə yoxdur) obrazlarını canlandırıb. O həmçinin “Vulkana doğru” və “Bizim məhəllənin uşaqları”, “Manifest”, “Milli bomba”, “Yoxlama”, “Məkanın melodiyası” və başqa filmlərdə də rol alıb.

Bir faktı da qeyd edək ki, 1965-ci ildə ekranlaşdırılan “Arşın mal alan” filminin əsas uğurlarından biri də burada musiqilərin çox gözəl səslənməsidir. Operetta janrındakı filmdə Həsən Məmmədov, Leyla Şıxlınskaya, Hacımurad Yegizarov, Lütfəli Abdullayev, Səfura İbrahimova kimi sənətkarlar olsa da, filmin uğur qazanmasında mahnıları ifa edən Firudin Mehdiyev, Rauf Atakişiyev, Sona Mehdiyeva, Şəfiqə Qasımova kimi müğənnilərin də xidmətləri danılmazdır.

Bir neçə kəlmə də 84 yaşında dünyasını dəyişmiş Şəfiqə xanımı həyatı barədə… Balaca yaşlarında valideynlərini itirmiş, nənəsi tərəfindən böyüdülmüş Şəfiqə xanım 14 yaşında maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlayıb. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət edib. Daha sonra isə o, Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilib. Opera səhnəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında Asiya, “Koroğlu”da Xanəndə qız, Fikrət Əmirovun “Sevil”ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa edib, Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olub. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlayıb. Burada “Gözün aydın”, “Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Qızılaxtaranlar”, “Toy kimindir”, “Boşanib evlənərik”, “Ulduz”, “Qayınana”, “Nazxanım naz eləyir”, “Milyonçunun dilənçi oğlu”, “Hicran”, “Keto və Kote” və sairə tamaşalarda müxtəlif rollarda çıxış edib.

O, 1994-cü ildən Mədəniyyət Fondunun “Solmayan ulduzlar” kollektivinə dəvət edilib. Burada oynanılan Səməd Vurğunun “Vaqif” tamaşasında Xuraman, Cəfər Cabbarlının “Solğun çiçəklər”ində Gülnisə obrazlarını yaradıb.

Qvami