Odla və suyun arasında

52

 

(Həyatın içindən)

“I am Diogenes – the Dog. I nuzzle the kind,

bark at the greedy and bite scoundrels.”

“Mən Diogen – İtəm. Mən xeyirxahları oxşayıram,

tamahkarlara hürürəm, əclafları isə qapıram”.

 

 

Simuzər xanım toyuqlarını düdüləyib axşam dənini səpəndə gözlərinə inanmadı. Bir il əvvəl nəvəsinə hədiyyə etdiyi çolpa indi yetkin bir toyuq kimi dənlənirdi qarşısında. Heyrəti bütün vücuduna sirayət etsə də, özünü toparlayıb evə tələsdi. Osman müəllim həyat yoldaşını sakitləşdirməyə çalışaraq:

– Bir dayan görüm. Bu qədər lovxəbər olma, sən Allah. Elə bil, bu dəqiqə qiyamət qopacaq. Touyq touyğa, heyvan heyvana oxaşayar da, bəxtəvərin qızı. Bəlkə fikir verməmisən, elə həmişə bu həyətdə olub verdiyin çolpanın bənzəri. Yox…, qonum-qonşunun toyuğu olarsa, bir azdan kimsə səslənəcək. Qadın heç vaxt o boyda toyuğu itirib evində sakit oturmaz.

Simuzər xanım həyat yoldaşının fikrinə hörmət bəsləyərək bir qədər toxtasa da, çil toyuğun özününkü olduğuna inamı, yaşıl kövşəninin sinəsini qaraldan payız şumu kimi beyninə yazılıb getdi.

***

O axşam çil toyuğun yiyəsindən səs çıxmadı. Simuzər xanım qızına zəng edib çil toyuğun hinində olub-olmaması ilə maraqlanmaq istədi. Dəstəyi götürüb, əlində ilan tutmuş kimi tez də yerinə qoydu. Bir neçə gün əvvəl qızının çil toyuğun yoxa çıxması haqqında sözü yadına düşdü:

– Ay qızım, sahibsiz itlər, tülkü, yaxud çaqqal tuta bilər. Fikir eləmə, Allahın bərəkətindən bu il də çolpalarımız çoxdur, payızqabağı verərəm.

Qızı:

– Qonşularımdan da şübhələnirəm, – deyəndə, ana qarşı çıxıb, bir yumurtadan əmələ gələn toyuqdan ötrü qonşularla üz-göz olmamağı məsləhət görmüşdü.

***

Simuzər xanımın yuxusu ərşə çəkildi. Qızının qonşularını bir-bir öz mizan-tərəzisində ölçüb qiymətləndirsə də, bir qərara gəlib: “Çil toyuq, bu qədər aralı olmağımıza baxmayaraq, niyə məhz öz həyətimizə gəlsin?” – sualına cavab tapa bilmədi ki, bilmədi.

Səhərdən çox keçməmişdi ki, qonşulardan birinin onu səslədiyini eşitdi. Qonşu, qızının ona verdiyi toyuğun dünən hinə gəlmədiyini bildirib, söhbətinə davam etdi. O, çil toyuğu xəstə kürəkəninin yanına gələn qohumlarından birinin gətirdiyini dedi. Həyətində ondan başqa toyuq olmadığı üçün qızı çil toyuğu Simuzər xanımın yaxın qonşusu olan anasına vermişdi.

Qonşu touyğu aparsa da, axşama doğru o, yenə sahilləri görünməyən təlatümlü dənizdə istiqamətini itirmiş gəmi kimi fikirlər burulğanında çabalayan Simuzər xanımın qarşısında dənlənirdi.

– Deməli, qızım haqlı imiş, çil toyuğu bu məchul səyahətə çıxaran olubmuş.

Yazıq toyuq xəyanətin qurbanı olsa da, vəfasızlıq edə bilmir, göz açmış olduğu həyətə hər gün gəlirdi.

***

Simuzər xanım adına yaraşan səbir və təmkinlə əhvalatı Osman müəllimə danışdı. Hər ikisi od və su arasında qalmışdılar. Çil toyuğun “yerini dəyişənin” kim olduğunu bilsələr də, öz yağında qovrulan dünyada çox haqsızlıqların və baislərin nələrə məruz qaldıqlarının şahidi olmuş bu müdrik cütlük qonşular arasında yarana biləcək nifrətin qorxusundan susmağı qərara aldılar.

Qalırdı hər gün həyətlərinə gələn çil toyuğun məsələsi. Osman müəllim həyat yoldaşına, bir şeylər uydurub, toyuğu qonşudan satın almağı təklif etdi.

Qonşu qadın növbəti dəfə çil toyuğu aparmağa gələndə Simuzər xanım artıq ona nə və necə deyəcəyini bilirdi:

– Hə, qonşu, bu toyuq sizə yataqxanaya gələn kimi gəlir, gündüz bizdə gecə sizdə, elə deyil?

– Vallah, mən də mat qalmışam. Qabağında dən, su, öz touyqlarım necə, o da elə. Nə vaxt aradan çıxdığını da bilmirəm, bir də görürəm ki yoxdur.

– Deyəsən o, meylini mənə salıb. Bəzi adamlara xortdan kimi görünsəm də, bu toyuq məni seçib, – Simuzər xanım ürəkdən gülərək, əlini qonşusunun kürəyinə qoyub, əlavə etdi: – Gəlsənə, onu satasan mənə? Qonşuluğumuz öz yerində, bazar qiyməti nədir, onu da verəcəyəm, yumurtdamağını da nəzərə alacağam.

Qonşu qadın: – Yox ay bacı, sən də lap cox uzağa getmə. Pul nədir, qurbandır sənə, – deyib toyuğu Simuzər xanımın qucağına qoyub, sağollaşdı.

***

Simuzər xanım qonşunun haqqını verib, rahat nəfəs aldı. İllər keçib, çil toyuğun qəribə səfəri ata-ananın üzündə hərdən acı bir təbəssüm yelpikləsə də, onlar qızlarının qonşusu ilə əvvəlki kimi səmimi və mehriban şəraitdə yaşadıqlarını görüb sevinirlər.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi