Od çərşənbəsi

Yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaq… Novruz bayramına qədərki dörd çərşənbəni tədqiqatçılar bununla əlaqələndirirlər. Uzun illərdir ki, bu çərşənbələrdən ikincisi Od çərşənbəsi kimi qeyd edilir. Od çərşənbəsinə xalq arasında Üskü çərşənbə, Üskü gecəsi, Adlı çərşənbə, Ocaq çərşənbəsi, Atəş çərşənbə, Xıs çərşənbə, Xızır çərşənbə də deyirlər.

Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması ifadə olunur. İlk bəşər övladları odu, ocağı, Günəşi yalnız istilik, sağlamlıq gətirdiyinə, təbiəti canlandırdığına görə sevib, əzizləməyiblər, həm də onları şərdən qoruyacağına, xeyirin qələbə çalacağına inanıblar. Qədimdən od insanı yaşadığı yerə, obaya bağlayıb. Azərbaycan xalqı qədim zamanlardan, yurd salıb binələndiyi yerə çox zaman ocaq deyib. Ocağı işığın, istiliyin, birliyin, bərabərliyin, ümidin, xoşbəxtliyin rəmzi hesab edib. Əcdadlarımızın oda sitayişi, şərəfinə şənliklər təşkil etdikləri, ocaq qarşısında səcdəyə durub oyun və ayinlər keçirdikləri bir çox mənbələrdə də əksini tapıb. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında “yallı” gedən insan təsvirləri bunun ən maraqlı nümunələrindəndir.

Odla bağlı bir sıra inanclarımız bu gün də yaşadılır. Bir çox yerlərdə indi də müqəddəs tutulan ziyarətgahlara ocaq deyirlər. Bəzi bölgələrimizdə gəlin köçən qızlar ata evindən çıxanda onları ailənin və ya nəslin ağsaqqalı üç dəfə yanan çırağın ətrafında dolandırır. Gəlin yeni evinə, ocağına yanan çıraqla gedir. Bu adət-ənənələrə xüsusi diqqətlə əməl olunur. Çalışırlar ki, çıraq bəy evinədək sönməsin. Çünki gəlinin ardınca çıraq aparılması xoşbəxtlik rəmzi hesab olunur.

İnanclara görə, atəşə su tökmək, oda, ocağa pis söz söyləmək olmaz. İnsan odu, ocağı, Günəşi əzizləyərsə, çətinlikləri azalar, suların donu açılar, buzlar əriyər, təbiət isinməyə başlayar.

Od çərşənbəsində tonqal qalama mərasimi o biri çərşənbələrdən daha möhtəşəm keçirilir. Tonqal elə yerdə yandırılırdı ki, hər tərəfdən görünsün. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayıb, el tonqalın başına yığışarmışlar. Qız-gəlinlər odun şərəfinə nəğmələr söylərmişlər.

Çərşənbə tonqalı, adətən, yaş ağacdan qalanmır. Folklorşünaslar bildirirlər ki, əcdadlarımız yaş və acı tüstülü ağacdan tonqal qalayan adama sədəmə toxunacağına inanıblar. Tonqal quru odun, kol-kos və ya çırpıdan hazırlanmalı, tikan və təmiz ağac budaqlarından çatılmalıydı. İnanırdılar ki, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlmirlər. Tədqiqatçılar qeyd edirlər ki, bəzi bölgələrdə tonqala üzərlik də atar, bununla bədnəzərdən qorunacaqlarına inanırdılar.

Qədimdə Od çərşənbəsində qonum-qonşular yasda olan ailənin həyətində tonqal yandıraraq bununla həmin ailəni yasdan çıxarıblar. Tədqiqatçılar bildirirlər ki, qədimdə evlərdə ocağı sönməyə qoymurdular. Yalnız kimsə ölmüş olarsa odu çıxarıb xüsusi yerdə saxlayardılar və qış vaxtı 5 gündən sonra, yayda isə bir aydan sonra odu evə qaytarardılar.

Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalanması da inanclarımızla bağlıdır. Bunu həyətə keçənlərin özləri ilə pis niyyət, ağırlıq gətirə bilməmələri üçün ediblər. Çünki qara qüvvələri odun məhv edə biləcəyinə inam xalq düşüncəsində bu gün də yaşayır.

Unudulmamış adət-ənənələrimizdən biri də Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, uğurluğum odda yansın” – deyib odun üstündən tullanmaqdır. İnanca görə, bununla xəstəliklərdən xilas olmaq, azar-bezardan qurtulmaq mümkündür.

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır.

Od çərşəbəsində ocağı boş qoymazlar. Həmin gün süfrəyə şirniyyatlarla dolu xonçalar qoyular, plov dəmlənər, xörəklər bişirilər. Bu adət-ənənəyə riayət etməklə insanlar ilin bərəkətli olacağına inanırlar.

Od çərşənbəsinin qədim ayin və mərasimlərindən biri “Qodu-qodu” oyunudur. Bu mərasim Günəşi çağırmaq, ondan istilik diləmək üçün icra olunur. Kənd cavanları qırmızı rənglə bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzirlər.

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı günü gördünmü?

Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir.

Qoymayın ağlamağa.

Mərasim zamanı bu nəğməni oxuyar, evlərdən bayram paylarını alarlar.

Od çərşənbəsində Boz ay ömrünü yarılayır. Bundan sonra təbiət bütün canlılara baharın gəlişini hiss etdirməyə başlayır.