Obamanın bizim Məşədi İbada “oxşarlığı”

Son illər ABŞ Prezidenti Barak Obamanı hər dəfə ekranlarda görəndə dahi bəstəkarımız, dramaturqumuz Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasının baş qəhrəmanı Məşədi İbad yadıma düşür.
 Bəri başdan deyim ki, mən bu müqayisəmlə Barak Obamanı, Həsən bəy demişkən, əsla “oskarbit” eyləmək fikrində deyiləm. Mən özüm də, haradasa bizim, Məşədiyə oxşayıram. Amma bir o qədər yox.  Barak Obama xalis Məşədi İbaddır ki, durubdur. Mən yenə “povtarit” eyləyirəm ki, qəsdim Obamanı oskarbit eyləmək deyil. Yəqin, onda deyəcəksiniz, Obama hara, bizim Məşədi İbad hara? Yaxud da deyəcəksiniz, axı Obamanın nəyi və harası sənə xoş gəlib ki, onu bizim Məşədi ilə müqayisə edirsən? Elə isə, “pozvolte”. Yox, yox Obama bizim Məşədi İbad kimi 15 yaşında bir qıza aşiq olmayıb (O, dünyaya “aşiq” olub). Və bu yolda bir ətək pulundan da keçməyib, öz əməlinə don geyindirmək məqsədilə bütün imkanları səfərbər etməyib.

Elə isə Obama hara, Məşədi hara? Bu saat ərz eyləyim. Baxın, bizim Məşədi İbad Gülnazla ilk tanışlığında ona nə deyir? Deyir ki, xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan. Sonra da əlavə edir: “Mən saqqalıma həna qoydum, qoymadım – həmişə qapqara şəvə kimidir. Amma mən bir növ adətkərdə olmuşam. Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyərdi ki, başımın hənasının vaxtı keçəndə başım ağrıyır. Çünki adətkərdə olmuşam”. Bax, elə Obamada da belə bir adətkərdəlik var. Mənim “mneniya”ma görə, Obama məhz bu xüsusiyyətinə görə Məşədiyə oxşayır. O, nəyə adətkərdə olub? Yox, yox, o bizim Məşədidən fərqli olaraq, saçına həna qoymur (Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi). Bəs nə edir? Hə, bu ayrı məsələ… ABŞ-ın Obaması harada gəldi orada, hətta çox mötəbər tədbirlərdə belə saqqız çeynəyir. Elə bu günlərdə dünyanın super dövlətinin başçısı Hindistanın Nyu-Dehli şəhərində bu ölkənin milli bayramı çərçivəsində həyata keçirilən hərbi paradı saqqız çeynəyə-çeynəyə izləyib. Hətta o, həmin mərasimdə yanında oturmuş Hindistanın Baş Naziri Narendr Modi ilə danışarkən saqqızını ağzından çıxarıb, sonra isə yenidən ağzına qoyaraq çeynəməkdə davam edib. Özü də bu, Barak Obamanın ilk belə “işi” deyil. Belə ki, o, Cənubi Afrika Respublikasının Prezidenti Nelson Mandelanın dəfn mərasimində, II Dünya Müharibəsində Fransanın Normandiya əyalətinə desant çıxarmasının 70 illiyi ilə bağlı təşkil edilmiş tədbirdə, Avstraliyanın Brisben şəhərində keçirilən G-20 sammitində məhz çeynədiyi saqqızla gündəmə gəlib. Bütün bunlar da sosial şəbəkələrdə müzakirə olunub. Hətta Rusiyanın Baş Naziri Dmitri Medvedevin sözçüsü Gennadi Onişenko ABŞ Prezidenti Barak Obamanın saqqız çeynəməsini sərt tənqid edərək deyib: “Saqqız çeynəmək tərbiyəsizlikdir. ABŞ kimi super gücə malik dövlətin rəhbərinin saqqız çeynəməsi isə onun öz xalqına hörmətsizliyidir. Bu, mədəniyyətsizliyin göstəricisidir”. Babalı deyənlərin boynuna, deyilənlərə görə, Barak Obama nikotin asılılığından qurtulmaq üçün xüsusi saqqız çeynəyirmiş. Bəziləri isə deyirlər ki, guya hirsindən belə edirmiş. O boyda superdövlətin başçısı niyə hirslənir ki? Lakin şəxsən mən bu fikirlərin heç biri ilə razı deyiləm və razı olmağa da haqqım yoxdur. Çünki mənim fikrimcə, Barak Obama saqqız çeynəsə də, çeynəməsə də həmişə eyni formadadır. Görünür, saqqız çeynəməsinin vaxtı çatanda onun da başı bizim Məşədinin başı kimi möhkəm ağrıyır. Odur ki, başlayır saqqız çeynəməyə. Çünki adətkərdə olub. İndi bildinizmi son illər ABŞ Prezidenti Barak Obamanı hər dəfə ekranlarda görəndə dahi bəstəkarımız, dramaturqumuz Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasının baş qəhrəmanı Məşədi İbad niyə yadıma düşür?

Qvami Məhəbbətoğlu