Obamanın anası Stenli Enn Danhem

510

Hazırda ABŞ-ı idarə edən Barak Obamanın siyasət zirvəsinə gedən yolda ən böyük dayağı anası Enn Danhem və ana tərəfdən nənəsi Medelin Li Peynt olublar.

Tanınmış siyasətçilərin çoxunun anası ilə müqayisədə Obamanın anası barədə az yazılıb. Bəlkə də bu, Obamanın anasının mətbuatdan uzaq qaçması, arxa planda qalmaq istəməsi ilə bağlıdır. Amma çoxlarına Obamanın yetişməsində anası Enn Danhemin böyük rol oynadığı məlum deyil. Yeri gəlmişkən, onu da deyək ki, ABŞ-ın, demək olar, bütün prezidentlərinin siyasət zirvəsinə gedən yolunda atalarından daha çox, anaları böyük rol oynayıblar. Bu da atalarla müqayisədə anaların oğullarının tərbiyəsi ilə daha çox məşğul olmağa vaxt tapmaları ilə əlaqədardır.

Gələcək Prezident Obamanın anası Stenli Enn Danhem II Dünya müharibəsinin təlatümlü illərində, 1942-ci il noyabr ayının 29-da Kanzas ştatının Viçite şəhərində anadan olub. Enn Danhem Medelin Li Peyn və Stenli Armora Danhemin ailəsinin yeganə övladı idi. Ennin valideynləri Kanzas ştatından idilər və onlar Viçitedə tanış olaraq evlənmişdilər. Yaponiyanın Perl-Harbora hücumundan sonra ailənin başçısı orduya çağırıldı. Medelin Li Peynt isə aviasiya zavodunda işə düzəldi. Danhem kişi adı olduğundan hələ kiçik ikən qızcığazın başı bəlalar çəkirdi. Əslində daim oğul arzulayan Danhemin (Ennin) atası qızına kişi adı qoymaqla özünə bir qədər təsəlli vermək istəmişdi. Uşaqların onu adına görə tez-tez ələ salmalarına cavab olaraq, Danhem özünü tanışlarına Enn adı ilə təqdim etməyə başladı. II Dünya müharibəsi başa çatandan sonra Danhemlər ailəsi Kaliforniyaya köçdülər. Ennin ( Danhemin) atası Berklidəki Kaliforniya Universitetinə daxil oldu. 1948-ci ildə müəyyən səbəblər üzündən Danhemlər ailəsi yenidən yaşayış yerlərini dəyişməyə məcbur oldular. Bu dəfə Danhemlər ailəsi Oklahoma ştatının Ponsa-siti şəhərində məskunlaşdılar. Amma bu da onların birdəfəlik yaşadıqları yer olmadı. Ailə bir müddətdən sonra Texas ştatının Vernon şəhərinə, oradan da Kanzas ştatının Eldorado şəhərinə köç etdi.

Yaşamaq və işləmək üçün Havay adalarını seçdilər

1955-ci ildə Danhemlər ailəsi bu dəfə yaşamaq üçün Vaşinqton yaxınlığındakı Sietl şəhərini seçdi. Sietldə Stenli mebel satışı ilə məşğul olmağa başladı. Ana Medelin Li Peynt isə bankda işə düzəldi. 1956-cı ildə Danhemlər ailəsi Merser-Aylend ətrafına köç etdilər. Bu dəfə onların məqsədi Enni Merser-Aylenddəki məktəbdə oxutmaq idi. Merser-Aylenddəki məktəbdə oxuması Ennin gələcək həyatını müəyyən etməsində önəmli rol oynadı. Məktəbdə özünü əsl şəxsiyyət kimi aparmağa cəhd edən Enn ətrafındakı nüfuzlu yoldaşları ilə tez-tez mübahisələrə girir, özünün onlardan üstün keyfiyyətlərə malik olduğunu addımbaşı nümayiş etdirirdi. Necə deyərlər, Enn bu məktəbdə oxuduğu illərdə əsl şəxsiyyət kimi formalaşmağa başladı. 1959-cu il avqust ayının 31-də ABŞ hökuməti Havay adalarını özünün 50-ci ştatı elan etdi. Bunu görən Danhemlər ailəsi yeni ştata köç etmək qərarına gəldilər. Onlar belə hesab edirdilər ki, Havay adaları ştatında onların biznesi daha yaxşı gedəcək. Ailənin Havayda yaşamağa başlamasından sonra Enn yerli universitetə daxil oldu. Bu universitetə daxil olmaq Ennin gələcək həyatında dəyişikliyə gətirib çıxardı. Belə ki, Enn universitetdə oxuduğu illərdə rus dilini öyrədən məşğələlərə gedirdi. O bu məşğələlərdə ata Barak Obama ilə tanış oldu. Ata Barak Obama Havay Universitetinin ilk afrikalı tələbəsi idi. Obama Afrikada-Keniyada hamilə arvadını və kiçik oğlunu qoyaraq oxumaq üçün Havay adalarına gəlmişdi. 1961-ci ilin fevral ayının 2-də Enn və Obama hər iki tərəfin valideynlərinin etirazlarına baxmayaraq, ailə həyatı qurdular və nikahlarını rəsmiləşdirdilər. Ata Obama ilə ailə həyatı qurarkən Enn ondan 3 aylıq hamilə idi. Rəsmi şəkildə nikaha girmələrindən bir neçə ay sonra ata Obama Ennə açıq şəkildə etiraf etdi ki, onun Keniyada ailəsi, hamilə həyat yoldaşı və oğlu var. Amma o, ailəsindən ayrıldığını deyərək Enni aldatdı. Sonralar Ennə məlum oldu ki, ata Obama onu aldadıb. Sadəcə olaraq, ata Obamanın Keniyadakı həyat yoldaşı Keziya Obama ərinə ikinci dəfə ailə həyatı qurmağa icazə verib. 1961-ci il avqust ayının 4-də Ennin oğlu dünyaya gəldi. Enn və ata Obamanın razılığı ilə körpəyə atanın adı verildi. Beləliklə, ailədə oğul Barak Obama böyüməyə başladı. 1962-ci ilin yanvar ayında Enn Vaşinqtondakı universitetə daxil oldu. Amma ata Obama Havayda qalaraq orada ali təhsilini davam etdirdi. Vaşinqtonda Enn oğlunu sərbəst, özü bildiyi kimi tərbiyə etməyə başladı. Bir neçə il sonra ata Obama da Vaşinqtona gəldi. Lakin bir neçə illik ayrı yaşamaları onlar arasında olan ailə bağlarının zəifləməsinə gətirib çıxarmışdı. Ata Obama ilə daha birgə yaşamaq istəməyən Enn 1964-cü ildə məhkəməyə müraciət edərək ərindən ayrıldı. Ərindən ayrılandan sonra Enn yenidən Havaya qayıdaraq oradakı universitetdə antropologiyanı öyrənməyə başladı. Ennə oğlunu saxlamaqda və tərbiyə etməkdə isə valideynləri kömək etdilər.

İkinci dəfə indoneziyalıya ərə getdi

1965-ci ildə Enn ikinci dəfə ailə qurdu. Bu dəfə o özünə həyat yoldaş indoneziyalı Lolo Soetoronu (Sutoro) seçdi. Enn ikinci əri ilə birgə oğul Obamanı da özü ilə götürərək İndoneziyaya köçdü. Ər Soetoro Cakartadakı neft kompaniyasında işə düzəldi. Cakartada Ennin Soetoro ilə izdivacından Mayya adı verdiyi qızı dünyaya gəldi. Bir müddət oğlu Obamanın tərbiyəsi ilə məşğul olan Enn hiss elədi ki, burada ona arzuladığı tərbiyəni və təhsili verə bilməyəcək. Ona görə də oğlunu Havay adalarına, valideynlərinin yanına göndərdi. Oğlu Obamanı ABŞ-da yüksək səviyyəli dövlət rəsmilərinin övladlarının ali təhsil aldıqları məktəbdə oxumağa qoydular. Burada təhsil haqqı yüksək olsa da, Ennin valideynləri nəvələrini oxutmaq üçün yardım etdilər. Eyni zamanda oğul Obama da yaxşı oxuduğu üçün məktəbdə təqaüd almağa başladı və bu da təhsil haqqının ödənilməsində məktəb rəhbərliyi tərəfindən onlara güzəştlər edilməsinə gətirib çıxardı.

1971-ci ildə rəsmi şəkildə ayrıldıqdan 7 il sonra ata Obama Ennin ailəsini ziyarət edərək oğlu ilə görüşdü. Bu, atanın öz oğlu ilə sonuncu görüşü oldu. Ata Obama 1982-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişdi.

1972-ci ildə Enn ikinci həyat yoldaşından-Lolo Soetorodan ayrıldı. Enn yenidən Havay adalarına, valideynlərinin yanına qayıtdı. Bununla belə, sonralar da Enn dəfələrlə İndoneziyaya gedərək əri ilə münasibətlərini davam etdirdi. Lakin o, bir daha Lolo ilə birgə yaşamaq istəmədi. 1980-ci ildə onlar rəsmi şəkildə ayrıldılar. Onu da deyək ki, əri ilə ayrılmasına baxmayaraq, Enn nəinki Soetoro, həm də ata Obama ilə səmimi münasibətlərini davam etdirməkdə idi. O, övladlarını da atalarına və atalıqlarına münasibətdə səmimi olmağı öyrətmiş, onlarda ata sevgisi tərbiyə etmişdi. 1992-ci ildə Enn antropologiya sahəsi üzrə dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldı. Onun mövzusu İndoneziyada kənd dəmirçiliyinin tarixinə həsr olunmuşdu. Eyni zamanda Enn İndoneziyada kənd təsərrüfatı sahəsinə qadınların işə dəvət edilməsinə və bu ölkədəki kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə beynəlxalq bankların kreditlər ayırmasına, dünyanın xeyriyyəçi assosiasiyalarının yardım göstərməsinə nail oldu. Bütün hallarda Enn oğlu Barak Obamanın siyasi cəhətdən yetkinləşməsi üçün əlindən gələni etdi, ona siyasi mübarizə yollarını öyrətdi.

Qəfil ölüm

Anası Ennin və nənəsi Medelin Li Peyntin yanında əsl siyasi dərs alan və uşaq yaşlarından bu sahə üzrə, belə demək mümkünsə, ixtisaslaşmağa başlayan oğul Barak Obamanın hər uğuru ailədə böyük sevinclə qarşılanırdı. “Harvardı” əla qiymətlərlə başa vuran Obama bir müddət insan hüquqları üzrə vəkil işlədi. O həmin dövrdə Çikaqo Hüquq Elmləri İnstitutunda Konstitusiya hüququndan dərs deməyə başladı. Oğlunun belə uğur qazanması və artıq tədricən siyasətin zirvəsinə yürüməkdə olmasını görən Enn olduqca sevinirdi. Lakin ona oğlunun seçkilərdə qələbə çalaraq senator, sonra isə prezident olmasını görmək nəsib olmadı.

1994-cü ildə Ennin 52 yaşı vardı. O, belə demək mümkünsə, həyatının ən kamillik dövrünü yaşamaqda idi. 33 yaşlı oğul Obama da yavaş-yavaş cəmiyyətdə, ölkənin siyasi həyatında özünü təsdiq etməkdə idi. 1994-cü ilin sonlarında Enn qəfildən bərk xəstələndi. Həkimlər ona əsrin bəlası hesab edilən xərçəng xəstəliyi diaqnozu qoydular. Həkimlərin səylərinə baxmayaraq, 1995-ci il noyabr ayının 7-də Enn vəfat etdi. Oğul Obama uzun müddət anasının vəfatını unuda bilmədi. Sonralar da o, anasını dönə-dönə xatırlamaqda davam etdi.

Anasının vəfat etməsindən sonra 1997-2004-cü illərdə Obama 3 dəfə İllinoys ştatının idarəetmə orqanına seçildi… Amma ana nənəsi Medelin Li Peynt nəvəsinin uğurlarını görərək rahat halda, 2008-ci ildə dünyadan köçdü.

Əziz Mustafa