“O yaranın üstü heç vaxt bağlanmayacaq”

784

Nicat İntiqam
Qarabağa aparan yol dedikdə, yəqin ki, hər kəsin gözlərinin önünə daşlı-kəsəkli, sıldırımlı, otlu-alaqlı yollar gəlir. Ancaq “Qarabağa aparan yol” adlı bir qəzet də var ki, Qarabağa hələ ki mənən getmək istəyənlər üçün körpü rolunu oynayır. Qəzetin redaksiyası “Azərbaycan” Dövlət Nəşriyyatının binasında yerləşir. Qəzetin baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-publisist Fariz Çobanoğlu deyir ki, redaksiyanın qarşısından keçənlərin çoxu ayaq saxlayıb, qapını döyüb içəri girir. Onları yolundan saxlayan, ilk növbədə, qəzetin adıdır…
– Fariz bəy, elə mənim də diqqətimi ilk çəkən qəzetin adı oldu. “Qarabağa aparan yol” barədə oxucularımıza bir qədər ətraflı məlumat verərdiniz.
– “Qarabağa aparan yol” qəzeti 2005-ci ildən nəşr olunur. Qəzetin baş redaktoru şuşalı şair-yazıçı Əli Mahmuddur. O, bu qəzeti təsadüfən açmayıb. Əli müəllimin zaman-zaman yaşadığı yurda qayıdış hissindən doğub bu qəzetin açılması. Yəqin oxucular da bu fikirdədirlər ki, bu qəzetdən digərləri kimi pul, obyekt iyi gəlmir. Bu qəzet sırf milli dəyərlərin qorunmasına, torpaqlarımızın yağı tapdağından azad edilməsinə, dövlətçiliyin qorunmasına, milli-mənəvi dəyərlərin müdafiəsinə həsr olunmuş bir qəzetdir. Burada Azərbaycanın görkəmli ziyalıları çıxış edirlər, dəyərli oxucularımız var. Əvvəllər qəzetimiz ayda iki dəfə nəşr olunurdu, amma son vaxtlar həftəlik çıxır…
– Fariz Çobanoğlu imzası da oxuculara tanışdır…
– Mənim ədəbi imzam Fariz Çobanoğludur. Bu imzanı mənə qardaşım – Əlirza Xələfli verib. Ümumiyyətlə, həm Azərbaycanda, həm də Türkiyədə Çobanoğlu imzası çoxdur. Bu soyadı daşıyan müəlliflər çoxdur. Elələri var ki, atasının adı Çobandır, amma mənim atamın adı Çoban deyil, mənim atamın peşəsi, sənəti çobançılıq olub. Sadəcə olaraq, o sənətə, o zəhmətə hörmət müqabilində bəli, Çobanoğlu imzasını özümə götürmüşəm. Hər yerdə bu imza hörmətlə, ehtiramla qarşılanıb. Allahımdan çox razıyam ki, bu imzanın mənəvi nüfuzunu zaman-zaman qoruya bilirəm. Öz içimdən gələn halallıqla, içimdən gələn zəhmətlə, duyğularımdan, düşüncələrimdən keçən ləyaqət hissi ilə çalışıram ki, bu imzanın nüfuzunu qoruyub saxlayım.
– Yazmaq sizin üçün nə deməkdir?
– Mən Cəbrayıl rayonunda doğulmuşam, tale elə gətirib ki, bizim rayonumuz da Azərbaycanın başqa bölgələri kimi işğala məruz qalıb və biz oradan məcburən çıxmışıq. Elə o vaxtdan da mən könlümü sözə vermişəm. Yəni içimdən keçən ağrıları, acıları, o vətən duyğularını, həsrəti, nisgili sözün köynəyində, sözün donunda məni duyanlara, başa düşənlərə çatdırmaq istəmişəm.
– Yazmaq Vətən ağrısı üçün təsəllidirmi?
– İnsan ağrısını, dərdini kiməsə danışmalıdır. Keçmişdə dədə-babalarımız deyirdilər ki, yuxu görəndə gərək, axan suya danışasan. Yuxu elə həm də dərddir. İnsan yuxuda da, gecə də, gündüz də öz dərdi ilə danışır. Məni də sözün ətrafına, sözün yanına dərdim gətirib. Axı dərdimi kimə deməliyəm – ən azı söz var, sözə deməliyəm. Torpaq nisgili, yurd ağrısı – dünyada ən dözülməz dərddir. Ən ağır nisgil elə torpaq dərdidir, yurd nisgilidir. Ən pisi odur ki, bütün dərdlərin, haradasa, çarəsi var, dərmanı var, amma Vətən ağrısının çarəsi, loğmanı yoxdur. Ümumiyyətlə, loğmanlar heç bu barədə düşünmürlər. Heç görmüsünüz ki, həkimlər hansısa adama resept yaza və deyə ki, qardaş, sən Vətən ağrısı çəkirsən, bu dərmanları, bu həbləri yazıram – qəbul et, keçib gedəcək.
İnsanın ruhunun içərisindən keçən ağrı vətən ağrısıdır. Yəni bunun müalicəsi yoxdur. Müalicəsi üçün sən doğma torpağına qovuşmalısan. Nə üçün qürbətdə, qəriblikdə yaşayan adamlar öləndə vəsiyyət eləyirlər ki, məni doğma torpağıma aparın. Çünki insanın ruhu doğma torpağındadır. O ruhuna can atır, ruhuna qovuşmaq istəyir. Cəmi bəşərdə, dünyada hər canlıdan, hər varlıqdan sədaqətlisi elə torpaqdır. Çünki nə vaxtsa insandan bütün aləm üz döndərəndə torpaq ondan üz döndərmir, torpaq onu öz qoynuna, kamına çəkir, son həddə torpaq onu öz qoynuna alır. Demək, ən sədaqətli olan torpaqdır. Və insan o sədaqəti unuda bilməz. Heç unutmaq mümkün də deyil. Bütün müharibələrin, dünyada baş verən qırğınların hamısı torpaq üstündədir – səbəbi torpaqdır. Bəlkə də bunun bir səbəbi də insanın torpaqdan yaranmasıdır. İnsan torpaqdan yaranıb, torpağa dönməlidir, torpağa çevrilməlidir. Elə ona görə də torpağı öpüb qoyuruq gözümüzün üstünə.
– Kəndinizdən nə vaxt çıxmısınız? Ən son yadınızda nələr qalıb?
– Mən Cəbrayıldan 1993-cü ildə çıxmışam. Həmin il Pedaqoji Universitetin Kimya fakültəsini bitirmişdim və təyinatla getmişdim kəndimizə – Xələfliyə, amma orada işləmək mənə qismət olmadı. Kəndimizdən axırıncı çıxan mən olmuşam. Çox zəngin kitabxanamız var idi – evimizdən çıxanda fikirləşdim ki, bu kitabların içərisindən hansını götürmək olar? Kənddən atla çıxası idim – onun da üzərinə, uzaqbaşı, 30-40 kiloqram yük qoymaq olardı. Bu kitablardan birini götürməli idim. Amma onlardan hansını seçib götürəydim? Həmin həyəcanlı anlarda seçim eləmək mümkün deyildi. Evimizin birinci mərtəbəsi başdan-başa kitablarla dolu idi. Fikirləşdim ki, əlimi uzadım, hansı kitab gəlsə, onu götürəcəyəm. Əlimi uzatdım bir kitab gəldi – Qətran Təbrizinin “Divan”ı. Kitabı götürüb heybənin (atın üstünə aşırılır) içərisinə qoydum. O kitabı mən çətin və həyəcanlı yollardan keçirib, Bakıya qədər gətirdim. Sonra bununla bağlı mətbuatda ilk yazımı yazdım. Yazının sərlövhəsi belə idi – “Qətran Təbrizini əsirlikdə qoymadım”. O boyda sərvətin içərisindən mən bir dənə Qətran Təbrizini xilas edə bildim. Bu yazım mətbuatda çox böyük maraq doğurdu, səs-küyə səbəb oldu. Çünki daxili ağrı ilə, səmimiyyətlə yazılmış bir yazı idi.
– Dediniz ki, kənddə zəngin kitabxananız var idi. Həmin kitabları kim toplamışdı?
– Biz 7 qardaş olmuşuq, atamız çoban olub. Tərəkəmə həyatı yaşamışıq. Amma bununla belə, 7 qardaş hamımız ali təhsil almışıq. Oxumuşuq, mütaliə eləmişik – şairimiz var, yazıçımız var, elmlər namizədimiz var, demək olar, hamımız yazı-pozu adamıyıq.
– Atanızın yazmaqla arası necə idi?
– Atamız çox müdrik kişi idi. Bizim özümüzə yaşadığımız həyatın da təsiri var idi, amma daha çox halal zəhmətin təsirindən idi. Biz zəhmətin içərisində böyümüşük. Bizim yeganə çıxış yolumuz oxumaq idi. Biz haram tikə yeməmişik – başqa seçimimiz də yox idi. Atamın adı Zaldır. Onun haqqında kitab da yazılıb. Zal adı çox qədim addır. Firdovsinin əsərində də var – Rüstəm Zal pəhləvan. Zal qoca deməkdir. Zal dünyaya gələndə baxıblar ki, uşağın saçı ağappaqdır. Kənardan baxanda biri deyib bu Zaldır ki. Yəni bu, qocadır ki. Atamın da adına uyğun daxili dünyası var idi. Çox mərd kişi idi, qoçaq kişi idi.
Biz ermənilərin yaşadıqları yaylaqlara gedirdik – şübhəsiz ki, Azərbaycan torpaqları idi, ancaq orada ermənilər də var idi. Ermənilərlə həmişə davamız düşürdü, atam çox qoçaq idi. Hətta ermənini də vuranda xəbərdarlıq edirdi ki, gözünü aç, səni vururam. Atamın mərdliyini biz zaman-zaman sözə, kitablara, sözün ruhuna köçürmək istəmişik. Bu gün də işlədiyim qəzetin adı “Qarabağa aparan yol”dur.
– Fariz bəy, sizcə, Qarabağa aparan yol haradan keçir?
– Ziyalılar, yazıçılar, şairlər, müxtəlif adamlar bunu müxtəlif cür mənalandıra bilirlər – yəni Qarabağa aparan yol haradan keçir? Mən belə düşünürəm ki, vətənə yol, işğal olunmuş torpaqlarımıza doğru gedən yol birinci bizim içimizdən, mənəviyyatımızdan keçib getməlidir. Biz o yolu keçib getməyə daxilən hazır olmalıyıq. Əlbəttə, şübhəsiz ki, hərbi də olmalıdır, iqtisadi güc də olmalıdır, siyasi iradə də olmalıdır – bunların hamısı öz yerində, amma ilkin yol insanın, vətəndaşın daxilindən, mənəviyyatından keçib getməlidir, onun daxilində bir yurda qayıdış sevgisi, iradəsi olmalıdır ki, o yurda gedə bilsin.
– Bəs “Qarabağa aparan yol”?
– Redaksiyamızın qarşısından keçənlərin əksəriyyəti qapını döyüb içəri girirlər. Onları yolundan saxlayan ilk növbədə, qəzetin adıdır. Qapını açırlar və qəzetin adı, məramı, məqsədi ilə maraqlanırlar. Biz də onlara məlumat veririk ki, xalqımızın ziyalıları, dəyərli insanları, torpaqlarının 20 faizi işğal olunmuş insanları öz ağrılarını bizim qəzetə köçürürlər zaman-zaman. Hər halda bizim yolumuz təkcə ağrımızı, mənəvi iztirablarımızı ifadə eləmək deyil, bizim yolumuz mübarizə yoludur, mətinlik yoludur, iradə yoludur, vətənpərvərliyin təbliğidir.
Vətənpərvərliyin təbliği, sadəcə, sözlə kifayət deyil. Hər halda insanı süni şəkildə aşılamaq mümkün deyil. Bu təbii yolla olmalıdır. Bu məsələ dövlətin birinci dərəcəli ideologiyasına çevrilməlidir. Biz döyüşkən xalqıq, bizim tarixi kökümüz var. Biz həmişə inamla yaşamışıq ki, tarixi kökümüzə, tarixi iradəmizə dönəcəyik. Hesab edirəm ki, bu gün Azərbaycan dövlətçiliyinin apardığı siyasət də bu əqidəyə, bu inama köklənib.
Artıq Ermənistan da, ermənilər də dərk edirlər ki, Azərbaycan günü-gündən güclənir və onlar bir gün bizə cavab verməli olacaqlar.
Qartal tərk eyləsə öz yuvasını,
Qayalar saxlayar onun yasını.
Aslan qayıtmasa doğma elinə,
Meşələr göz dikər ləpirlərinə.
Vətənimizdən qopmuş həmin o qayaların bir parçası kimi, o qayaların qaşında gəzən qartallar kimi, o yaşıl ormanların, meşələrin sahibi kimi ürəyimizdə həmişə bir yara qövr eləyir. O yaranın üstü heç vaxt bağlanmayacaq – nə qədər ki, biz öz doğma yurd-yuvamıza qayıtmamışıq…