Zelenski: “O vaxt qalib gəldik, indi də qələbə qazanacağıq”

44

Çox yaxında Ukraynada iki Qələbə Günü olacaq və kiminsə bir dənə də olmayacaq.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski mayın 9-da çıxışı zamanı deyib.

“Biz azadlıq uğrunda mübarizə aparırıq, bu o deməkdir ki, biz qalib gələcəyik. Biz səkkiz milyondan çox ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsində əcdadlarımızın etdiklərini heç vaxt unutmayacağıq. Və tezliklə Ukraynada iki Qələbə Günü olacaq: “O vaxt qalib gəldik. İndi qalib gələcəyik”.

Prezident vurğulayıb ki, məkrli düşməndən təhlükəli, saxta dostdan zəhərli heç nə yoxdur: “Bunlar böyük ukraynalı filosof Qriqori Skovorodanın sözləridir. Biz bu həqiqəti fevralın 24-də dost kimi görünən bir şəxsin Ukraynaya qarşı müharibəyə başlayanda anladıq. Bu, iki ordunun döyüşü deyil. Bu, iki dünyagörüşünün müharibəsidir… Bu yolda biz bu gün müharibə aparırıq və bir parça torpağımızdan heç kimə güzəştə getməyəcəyik. Bu gün biz Nasizm üzərində Qələbə Gününü qeyd edirik… Biz anti-Hitler koalisiyasının tərkibində digər xalqlarla birlikdə nasizmi məğlub etmiş əcdadlarımızla fəxr edirik. Biz isə heç kimə bu qələbəni ilhaq etməyə imkan verməyəcəyik, onun mənimsənilməsinə imkan verməyəcəyik”.

O, həmçinin qeyd edib ki, milyonlarla ukraynalı nasizmə qarşı vuruşdu, çətin və uzun yol keçdi. Onlar Luqanskdan faşistləri qovdular, Donetskdən faşistləri qovdular, Xersonu, Melitopolu, Berdyanskı işğalçılardan azad etdilər. Yaltadan, Simferopoldan, Kerçdən və digər ərazilərdən faşistləri qovdular. Krımın Mariupolunu faşistlərdən azad etdilər.Ukraynanın hər yerindən faşistləri qovdular, amma adlarını çəkdiyim şəhərlər bu gün bizi xüsusilə ruhlandırır, işğalçıları öz torpağımızdan mütləq qovacağımıza inam verir.

Nasizm üzərində Qələbə Günündə biz yeni qələbə üçün mübarizə aparırıq. Ona gedən yol çətindir, lakin qalib gələcəyimizə şübhəmiz yoxdur”.

Zelenski onu da qeyd edib ki, kimsə “çarın atası, fürer, partiya və lider” uğrunda vuruşur, biz isə Vətən uğrunda vuruşuruq: “Biz heç vaxt heç kimə qarşı döyüşməmişik. Həmişə özümüz üçün vuruşmuşuq. Azadlığımız üçün. Müstəqilliyimiz üçün. Ona görə ki, əcdadlarımızın qələbəsi hədər getməsin. Onlar bizim üçün azadlıq uğrunda vuruşublar və qalib gəliblər. Biz azadlığımız, uğrunda mübarizə aparmışıq”.

Xəbər verdiyi kimi, 1945-ci ilin bu günü Almaniya İkinci Dünya Müharibəsində təslim olduğunu elan etdiyi üçün hər il mayın 8-i Ukraynada Xatirə və Barışıq Günü qeyd olunur. İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinin yad edilməsinin bu formatı 2015-ci ildə Ukrayna Ali Radası tərəfindən təsdiq edilib. Eyni zamanda, 9 may tarixinin sovet dövründən təsis edilmiş 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbə Günü əvəzinə II Dünya Müharibəsində Nasizm üzərində Qələbə Günü kimi qeyd olunması qərara alınıb.