O, respublikamızın sevilən bir ifaçısına çevriləcək

0
412

Musiqi ruhun qidasıdır deyirlər. Musiqi ilə yaşamaq, onunla nəfəs almaq hər kəsə qismət olmur. Bu sənət sahəsi çox geniş bir məfhumdur. Notlar üzərində qurulmuş fikirlər səslənərkən insan istər-istəməz xəyallar aləminə qərq olur.

Mən deyərdim ki, musiqi ucu-bucağı görünməyən bir dəryadır. Və bu dəryaya sinə gərmək heç də asan deyil. Çox insanı özünə qərq etmiş, neçə-neçə insanı isə qayalara çırparaq, bərkidərək yüksəklərə qaldırmışdır. Elə həmin yüksək zirvəyə ucalmağı, musiqi dəryasından su içməyi bacaran sənətkarlardan biri də məhz Coşqun Beydullayevdir.

Beydullayev Coşqun Əlzaman oğlu 1990-cı il may ayının 6-da Qubanın səfalı, gözəl təbiəti olan Xaltan kəndində anadan olub. Sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan Coşqun evin ən böyük övladıdır. Özündən kiçik iki bacısı və bir qardaşı var.

1996-cı ildə T.Şahbazov adına Xaltan kənd tam orta məktəbində birinci sinfə qədəm qoyub. Hələ məktəbdə oxuduğu dövrlərdən musiqiyə olan həvəsi bütün müəllim və sinif yoldaşlarının diqqətini çəkirdi. Hər dəfə məktəbdə bayramlar, tədbirlər keçirildikdə orada xalq mahnılarımızdan ifa etmək üçün çalışır, səhnədə özünü peşəkar xanəndə kimi görəcəyi günü səbirsizliklə gözləyirdi.

Beləcə illər illəri ötürdü yavaş-yavaş və Coşqun artıq məktəbi bitirmək üzrə idi. O isə öz seçimini etmişdi. 2007-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra gözəl musiqi duyumu, bu sahəyə olan həvəsi, səhnə bacarığı, valehedici avazı  və s.kimi xüsusiyyətlər onu Mədəniyyət və İncəsənət Universitetinə gətirdi. Bununla həmin universitetin solo oxu (xanəndəlik) fakültəsinə daxil olur və gənc xanəndənin həyatında yeni səhifə açılır. Qəlbində isə bir məqsədi vardı- peşəkarlardan bu sənətin sirlərini öyrənmək və gələcək nəsillərə ötürmək. Məqsədini həyata keçirmək üçün doğma rayonu olan Qubanı tərk edir və paytaxt Bakıya yollanır. Bu ərəfədə Coşqun respublikanın tanınmış pedaqoq və incəsənət xadimlərindən: Qəndab Quliyeva, Aşıq Əhliman Rəhimov, Hafiz Quliyev, Zamiq Əliyev, Gülağa Zeynalov, Nailə Kərimova, Tərlan Quliyev, Mahmud Salah, Vasif Muradzadə, Ellada Hüseynova, Nadir Hüseynov və başqalarından dərs almışdır.

2011-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək həmin ildə eyni universitetin solo oxu ixtisası üzrə magistr pilləsinin qiyabi şöbəsinə qəbul olub və qısa bir müddətdən sonra hərbi xidmətə yollanıb. Vətənə olan xidməti-borcunu da yerinə yetirdikdən sonra qayıdaraq magistr təhsilini davam etdirir. Hazırda 2-ci kursda oxuyur və magistratura pilləsində muğam sənəti üzrə ixtisas müəllimi xalq artisti, professor Canəli Əkbərovdur.

2012-ci ildən etibarən Quba Uşaq Musiqi Məktəbinə xanəndə müəllimi kimi işə qəbul olur. Hazırda həmin müəssisədə iş fəaliyyətini davam etdirməklə yanaşı, həm də 2013-cü ilin yanvar ayından Regional Televiziya Yaradıcılıq Departamentində aparıcı-müxbir vəzifəsində çalışır.

2013-cü ilin may ayında Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq keçirilən “Ali məktəb tələbələri arasında gənc ifaçıların 1-ci Beynəlxalq Müsabiqəsi” ndə diploma layiq görülüb.  Həmin ilin iyul ayında isə Quba rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Qubanın mədəni və ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə fəxri-fərmanla təltif olunub.

Bacısı Beydullayeva Şəhanə Əlzaman qızı AMİ Quba filialının filologiya fakültəsinin 1-ci kursunda təhsil alır.

Coşqun müəllimin bütün bu uğurları bizi onun haqqında yazmağa vadar etdi. İnanıram ki, yaxın dostum olan bu gənc xanəndə gələcəkdə respublikamızın tanınmış, sevilən bir ifaçısına çevriləcək və özü kimi bacarıqlı gənclər yetişdirəcəkdir. Biz də ona işlərində uğurlar, müvəffəqiyyətlər diləyirik.

Vahid Fəxrəddinov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here