O qədər də xırda olmayan xırda məsələ

403

Mən hər zaman yazı yazanda, yaxud bir məclisdə söhbət edəndə bir şeydən çox nigaran oluram.

Yəni qorxuram ki, bəziləri elə xəyal eləyərlər ki, ölkəmizdə tətbiq edilən yeniliklərdən xəbərim yoxdur. Qorxuram anlamayalar ki, nəinki mənim onlardan xəbərim var, üstəlik, Mirzə Cəlilin “Poçt qutusu”nun qəhrəmanı Novruzəlidən fərqli olaraq, göstərdikləri xidmətlərdən də başım çıxır (Məsələn, mən kommunal xərcləri internet üzərindən həyata keçirirəm). Və elə buna görə də yazanda, yaxud danışanda nə qədər mümkündür səy edirəm ki, texniki yeniliklərə də yer verim. Yəqin ki, mən yaşda olanlar da elə mənim günümdədirlər

İndi mən burada həmin tətbiq olunmuş bir yenilikdən söz açmaq istəyirəm. Amma çox təvəqqe edirəm ki, yazımı oxuyub qurtarmamış heç kəs “bay” deməsin və təəccüb etməsin. Kim edəcəksə, bəri başdan yazımın buradan sonrasını oxumasın. Yəqin, bəziləri deyəcək, buna bax, bizə “xox” gəlir. Üstəlik, ərz edəcəklər ki, elə bir Allahına şükür et ki, səni oxuyuruq.

Bəli, artıq xeyli vaxtdır ki, metro stansiyalarının girişlərində, eləcə də avtobus dayanacaqlarında kart (“BakıKART”) yükləmək məqsədi ilə terminallar fəaliyyət göstərir. Və insafən camaatımız onlardan çox səliqə ilə istifadə edir. Amma bu kartla gediş haqqı ödənilən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus qırmızı rəngli avtobuslarda hələ də müəyyən problemlər yaşanmaqdadır. Bir də görürsən ki, kimsə ön qapıdan düşməyə, kimsə də orta və ya arxa qapıdan minməyə cəhd edir Bəzən də: “Həmişə pulumuzu verib, avtobusa minmişik. İndi də kartla minməliyik? Al 20 qəpiyini qanımı qaraltma” sözlərini də eşidirik (Bu avtobusları digərlərindən fərqləndirən əsas cəhət ödəniş sistemi, sərnişinlərin avtobusa müxtəlif qapılardan minib-enməsi və yalnız müəyyən olunmuş dayanacaqlarda saxlanılmasıdır.- Q.M). Təbii ki, bütün bunlar keçib gedəcək. Mənim sözüm bunda yox. Heç məqsədim onları reklam etmək də deyil. Sadəcə, bütün bunları ona görə yazıram ki, sonra ərz edəcəklərimi bu sahənin cavabdehləri qərəz kimi başa düşməsinlər.

Nə isə, indi də keçək əsas mətləbə… Bəli, kart yükləmək üçün nəzərdə tutulmuş terminallar xırda və bir də müəyyən məbləğdə iri pulları qəbul edir. Bu, çox əla… Amma bu işin bir əmması var ki, nədənsə bu barədə söz açılmır. Nəql edəcəyim əhvalat nənəmin başına gəlməsəydı, yəqin ki, bu məsələ heç məni də maraqlandırmayacaqdı.

Deməli, belə. Qızıgilə getmək istəyən nənəmin dayanacaqda birdən yadına düşüb ki, bəs plastik kartında gediş haqqı yoxdur. Əl atıb cibinə, görüb ki, vur-tut bir manat pulu var. Başlayıb fikirləşməyə: “Yaxşı, mən bu bir manatı kartıma oturtdum, elə isə mənzilbaşına çatmaq üçün istifadə edəcəyim o nağd pulla işləyən avtobusa bəs nə ödəyəcəyəm?” Uzun sözün qısası, belə qərara gəlib ki, manatından yalnız bir gediş haqqı (20 qəpik) yükləməklə işini yoluna qoysun. Lakin indiyədək belə bir əməliyyat həyata keçirmədiyindən özü terminalla ünsiyyət qurmağa tərəddüd etməyib. Odur ki, elə dayanacaqda dayanmış bir boynuqalstukluya yaxınlaşıb deyib:

– Nənə qurban, görürəm sən bir oxumuş adamsan, al bu pulu kartıma yalnız bir gediş haqqı yüklə…

Həmin o qalstuklu kişi də deyib ki, nənə, bu mümkün olan bir şey deyil. Çünki bu terminalların “sdaçi” qaytarmaqla heç arası yoxdur.

Elə bu səbəbdən nənəm qızıgilə getməkdən vaz keçərək evə qayıdıb. Evə girən kimi də məndən soruşdu ki, a bala, bəs deyirdin ki, yeni terminallar olduqca müasirdir. O necə müasir terminaldır ki, bir manatı belə xırdalaya bilmir. Yəni onların funksiyasına pul xırdalamaq daxil deyil. Heç olmasa, ölkəyə bu funksiyanı da yerinə yetirə bilən terminallar gətirərdilər də… Nənəmin bu sualına cavab verməkdə çox çətinlik çəkdim. Deyirəm, bəlkə, mənim nənəmə siz bir cavab verəsiniz, hə? Ola bilər, bu, kimlər üçünsə xırda problem kimi görünə bilər. Amma mənə elə gəlir ki, bir o qədər də yox…

Mən hər zaman yazı yazanda, yaxud bir məclisdə söhbət edəndə bir şeydən çox nigaran oluram. Yəni qorxuram ki, bəziləri elə xəyal eləyərlər ki, ölkəmizdə tətbiq edilən yeniliklərdən mənim xəbərim yoxdur. Və elə buna görə də yazanda, yaxud danışanda nə qədər mümkündür səy edirəm ki, texniki yeniliklərə də yer verim. Yəqin ki, mən yaşda olanlar da elə mənim günümdədirlər.

Qvami Məhəbbətoğlu