O özü də bir tarix yazdı…

0
102

 

Atasının ona dediyi sözü tutdu şəhid Əzim Həsənov. İllər öncə: “Oğul, Ağdamı sən azad edəcəksən”, – deyə Fikrət Həsənov oğluna bildirmişdi. Əzim böyüdü, ali təhsilini başa vurub hərbi xidmətə yollandı. Onun atasının dediyi söz yadındaydı. Elə buna görə, müharibə başlayan kimi könüllü olaraq paytaxtdakı hərbi hissədən cəbhədə xidmətə yolanmaq istəyini bildirib. Əzim Həsənov Vətən müharibəsinin ilk günlərindən döyüşdə iştirak edib. Atası komandiri ilə danışan zaman oğlunun bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etdiyini bildirib. Amma sonuncu dəfə yaralı əsgəri qurtarmağa çalışan Əzim özü şəhid olub.

Şəhidin ailəsi Ağdamın Xıdırlı kəndindən məcburi köçkün olaraq Mingəçevirə pənah gətiriblər. Atası Fikrət Həsənov birinci Qarabağ savaşının iştirakçısı olub. Ata deyir ki, biz o torpaqları ala bilmədik, amma bizim övladlarımız qanı, canı bahasına  ata-baba yurdumuzu düşmən tapdağından azad etdilər.

Bir qız,bir oğlan anası olan şəhid anası  Şəhla Həsənova övladları ilə fəxr etdiyini deyir. Əzim hər zaman anasına tarixdə iz qoyan şəxs olacağını deyirmiş. Sonuncu dəfə danışan zaman anasına qələbə qazandıqlarını bildirib. Şəhla ana öz oğlunu itirsə də, Azərbaycanın bir qəhrəman qazandığını deyir.

Tarixi çox sevirdi Əzim Həsənov. Həmişə qəhrəmanlarla maraqlanardı. Tarixi şəxsiyyətləri soruşurdu dərsdə. Tarix müəllimi Tural Məmmədov belə xatırlayır Əzimi: ”Tarix fənnini yaxşı oxuyurdu. O özü də bir tarix yazdı. Özü də o bu tarixi canı bahasına yazdı. Biz onunla nə qədər qürur duysaq azdı.Məkanı cənnət olsun bütün şəhidlərimizin! “

Esmira Hidayətova, Mingəçevir