“O olmasın, bu olsun” deyə bilmərəm”

0
479

QVAMİ MƏHƏBBƏTOĞLU

(“Neftçi”nin Müşahidə Şurasından “reportaj”)

– Həzarat, bura yığışmağımızın səbəbi sizə məlumdur. Bir daha xatırladım ki, Topaz Premyer Liqasının VIII turunda öz meydanımızda “Qəbələ”yə 0:1 hesabı ilə uduzandan sonra komandamızın baş məşqçisi Samir Əliyev musiqi sədaları, daha doğrusu, azarkeşlərin fit sədaları altında istefa verdiyini bəyan edib. Bəri başdan deyim ki, Samirin bizimlə məsləhətləşmədən “istefa” sözünü dilinə gətirməsi məndə şübhələr oyadıb. Amma bir o qədər də yox… Görünür, o kimlərinsə təsiri altına düşüb. O hələ cavandır, çox mətləbləri başa düşmür. Bunu ona bağışlamaq olar. Nə isə… Bəziləri elə düşünür ki, onun istefasını qəbul edib, “Neftçi”nin sükanı arxasına bir babat məşqçi gətirmək lazımdır. Amma kimi? Məsələn, Böyükağa Hacıyevi baş məşqçi postuna gətirsək, gərək mən buradan baş götürüb gedəm. Nədən ki, o başdan-ayağa dedektivdir. Bir də bəzi həmkarlarımız elə bilərlər ki, haqqımızda hər cür dürlü-dürlü ifadələr işlədən şəxsdən ötrü sinov gedirik. Hə, nə olsun ki, onun bir zamanlar komandamıza çox xeyiri dəyib. Vallah, Böyükağanı məşqçi postuna gətirsək, o, bizdə sirr qoymaz, hamısını bir ucdan mətbuata ötürər. Nəticədə qalan yerdən də biabır olarıq. Bir də onu gətirsək, o elə şərtlər irəli sürəcək ki… Yox, o heç zaman bura gələ bilməz və gəlməməlidir. Əgər Ağasəlim Mircavadovu gətirsək, lap yanlış addım atmış olarıq. Nədən ki, onun Böyükağadan heç bir fərqi yoxdur. Eşitdiyimə görə, onlar dostdurlar. Bəs kimi? Olmaya Əsgər Abdullayevi, hə? Eh, onu da hələ ki yaxşı tanımırıq. Qoy bir az bizim Müşahidə Şurasında fırlansın, sonrasına baxarıq… İndidən ona elə bir mühüm postu etibar eləmək doğru olmaz.

Vallah, həzarat, hamısından yaxşısı budur ki, elə bizim Samir Əliyev işini davam etdirsin. Çünki təcrübəmdən bilirəm ki, o nə şişi yandırır, nə də kababı. Bu sözlər ilə mən Samiri əsla askarbit eyləmək istəmirəm. Yeri gəlmişkən, hərçənd mənim özümü də askarbit eləyənlər olur. Mən yenə povtarit eləmək istəyirəm ki, qəsdim Samiri askarbit eləmək deyildir. Amma mən onu yetirmək istəyirəm ki, pozvolte, Samirin nəyi və harası mənə xoş gəlir ki, ondan ayrılmaq istəmirəm? Təcrübəsimi? Xeyr, Samir bəy təcrübəli məşqçi deyil, ortabab futbolçu olub. Qocalığımı? Yox, bayaq ərz etdim ki, Samir cavandır. Bəs nəyi? Neujeli Samir Əliyevin futbol aləmindəki öz fəlsəfəsi? Xeyr, xeyr, o belə bir uzman deyil. Nakones, bəs nəyi? Bu saat ərz eləyim. O indiyədək bir sözümüzü iki edibmi? Yaxud bizdən nəsə tələb edibmi? Yox. Vəm dübarə deyirəm: yox… Deməli, Samir bəy çox sözəbaxan bir insandır. Hə, yadıma düşmüşkən, o həm də bizə görə həmişə sinəsini irəli verən bir məşqçidir. Məgər elə həmin oyundan sonra demədimi ki, bəs “Neftçi”nin məğlubiyyətlərində bütün məsuliyyət mənim boynumdadır. Amma başqası olsaydı, deyərdi ki, bu məğlubiyyətlərdə Çingiz Abdullayevin də günahı var, üstəlik, Bəhram Bağırzadənin də… Mənə elə gəlir ki, “Neftçi”nin yaxın gələcək üçün nəzərdə tutduğu strateji hədəfləri var ki, onlara məhz Samir Əliyevlə çatmaq mümkündür. Axı bunu Müşahidə Şurasının üzvləri, həmçinin Samir bəy də yaxşı bilir ki, biz onsuz həmin hədəflərə çata bilmərik. Yəni hər şey qarşılıqlıdır. Elə bu səbəbdən, həzərat, rica edirəm ki, onun istefası qəbul olunmasın. Yenə deyirəm, şəxsən mən onunla çalışmağı özümə böyük bir fəxr bilirəm. Ona görə gəlin bir az şadyanalıq edək. Bir neçə nəfər dost-tanış da çağırmışam, indi gələrlər… Məclisə tamadalıq da özüm edəcəyəm. Bir sözlə, həzərat, baş məşqçinin kim olmasının məndən ötrü təvafütü böyükdür, odur ki, mən bizim Məşədi İbad kimi “o olmasın, bu olsun” deyə bilmərəm. Odur ki, bir daha deyirəm: məhz o olsun…