“O hadisələr gözümüzün önündə olub deyə hələ bu günə qədər özümüzə gələ bilmirik”

537

Xocalı soyqırımının törədildiyi vaxtdan 25 il ötür. Bu illər ərzində xocalılar öz el-obalarından perik düşdü, bir çox zülmlər, əzab-əziyyətlər çəkdilər. Xocalı faciəsi ilə bağlı katablar yazıldı, filmlər çəklidi, mahnılar bəstələndi. İndi hər bir Xocalı sakini deyir ki, gülsək də, danışsaq da qəlbimizdəki yaranın qaysağı göynəyir. Onlar hamısı şəhid ailələridir. Mingəçevir şəhərindəki xocalılar yaşayan qəsəbədə məskunlaşanlar arasında elələri var ki, soyqırımı zamanı 46, eləsi var 34, eləsi var 27 qohumunu itirib.” yeniavaz”ın əməkdaşı bu ailələrlə görüşüb onların dərdlərinə şərik olmağa çalışıb

Qəlbi yaralı Xocalı sakinləri…

Əvvəlcə Xocalıda törədilmiş qətilamın canlı şahidi olmuş, faciə zamanı bütün ailə üzvlərini itirmiş Baloğlan Allahyarovla həmsöhbət olduq. Baloğlan dayının artıq 75 yaşı var. O, deyir ki, bu faciə həyatını qaraldıb: “Oğlum, gözümün ağı qarası Etibar balamı, yoldaşımı, gəlinimi itirdim. Onların cəsədlərini də tapa bilmədim. Mənə ən böyük dərd verən də budur. Mən bu gün də onların ruhu ilə danışıram, dərd əlindən xəstəlik məni yaxaladı. İkinci dəfə ailə həyatı qurdum. Şəkinin uşaq evindən 4 yaşlı bir qız uşağı da götürüb saxladıq. Sonradan Allah mənə iki oğul payı verdi. Böyük oğlumun adını Etibar qoydum. Beləliklə, Etibarı yaşadıram.Təskinliyimi ondan alıram. Etibar bu yaxınlarda əsgər gedəcək. Bir Xocalı sakini kimi bizə yaradılan şəraitdən çox razıyam. Dövlətimizin başçısı İlham Əliyev bizim üçün hər cürə şərait yaradıb. Mingəçevirdə də bütün şəhər rəhbərliyindən razıyam. Bir ağsaqqal kimi həmişə hörmətimi saxlayıblar. Bircə niskilim Qarabağdandır. Bircə dəfə Xocalı torpağını görsəydim, övladlarımın yanına üzüağ gedərdim. Biz yaşadıq, bizi yaşatdılar, amma mənim ailəm cavan həyatdan getdi. Bax, məni yandıran da budur”.

Xocalıdan olan keçmiş döyüşçü, Qarabağ müharibəsi veteranı, Alim İsmayılov dedi ki, kaş bu gün Xocalıya qayıdış müsahibəsi alaydınız: “Biz 25 ildir bunu gözləyirik. Hamı kimi bizim də arzumuz doğma torpaqlarımıza qayıtmaqdır. Xocalı soyqırımı dünyada misli görünməyən bir dəhşətdir. Amma hələ də Xocalıya ədalət verilməyib. Hələ də gözlərimin önündən Xocalının yerlə yeksan edilməsi, insanların amansızlıqla qətlə yetirilməsi getmir. Od-alovun içində yanan Xocalı nə yaddaşlarımızdan silinir, nə də qəlbimizdən”.

“Niskilim torpaqlarımızdan, bir də bu iki nəvələrimdəndir”

Xocalı sakini Orucov Çərkəz öz ağrı-acısını dilə gətirərək 25 ildir Mingəçevirdə məskunlaşdığını bildirdi: “Hər bir Xocalı sakini kimi mənim də problemim, dərd-sərim var. 11 övlad atasıyam. Onlardan biri rəhmətə gedib. Yoldaşımda rəhmətə gedib. Mən indi rəhmətə gedən övladımın övladlarına baxıram. Bu nəvələrim hər iki valideynini itirib. Mənim də 76 yaşım var. Artıq gücüm tükənib. Onların iş problemi var. Əgər iş yerləri olsaydı, yenə özləri-özlərinə baxardılar. Yaşadığımız qəsəbənin yol problemi də var. Ötən il “Azərsu” tərəfindən su-kanalizasiya xətlərinin dəyişdirilməsi zamanı asfalt örtüyümüz dağıldı. Yaşlı adamam bazara gedəndə taksi yolların bərbad olmasına görə qapıya qədər gətirmir. Niskilim torpaqlarımızdan, bir də bu iki nəvələrimdəndir. Mən bu gün varam, sabah yoxam”.

“Övladlarımız işsizdir”

Hacıyeva Güllü, Məmmədova Səyalı şəhid ailəsi üzvləridir. Xocalıdan olan bu xanımlar deyir ki, torpaqlarımız alınsa, iməkləyə-iməkləyə gedərik el-obamıza: “Min şükür, birtəhər dolanırıq. Amma övladlarımız işsizdir. Ailələri çox əziyyət çəkir. Qardaşım, bacım hamısı Xocalıda faciə zamanı qətlə yetiriliblər. Onların övladları qaldı. Hamısını böyüdüb ev-eşik elədik. Amma onlar da işsizdirlər. Dolanmaq çətindir. Biz ürəyi yaralı insanlarıq. O hadisələr gözümüzün önündə olub deyə hələ bu günə qədər özümüzə gələ bilmirik”.

“Oturduğumuz yerdə bəlaya düşdük”

Məmmədova Sayalı deyir ki, ağ saçlı gəlinimin üzünə baxa bilmirəm. Oğlum şəhid oldu. Onun yasını da verə bilmədik o qaça-qovda. İndi bu dərdlər ürəyimizdə bir yara bağlayıb. Oturduğumuz yerdə bəlaya düşdük. Gözəl Xocalımız var idi. Yerlə-yeksan etdilər, viran qoydular yurdumuzu, bizi də yurdsuz-yuvasız. Torpaqlarımız erməni vəhşilərinin ayaqları altında tapdalanır, bax buna dözə bilmirik”.

Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

Esmira Hidayətova, Mingəçevir