O, getdi… Amma və lakin…

445

Dünən sonuncu cümə axşamısı idi, sabah qırx mərasimi olacaq.
O, getdi…
“Bu dünya əskidəndir səhneyi bidad şəklində,
Cahan başdan-başa meydani-matəmzad şəklində”(M.Hadi)
O, getdi…
“Yolla gedən olmasa bilinməz
Bilinməz – gedir bu yol, ya gəlir” (K.Abdulla)
O, getdi…
Qəlbində Füzuli eşqi, əməllərində xeyirxahlıq…
Və dedi: “Füzulinin şəxsən məndən ötrü danılmaz saydığım tövsiyyələri çoxdur. Misal üçün, ulu şair deyir:
– Dəm xeyr sözündən ur dəmadəm,
Vər xeyir dəməzsən – əbsəm, əbsəm!
Yəni ki, daima xeyir sözündən dəm vur, əgər demirsənsə sus, sus! Sözün qüdrətini, yazılmış və ya söylənilmiş sözün təsirini çox yaxşı bilən Füzuli məhz buna görə «xeyir sözündən» dəmadəm dəm vurur. «Şər sözün»un qara, dağıdıcı enerjisinin etgisi ən möhkəm, ən sərt nəsnə və anlayışları çürüdüb də heçə çevriməyə qadirdir. Bunu bu gün artıq elm də təsdiqləməkdədir…”.
O, getdi…
Amma və Lakin…
Ruh və hikmətin harmoniyasından yoğrulmuş “Yuğ” adlı məbəd yaratdı.
O, getdi…
Diogen çəlləkdən dünyaya baxırdı, o, “hamamdan” dünyaya baxdı – insanları buraya paklaşmağa səslədi, seyrçilərə pak olub da “hamamdan” dünyaya baxmağı öyrətdi.
O, getdi…
Amma və Lakin…
“İfa edən olmasa, dünyanın ən yaxşı oyunları da heç nəyə dəyməz: xalq bu ifaçılara böyük adam deyir” (F.Nitsşe)
Bu böyük adam – istedadlı aktyor,
novator rejissor,
böyük müəllim,
güclü təşkilatçı,
gözəl qələm sahibi,
bütöv, mətin-kamil şəxsiyyət
Zamanın, insanların sınağından qələbəylə çıxdı. Amma və lakin canı hesabına…
O, getdi…
“Bütün dinlərdə – istər çoxallahlı, təkallahlı və ya buddizm olsun – bir ümumi, ali arzu var: cənnətə düşmək arzusu”(F.Rossif)
O, getdi…
əlində cənnətin ünvanı…
Və dedi:
“Şəhidlik bir yoldur –
könüllü, düşünülmüş, səbirli, dözümlü…
Şəhidlik bir sınaqdır –
amansız, güzəştsiz, qaçılmaz.
Şəhidlik bir təntənədir –
ideyanın, amalın, inamın…
Şəhidlik bir hədiyyədir –
Allahın, zamanın, tarixin”.
O, getdi…
Allahdan, zamandan, tarixdən öz hədiyyəsini alıb…
Və geriyə baxmadan bizlərə dedi:
“Mən gələr olmadım, Yolu qarşıla” (Salam)…
Amma və Lakin…
Dünən sonuncu cümə axşamısı idi Vaqif İbrahimoğlunun, sabah qırx mərasimi olacaq… Behiştin mübarək, ruhun şad Vaqif müəllim!
Vidadi Qafarov

17.06.2011-ci il