O gələn deyil

639
Yenə qonşular başladılar oyuna. Dedim, düşüm, baxım görüm bu gün kimin üzü güləcək. Məndən iki mərtəbə aşağıda yaşayan Xankişi qonşu binanın sakini Güləhməd kişi ilə oynayırdı. O birilər isə dövrə vurub diqqətlə oyunu izləyirdilər. Xankişi zərləri əli nin içində oynada-oynada ətrafına göz gəzdirib soruşdu:
– Neçə gündür ki, qonşumuz Həsən kişi gözümə dəymir. Bəlkə xəstələnib, xəbərim yoxdur?

– Yox, xəstə-filan deyil, yazığın bir ayağı bankdadır. Deyəsən, o, bu gün də kreditini ödəməyə banka gedib.

Bu sözləri Həsən kişi ilə ən ünsiyyətdə olan Nurməmməd dedi.

– Bu gün də deyəndə belə çıxır ki, onun bir neçə banka borcu var?

– Hə, mən biləni düz üç banka…

– Bu necə ola bilər axı?

– Həsən kişi hansısa bankdan kredit götürmüşdü, amma onu ödəyə bilmədi. Odur ki, kreditini bağlamaq üçün növbəti kredit xəttinə müraciət etdi. Bundan da bir şey hasil olmadı… Xülasə, Həsən özünü elə bataqlığa salıb ki, çıxması müşkül məsələdir. Vallah, bu banklar da lap həddini aşıblar. Yəqin, bilirsiniz, kommersiya banklarının kredit faizləri 20 faizə qalxıb. Yaxın 3-4 ildə bu göstərici 30-40 faizə qalxmasa yaxşıdır. Halbuki 10 il öncə bu faiz 10 faiz təşkil edirdi. Buraya komissiya haqlarını da əlavə etsək, illik faiz dərəcəsi gəlib çıxır kəllə çarxa. Ən maraqlısı da odur ki, Mərkəzi Bank illərdir bank fa izlərinin endirilməsinə çalışsa da, nəticə əldə edə bilmir.

Xankişi: “Tələsməyin, onların da köpünü alan tapılır”, – deyərək zərləri atdı, “şeş qoşa” düşdü. Xankişi birdən uşaq kimi sevincək qışqırdı:

– Az zər, ver də verim bunun dərsini. A kişilər, mən bu Güləhmədə deyəndə ki, gəl təşkil etdiyim nərd kursuna yazıl, bu oyunun sirlərinə yiyələn, o, etiraz etdi. İndi çək cəzanı…

– Qonşu, məni ələ salmısan?

– Neyləyim, sənin kimi kişini ayaq altına salası deyiləm ki? Gücüm əlimə çatır da… Güc demişkən, ye cücə, gəl gücə…

Qonşular onun bu sözlərinə bir nəfər kimi gülüşdülər.

Güləhməd Xankişinin bu atmacasına cavab vermək istəyirdi ki, cib telefonu səsləndi. O: “Heç hənanın yeridir?” deyib telefonu könülsüz açdı. Telefonda kiminsə onu hədələdiyi açıq-aydın eşidilirdi. Güləhməd kişi: “Mənim imkanım 50 manata çatdı”, – deyərək telefonunu hirslə söndürdü və öz-özünə dilləndi: “Mənə nə axı oğlun üçün şadlıq sarayında təşkil etdiyin toyda stolun biri sənə 70  ma nata başa gəlib? Bir qədər ucuz yer tapaydın da… Bu kimlərləsə bəhsə giricək, ziyanı mən çəkməli olacağam? Yorğanına bax, ayağını uzat da…Sən mənim kimilərə ümid olma da… Sən axı bilirsən ki, mən aldığım maaşla ailəmi güclə dolandırıram”.

– Elə biz də sənin günündəyik, – deyərək Zərbəli kişi ona ürək-dirək verməyə çalışdı. Lakin Güləhməd kişi sakitləşmədi ki, sakitləşmədi. O, bir qədər gileylənəndən sonra zərləri nərdtaxtanın üstünə ataraq yerindən qalxdı:

– Gedib o şərəfsizin dərsini verməsəm, məndən alçaq adam yoxdur…

Qonşulardan kimsə onu fikrindən döndərə bilmədi. Güləhmədin gedişindən sonra ortaya bir müddət sükut çökdü. Hətta nədənsə kimsə Güləhmədin yerində oturub onun yarımçıq qalmış oyununu davam etdirmək istəmədi. Sükutu Xankişi üzünü mənə tutmaqla pozdu:

– Qonşu, bəlkə sən bilərsən, indi yas məclislərində israfçılığın qarşını almaq məqsədilə müəyyən tədbirlər görülür. İnandırım səni, səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir?

Məndən qabaq Kəramət dilləndi:

– Çünki o şadlıq saraylarının arxasında elə imkanlı adamlar durublar ki… Lazım gəlsə, bir günün içində bu sahədə dönüş yaratmaq olar.

Xankişi: “Məsələ aydındır, təcrübəmə əsasən bilirəm ki, dediyiniz o lazım gələn deyil”, – deyərək növbəti rəqibini səslədi.  Qvami Məhəbbətoölu