“O, dilçiliyimizin özüdür”

0
358

Görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, “Şöhrət” ordenli Ağamusa Ağası oğlu Axundovun anadan olmasından 85 il ötür.

Azərbaycan dilinin fonemlər sisteminə dair ilk mükəmməl əsərin (“Azərbaycan dilinin fonetikası”) müəllifi olan, türk dillərinin səs quruluşu, təbiətindən irəli gələn bəzi səciyyəvi qanunauyğunluqları üzə çıxaran və Azərbaycanda dilçilik məktəbini formalaşdıran Ağamusa Axundov dilə həmişə xalqın özünüdərkinin atributu kimi yanaşıb. Onun çoxillik axtarışlarının nəticələri ölkədə və onun hüdudlarından kənarda 500-dən çox elmi əsərdə, 30-dan artıq kitabda, monoqrafiya və dərsliklərdə əksini tapıb.

Alimin rəhbərliyi ilə 40-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qənbərovanın sözlərinə görə, Ağamusa Axundovun belə bir kəlamı var: “Məncə, insanın ən böyük xoşbəxtliyi öyrəndiklərini başqalarına öyrətməkdir. Çox sevinirəm ki, mənim öyrətdiklərim sayca çoxdur və onlar dünyanın hər yerində fəaliyyət göstərirlər”. “Mən də onun tələbələrindən biriyəm” sözləri ilə fikrini davam etdirən Qüdsiyyə xanımın dediyən görə, Ağamusa müəllim bütün həyatı boyu ancaq və ancaq dediyi kimi yaşayıb: “Vaxtilə bir müxbirin ona verdiyi – “Öyrənməkmi asandır, yoxsa öyrətməkmi?” – sualına Ağamusa müəllim özünəməxsus cavab verib: “Mənim üçün öyrənmək də, öyrətmək də vacibdir. Birincidə özün zənginləşirsən, ikincidə öyrətdiklərin şəxsiyyət kimi formalaşır”.

O daha sonra dedi: “Akademik A. Axundov XX əsrdə Azərbaycan dilçilik elminin yetişdirdiyi əsas simalardan biridir. Ağamusa müəllimin elmi irsi filologiyanın bütün səviyyələrini əhatə edir. Onun yaradıcılığında dil və ədəbiyyatın sintezi daim nəzarətdə olub”.

Qüdsiyyə Qənbərovanın fikrincə, Ağamusa müəllim dünyəvi alim idi. Onun fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb. A. Axundov Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyasının bir çox şəhərlərində, eləcə də Yaponiya, İraq, Türkiyə və s. ölkələrdə Azərbaycandakı dilçilik elminin təmsilçisi kimi fəaliyyət göstərib. Təkcə onu demək yerinə düşər ki, A. Axundov 1965- 1966-cı illərdə Qahirənin Eyn-Şəms Universitetində ingilis dilində Azərbaycan dili və ədəbiyyatından dərs deyib”.

Akademik A. Axundovun AMEA-da fəaliyyət göstərdiyi illər Azərbaycanın öz müstəqilliyini yenidən qazanması illərinə təsadüf edir. Bu illərdə, məlum olduğu kimi, Türkiyə Cümhuriyyəti ilə qarşılıqlı elmi əlaqələrin intensivləşməsi nəzərə çarpırdı. Heç də təsadüfi deyildir ki, həmin zamanlar “Azərbaycan Dialektoloji lüğəti” (I, II ciltler, Ankara 1999, 2003) kaynak kitabı, Prof.Dr. Ahmet Bican Ercilasunun desteyi ilə və Prof. Dr. A. Axundovun təşəbbüsü ilə Türk Dil Qurumunda yayınlanıb. Eyni zamanda I Türkoloji Qurultayın 80 illiyinin Bakıda keçirilməsi (2006-cı il) baş tutub. Türk dilindən söz düşəndə isə o belə deyərdi: “… Əlbəttə, dünyada türk dili çox əzəmətli dildir. Geniş ərazidə yayılmış dildir. Dünya xalqlarının kök dilini axtarası olsaq, bəlkə də, bu dil əsas dillərdən biri ola bilər. Çünki bu dildə danışanlar elə dünyanın mərkəzində yaşayırlar. Dünyanın ən inkişaf etmiş əraziləri bu dildə danışanların məkanıdır. Və bu çox böyük bir ərazini əhatə edir”. Təsadüfi deyildir ki, bütün türk dünyasının “hocaların hocası”, “türkologiyanın başı” kimi epitetlərlə qiymətləndirdiyi mərhum Tofiq Hacıyev Ağamusa müəllimi səciyyələndirən bir hökmü ilə nöqtə qoyub: “O, dilçiliyimizin özüdür”.

Məlumat üçün bildirək ki, Ağamusa Axundov 5 sentyabr 2015-ci ildə vəfat edib.

Qvami Məhəbbətoğlu