O da bu işin öhdəsindən gələ bilməyəcək

525
Bu yaxınlarda metronun “Nizami” stansiyasının qarşısında növbəti abadlıq işləri aparıldı. Özü də gediş-gəlişə heç bir maneə törədilmədən.
 Əlbəttə, bu, təqdirəlayiqdir. Yeri gəlmişkən, xatırladaq ki, “Nizami” metrostansiyasının qarşısı və onu yaxınlığının vəziyyəti ürəkaçan olmadığından buraya üç il əvvəl əməlli-başlı əl gəzdirilmiş və bu məkan gözəl mənzərəli bir əraziyə çevrilmişdi. Eşitdiyimə görə, həmin abadlıq işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirmişdi. Bu məkanın niyə tez bir zamanda yararsız hala düşməsindən söz açıb bir çoxlarının qanını qaraltmaq istəmirəm. Amma mən növbəti təmir-bərba işlərindən sonrakı başqa bir qanqaraldıcı məsələdən söz açmaq istəyirəm. Yəqin, bəziləri deyəcəklər ki, qan qaraltmaq elə sənin peşəndir də… Hər köşəndə kiminsə qanını qaraltmasan, ürəyin yerinə gəlmir ki? Neyləyim, mən də bu sahə üzrə ixtisaslaşmışam da… Bəziləri də irad tutacaqlar ki, konkret ad çəkmədən qan qaraltmağın nə mənası var axı? Bəli, bəzən konkret ad çəkmirəm. Ona görə yox ki, kimdənsə qorxuram, ya çəkinirəm. Mənim fikrimcə, hər kəs öz fitini yaxşı tanıyır. Bu mənada unutmayın ki, bu kimi işlərə fətva verənlər fitə tərəf də boylanırlar. Hə, indi də keçək mətləbə. Bəli, artıq on gündən çoxdur ki, metronun “Nizami” stansiyasının qarşısından hər bir şəhər sakininə doğma olan, addımbaşı rastlaşdıqları “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” sözləri yazılmış lövhələr götürülüb. Bu isə o deməkdir ki, həmin ərazidə abadlıq-təmir işlərinə yekun vurulub. Yenə də mətləbə keçməmişdən öncə qadağan işarəsinin olmasına baxmayaraq, burada da dayanmaq istəyirəm. Bəli, indi paytaxtın harasına üz tutursan, “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmış lövhələri görmək mümkündür. Amma nədənsə tıxac yaranan küçələrdə belə lövhələrə rast gəlmək mümkün deyil. Görünür, belə üzrxahlıq yol polisi əməkdaşlarının ağıllarına gəlməyib. Yoxsa onlar da belə lövhələrdən istfadə edərdilər. Bir həmkarımın yazdığı kimi, başa düşürük, yol da, körpü də, keçid də bizim rahatlığımız üçündür. Amma kimsə zəmanət vermir ki, bu çətinliklər müvəqqətidir? Bu narahatçılıqdan ürəyi sıxılan və xəstəlik tapan insanların sonrakı rahatçılığı nəyinə lazımdır? Əsəbləri pozulan, yatağa düşən adamları sonrakı rahatçılıq sağaldacaqmı? Görəsən, dünyanın hər yerində yol çəkəndə, körpü salanda insanlara belə əziyyət verilir? Deyəsən, bu yazını yazarkən çox “ostonovka” elədim?Hə, onu deyirdim axı. Lakin təmir-abadlıq işləri getmiş həmin ərazidən artıq qalmış inşaat materiallarını yığışdırmaq nədənsə kimsənin yadına düşməyib. Belə ki, orada hələ də istifadə olunmamış ən azı bir tona yaxın qum qalmaqdadır. Bakı küləyi həmin qumu ərazi boyu gah o tərəfə sürükləyir, gah da bu tərəfə. Buradan qalxan qum dənəcikləri yeni təmirdən çıxmış evlərin şüşələrini qaraldır. Yaxınlıqda dayanan   nəqliyyat vasitələrinin içərisinə daxil olur. Ən əsası, heç bir maneə olmadan oradan keçən insanların ciyərlərinə dolur.Hər gün oradan keçəndə mən də bundan “feyziyab” oluram.  Mənə elə gəlir ki, bu işin içində nəsə başqa bir iş var. Bunu anlamaq üçün mənim ağıl və dərrakəm hələ yetərli deyil. Amma dərk etdiyim budur ki, buradan keçən hər kəs əməlli-başlı narahatlıq keçirir. Hamı bir-birindən soruşur, nə məsələdir? Təbii ki, heç kim normal bir açıqlama verə bilmir. Bəziləri isə zarafatlarından qalmayaraq: “Nə olduğunu biz də bilmirik, yəqin “Kinder surpriz”dir. Ümid Bakı küləyinə qalıb”, – deyirlər. Amma öz aramızdır, bu və ya digər ərazidə gedən hər abadlıq-təmir işlərindən sonra bu qədər əlavə inşaat materialı qalsa, Bakı küləyinin işi lap fəna olacaq. Heç o da bu işin öhdəsindən gələ bilməyəcək, yaxud da zora düşəcək. Çünki onsuz da Bakı küləyinin kifayət qədər işi var… Onu bu qədər yükləməyin mənası nədir axı?

Mənə elə gəlir ki, həmin qum topasına da “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” lövhəsi vurulsaydı, kimsə narazılıq etməzdi. Çünki şəhər əhli artıq buna adət edib. Deyirəm, bəlkə, bu missiyanı mən yerinə yetirim, hə? Nə deyirsiniz? Çünki bu yazıda müxtəlif mövzulardan söz açmaqla mən də sizin rahatlığınızı pozdum. Odur ki, deyirəm: “Müvəqqəti narahatçılığa görə üzr istəyirəm”.  Qvami Məhəbbətoöğu