“O, bunu bacardı”

444

O, həyat mücadiləsi ilə bir faciənin ardından ayaqda qalmağı bacardı. Öz üslubu ilə bir faciədən sonra da ruhdan düşmədi, Türkiyə milli komandasının əsas heyyətində yer aldı. Söhbət futbolçu karyerasını Almaniyada davam etdirən müdafiəçi Ömər Toprakdan gedir. Toprak başına gələn faciəni belə nəql edir: “Bəzən hobbi olaraq dostlarımla kartinq yarışı təşkil edərdik. 2009-cu il iyunun 9-da yenə birlikdə belə bir yarışa yollandıq. Mən ikinci sırada yer alırdım. Yarış başlandı, məndən öndə yarışan dostumun maşınını keçmək üçün şans yaranmışdı. Bir az sonra dostum idarəetməni itirdi və yan tərəfdə təhlükəsizlik üçün düzülmüş avtomobil şinlərinə çırpıldı. Onun avtomobili bu zərbədən sonra geri döndü və mənim sürdüyüm maşının yanacaq çəninə çırpıldı. Yanacaq çəni partladı və benzin üstümə töküldü. Partlayışı görər-görməz özümü itirdim və əyləcə basdım. Bir andaca vücudumu alov bürüdü. Ani bir reflekslə özümü yerə atdım. Bir xeyli yerdə yumalandım. Sonra yoldaşlarım gəlib paltarımı əynimdən çıxarmağa çalışdırlar. Tezlijlə orada çalışan işçilər alovu söndürdülər. Belə bir şeyi bir filmdə görmüşdüm”.

 

“Xəstəxanada yatmaq

yaxşı şey deyil”

Beləcə, bu hadisədən sonra onun həyatı bir andaca kabusa dönür. Halbuki bu qəzadan 2 gün öncə Almaniyanın ən çox oxunan “Kikker” jurnalı onu gələcəyin ən perspektivli mərkəz müdafiəçilərindən biri olaraq göstərmişdi: “19 yaşlı futbolçu sakit, planlı oyunu və sürəti ilə mövsümün ən yaxşı oyunçusudur”, – deyə jurnalın əməkdaşı yazmışdı. Amma Ömərin əsl hekayəsi bundan sonra başladı. Reanimasiyada üç gün, xəstəxanada 2 ay qalan Ömər mediada yer alan “bir daha futbol oynamayacaq” xəbərinə inad olaraq ayağa durmağı bacardı. Öncə təkbaşına, ardınca komanda ilə məşqlərə qatıldı. “Frayburq”la Bundesliqa səhnəsinə çıxdığı zaman isə qəzanın üzərindən 7 ay keçmişdi. Mövsüm bitdi, liqanı ikinci sırada bitirən “Bayer”ə transfer oldu və Çempionlar Liqasında forma geyindi. Son olaraq Türkiyə yığmasına çağırıldı, Zaqrebdə Xorvatiya qarşısında ilk dəfə oynadı. Hər şey çox sürətli inkişaf elədi. Ömər bir anda möcüzəvi geri dönüş hekayəsinin qəhrəmanı oldu: “İdmançı olduğum üçün hərəkətsiz qalmaq mənim üçün çox çətin idi. Sadəcə yatmaqla vaxt keçmirdi. Ailəm olmasaydı yəqin ki, depressiyaya girərdim. Təbii ki, bəzən insan aqressiv olur. Bəzən canı heç nə istəmir. Əlbəttə, xəstəxanada yatmaq yaxşı şey deyil. Bu çətin və sıxıcı olaylara rəğmən ailəmin sayəsində həyata pozitiv baxa bildim”.

 

“O qədər insanın sağalmağımı

istəməsi mənə əlavə güc verdi”

Ömərin böyük qardaşı Faruk Toprak da Almaniyaya Sivasdan köçən ailəsinin ona necə dəstək olduğunu bu sözlərlə izah edir: “Ömərə qarşı pozitiv enerji verməyimiz çox önəmli idi. Öncə sağalacağına, vəziyyətinin yaxşılaşacağına özümüz inandıq və yanına bu ruhla getdik. Çünki hər şey Ömərə bağlı idi. Ən önəmlisi isə onun psixoloji durumu idi. Biz doktor deyilik. Onun vəziyyətini tibbi cəhətdən yaxşılaşdıra bilməyəcəyimizə görə, edə biləcəyimiz tək şey ona mənəvi cəhətdən dəstək vermək idi. Biz də bunu etdik və düşünürəm ki, bacardıq”.

Ömərin yardımına tələsən, ona mənəvi cəhətdən dəstək olanlar sırasında ailəsi ilə birgə başqaları da var idi. “Frayburq”dakı məşqçisi Robin Dutt ikinci gün yanında idi. Ayrıca Türkiyə Futbol Federasiyasından Ərdal Kəsər, Almaniya Futbol Federasiyası rəsmiləri, Nuri Şahin, Hamit və Halil Altıntop da ziyarətinə gedirdilər, ya da zəng vururdular. Bundan başqa, onun adına bir sayt açıldı və minlərlə insan Ömərə “keçmiş olsun” diləklərini çatdırdılar. Ömər deyir ki, qardaşı saytda yazılan şərhləri kağıza çıxarıb ona gətirirmiş: “Bu yazılanları oxudum və oxuyarkən də özümü çox yaxşı hiss etdim. O qədər insanın sağalmağımı istəməsi sanki mənə əlavə güc verdi”.

 

“Doktorlar “oynaya bilməz”

dedikləri halda, o, bunu bacardı”

Doktorlar daha öncə belə bir vəziyyətlə qarşılaşmadıqları üçün Ömərin futbol oynayıb-oynaya bilməyəcəyi ilə bağlı konkret bir söz deyə bilmirdilər. Ömərin müəllimi Faruk Toprak qəza baş verən gün doktora belə bir sual vermişdi:

– Futbol oynaya biləcəkmi?

– İndi futbolu düşünməyin. Öncə reanimasiyadan, indiki ağır vəziyyətdən çıxmasına çalışmalıyıq.

Deyilənə görə, doktor Ömərin gələcəyi parlaq bir peşəkar futbolçu kimi xarakterizə olunduğunu öyrənəndən sonra ona daha yaxından diqqət göstərməyə başlayıb.

Aradan bir xeyli vaxt keçir, amma kimsə Ömərə futbola dönüb-dönməyəcəyi ilə bağlı konkret bir söz demir: “Kimsə mənə “olacaq” demədi, amma “olmayacaq” da demədilər. Ancaq mən olacağına ilk gündən etibarən inandım”.

Ömər xəstəxanadan çıxanda birbaşa məşq etdiyi meydançaya yollanıb. Hətta ailəsinin: “evdə bir az dincəlsin” tələbi də ona mane olmayıb: “Futbol üçün reabilitasiyaya başlamaq istəyirdim. Çox arzulu idim. Media “bir daha futbol oynamayacaq” yazmışdı. Bu məni çox əsəbləşdirmişdi. Təəssüf ki, heç nəyi bilmədən belə bir xəbər hazırlamışdılar. Məşqə başladıqdan sonra məşqçi mənimlə xüsusi olaraq məşğul oldu və bu da işimi bir az asanlaşdırdı”.

Bir yandan da komanda yoldaşlarının Bundesliqada oyunlarını izləyirdi. Dostu Rahman Soyudoğru gördüklərini belə nəql edir: “Məşqlərə ilk çıxdığı vaxt performansı çox aşağı idi. Doktorlar “oynaya bilməzlər” dedikləri halda o, Allahın köməkliyi ilə bunu bacardı. İnanılmazdır”.

 

“Vaxtım olanda da ya

kinoya gedirəm, ya da

“PlayStation” oynayıram”

Artıq qəza anları Ömərin yuxusuna girmir. Hər şey geridə qalmışdı. Karyerasının heç nə olmamış kimi yüksəlməyə davam etməsi şübhəsiz ki, onun işini xeyli asanlaşdırdı. Təbii ki, bu yaşadıqları davranışlarında da bəzi dəyişikliklərə səbəb oldu: “Qəzadan sonra pozitiv düşünən bir insan oldum deyə bilərəm. Məsələn, əvvəllər kiçik zədələr belə psixologiyamı pozurdu. Amma indi kiçik zədələr keçirsəm, vecimə deyil. Bir çoxlarının neqativ baxdıqları şeylərə artıq pozitiv baxıram. Qəza mənə bunları öyrətdi. Ona görə deyirlər ki, hər işdə bir xeyir var”.

Böyük qardaşı Faruk Toprak da Ömərin daha soyuqqanlı bir insana çevrildiyini söyləyir: “Artıq mediadakı bəzi yersiz şərhlərə, yazılara əhəmiyyət vermir. Qəzadan sonra “Frayburq”da 3-4 oyunda səhv etdi və qəribə də olsa, bu xətalar qola səbəb oldu. Mətbuat bunu çox müzakirə etdi və tənqidlər oldu. Amma bunların qarşısında soyuqqanlılığını qorudu. Qəzaya qədər bu həyatda Ömərin qarşısına iradəsini, əzmini sınaya biləcəyi bir imtahan çıxmamışdı. Qəzaya qədər mücadilə əzmi 80 faiz idisə, qəzadan sonra 120 faiz oldu”.

Bəs bu qəzada günahkar kim idi? Ömər həmin qəzaya səbəb olan dostu ilə yenə eyni münasibətdədirmi? Sualı belə cavablandırır: “Dostumu təbii ki, günahlandıra bilmərəm. Hələ də görüşürük, münasibətimiz əvvəlki kimi qalır. Amma deyim ki, o gündən bəri bir daha kartinq yarışına qatılmadım. Bundan sonra da qatılmayacağam. Onsuz da, bu kimi əlavə işlərə vaxtım qalmır. Vaxtım olanda ya kinoya gedirəm, ya da “Play Station” oynayıram. Təbii ki, bunlar daha təhlükəsizdir (gülür).