O bir azadlıq mücahidi idi…

493

Onun adı türk dünyası tarixində hörmət və məhəbbətlə çəkilir. Şimali Kiprin azadlıq mübarizəsinə başçılıq edərək onu soyqırmı dəhşətlərindən xilas edə bilən bu böyük şəxs – Rauf Denktaşın xatirəsi həmişə əziz tutulacaq. Rauf Denktaş 1924-cü il yanvar ayının 27-də günümüzdə Cənubi Kipr (Güney Kıbrıs) yunan icmasının nəzarəti altında olan Baf bölgəsində anadan olub. O, ixtisasca məhkəmə hakimi olan Mehmet Raif bəyin övladlarından ən kiçiyi idi. Amma həyat balaca Raufu anadan olduğu ilk günlərdən sınağa çəkməkdə idi. O, 1 yaş 5 aylıq olarkən anası vəfat etdi. Balaca Raufu ana və ata nənələri himayəyə götürdülər. Onlar balaca Raufa anasının itkisini unutdurmaq üçün ələrindən gələni edir, onun hər nazı ilə oynayırdılar. İllər ötəndən və Quzey Kıbrıs türklərinin azadlıq mücadiləsinə rəhbərlik edərkən dəfələrlə ölümlə üzləşən Rauf sonralar demişdi: “Həyatım boyu sinəmdə iki böyük sevgini, ana və vətən Kıbrıs məhəbbətini gəzdirdim, onları bir-birilərindən ayırmadım”.
Dövrünün böyük ziyalılarından olan Mehmət bəy mükəmməl təhsil alması üçün 6 yaşlı oğlunu İstanbula göndərdi. Balaca Rauf əvvəlcə Arnavutköydəki Fevzi Ati ibtidai məktəbində oxumağa başladı və sonra elə oradaca lisey təhsili aldı. O həmin dövrdə liseyin yataqxanasında qalırdı. İlk günlərdən məktəbdə müəllimlərinin diqqətini istedadlı bir şagird kimi cəlb edən Raufda bir mücadilə ruhu vardı. Xüsusi ilə Kıbrıs türklərinin ağır durumundan söhbət düşəndə o, yaşına uyğun olmayan bir tərzdə olduqca odlu-alovlu danışır və yunan zülmünün nə olduğunu ətrafındakıların hamısına anlatmağa çalışırdı. Orta məktəbi bitirdikdən sonra doğma vətənə qayıdan Rauf buradakı yerli liseylərdən birində təhsilini davam etdirdi. Atası Mehmet bəy Raufun təhsilini davam etdirməsini və dövrünün bilikli bir ziyalısı kimi yetişməsini arzulayırdı. Ona görə də o oğlu Raufa təhsilini davam etdirməsi üçün Kıbrısdakı ingilis liseyinə daxil olmasını tövsiyə etdi. Bu liseydə oxuduğu illər Raufun siyasi cəhətdən yetkinləşməsində əvəzsiz rol oynadı. 1941-ci ildə ingilis liseyini baş vuran Rauf əvvəlcə Maqusada tərcüməçiliklə məşğul olmağa başladı. Sonra o, məhkəmədə kiçik məmur vəzifəsində işlədi. Amma hiss edirdi ki, hələ ürəyi arzuladığı peşəyə yiyələnə bilməyib. Ona görə də bu işdən də çıxaraq bir il ingilis məktəbində müəllimlik etdi. Onun olduqca istedadlı və enerjili bir gənc olduğunu görən adadakı ingilis konsulluğu öz hesablarına Raufu ali hüquq təhsili alması üçün İngiltərəyə göndərdi. O, 3 il buradakı Linkoln İnn-də ali hüquq təhsili aldı. Raufun İngiltərədə ali təhsil aldığı illər II Dünya müharibəsi illərinə düşmüşdü. Həmin dövrdə İngiltərə faşist Almaniyasına qarşı mübarizədə iştirak edirdi və Londonda siyasi həyat qazan kimi qaynayırdı. Bu da Raufun siyasi dünya görüşünün formalaşmasında və sosial-demokratların təsiri altına düşərək onlara meyl etməsində mühüm rol oynadı. 1947-ci ildə ali təhsil alaraq vətənə qayıdan Rauf Denktaş burada vəkillik fəaliyyəti ilə məşğul olmağa başladı. 1949-cu ildə isə o hakimliyə başladı.
1948-ci ildən başlayaraq Denktaş bir müddət Kıbrıs valisi tərəfindən qurulan Anayasa Şurasının üzvü olaraq çalışdı. Amma yunanların Akel partiyası Şuranın fəaliyyətini boykot edəndən sonra Anayasa Şurası fəaliyyətini dayandırmağa məcbur oldu.
O, 1957-ci ilin sonlarında Kıbrıs Türk Qurumları Federasiyasının rəhbəri seçildi. Amma yunan icmasının türklərin adadan qovulmasını və qətliamlarını nəzərdə tutan gizli EOKA təşkilatını qurduğundan xəbər alan Denktaş dərhal iki nəfər yoldaşı ilə birlikdə Türk Müqavimət Hərəkatını qurdu. Bu təşkilat qısa müdddətdə ada türklərinin müqavimətini təşkil edə biləcək güclü bir quruma çevrildi. Qurumun “Nacak” adlı qəzeti də nəşrə başladı. Qəzetdə türklərə qarşı həyata keçirilən yunan soyqırımları barədə məlumat verilir və xalq buna qarşı müqavimət göstərməyə səfərbər edilirdi. Həmin dövrdə dinc türk sakinlərə qarşı yunanlar tərəfindən edilən hücumlar nəticəsində yüzə yaxın ada türki qətlə yetirilmişdi. Bu faktlar o dövrdə Türkiyə cümhuriyyətinin rəsmisi Fatih Zorlu tərəfindən BMT Baş Məclisində müzakirəyə çıxarıldı. Nəticədə Yunanıstan hökuməti adanın yunalar və türklər tərəfindən birgə hökumətinin təşkil edilməsinə razılıq verməyə məcbur oldu. Bu işdə Denktaşın da böyük rolu oldu.
1963-cü ildə adada yunanlar türkləri kütləvi şəkildə qətl etməyə başladılar. Bunu görən Denktaş Türkiyə rəhbərləri ilə məsləhətləşmək üçün Ankaraya getdi. Onun məqsədi Türkiyənin bu işə daha çevik müdaxilə etməsinə nail olmaq idi. Amma 1964-cü ildə Denktaş Makarios tərəfindən arzu edilməz adam elan olunaraq adaya buraxılmadı. Buna cavab olaraq Denktaş 1967-ci ildə bir qrup yoldaşı ilə gizlicə adaya çıxdı. Ancaq o, yunanlar tərəfindən tutuldu. Yalnız Türkiyə hökumətinin səylərindən sonra o azad edildi. 1968-ci ildə Denktaş yenidən adaya qayıtdı. O, 1970-ci ildə keçirilən seçkilərdə Türk Camaatı Məclisinin rəhbəri seçildi. Eyni zamanda o, 1973-cü ilə qədər Kıbrıs prezidentinin müavini və Türk İdarəetmə qurumunun rəhbəri kimi fəaliyyətini davam etdirdi. 1975-ci il fevral ayının 23-də isə Denktaşın təşəbbüsü Türk Federal dövləti yaradıldı. O bu dövlətdə Prezident və parlament sədri vəzifələrini icra etməyə başladı. Denktaş 1981-ci ildə ikinci dəfə federal dövlətin başçısı seçildi. 1983-cü il oktyabr ayının 15-də isə Denktaş Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaradıldığını elan etdi və o, 2005-ci ilə kimi onun rəhbəri olaraq fəaliyyət göstərdi
Denktaş yunanların və onların himayədarları olan beynəlxalq güclərin adada türksüz yunan dövləti qurmaq niyyətlərini yaxşı anlayırdı. Ona görə də heç vaxt beynəlxalq güclərin hər vasitə ilə türkləri yunan idarəsi altına salmasına xidmət edən layihələrinin, “sülh” anlaşmalarının reallaşmasına imkan vermədi. 1975-ci ildən başlayan danışıqların nəticə vermədiyini və yunanların adada təktərəfli qaydada yunan dövləti yaratmaq fikrindən əl çəkməyəcəyini görən Denktaş bunun qarşısını almaq üçün 1983-cü ildə Quzey Kıbrıs Türk Cimhuriyyətinin müstəqilliyini elan etdi. Əgər o vaxt Denktaş tərəfindən bu cümhuriyyət qurulmasaydı, onda bəlkə də günümüzdə adada bir nəfər də olsun türk qalmayacaqdı. O, 2005-ci ildə keçirilən prezident seçkilərində iştirak etmədi. Denktaş türk xalqını, millətini çox sevirdi. Qızının dediynə görə, Denktaş son nəfəsində “Kıbrısı sona kimi qoruyun”,-deyib.
Əziz Mustafa