“O adama yazığım gəlir…”

Qvami Məhəbbətoğlu

 

15 ildən artıqdır ki, Yeganə xanım Məmmədovanı tanıyıram. O, mənim iş yoldaşlarımdan biridir. Uzun müddətdir kirayənişin yaşayan və özünəməxsus xasiyyəti ilə başqalarından fərqlənən bu xanımı cəmi bircə dəfə ürəkdən deyib-gülən görmüşəm. O da bu ilin iyul ayının 22-də, yəni Mətbuat günündə… Həmin gün o, Prezidentin sərəncami ilə Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə tikilmiş 17 mərtəbəli, 156 mənzilli binadan ikiotaqlı mənzillə təmin olunmuşdu. O gün “Zaman” ailəsi də onun qədər sevindi. Dekabrın 24-də isə ona mənzilinin orderi təqdim olundu.

Yeganə xanıma ilk sualımız da bununla bağlı oldu.

– Bu diqqətə görə ən çox kimlərə təşəkkürününüzü bildirmək istərdiniz?

– İlk növbədə, hörmətli Prezidentimizə – İlham Əliyev cənablarına və onun timsalında bütün xeyirxah insanlara, çalışdığım “Zaman” ailəsinə, onun rəhbərliyinə, kollektivimizin hər birinə təşəkkürümü bildirirəm.

– Bəziləri mənzillərin alınması üçün irəli sürülən meyarları ədalətsiz hesab edir. Bəziləri də deyir ki, ümumiyyətlə, hökumət jurnalistə ev verməli deyil, mətbuata azad rəqabət meydanı yaratmalıdır. Bəs siz necə düşünürsünüz?

– Tam səmimiyyətimlə deyirəm: şəxsən burada bir ədalətsizlik görmürəm. Jurnalistlərə nəyə görə ev verilməməlidir ki? Əksinə, fikrimcə, həkim də, müəllim də mənzillə təmin olunmalıdır. Yəqin ki, inşallah, dövlətimiz gələcəkdə bunu da nəzərə alacaq. Qaldı azad rəqabətə, fikrimcə, Azərbaycanda azad rəqabət var, o mənada ki, jurnalist öz fikrini açıq şəkildə ifadə edə, deyə bilir. Əlbəttə, təhqir yolverilməzdir, haqlı tənqiddən isə heç kim inciməməlidir. Bu baxımdan məsələyə obyektiv yanaşsaq pis olmaz.

– Nə vaxtdan kirayədə yaşayırsınız? Mümkünsə, bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

– Təxminən 20 il olar. Kimsə deyəndə ki, kirayədə yaşayıram, o adama yazığım gəlir, ora-bura köçməyimi xatırlayıram. Ev sahibinin hamamının buxarı bizim otağın divarına bitişik olduğundan qızım qazdan zəhərlənmişdi. Hələ də müalicəsi davam edir.

– Kirayədə yaşayan bir mətbuat işçisinin digər kirayədə yaşayanlarla müqayisədə daha hansı çətinlikləri var?

– Nə deyim. Düzdür, elə kirayənişin var ki, məbləği yüksək, hər cür şəraiti olan mənzillərdə məskunlaşır. Amma nə qədər də olmasa, kirayənin adı kirayədir. Hər halda ağırdır. Mən belə düşünürəm.

 

“O, məni daha çox həvəsləndirirdi”

 

– “Zaman”da, demək olar ki, hər işin qulpundan yapışırsınız…. Siz gah müxbir, gah dizayner kimi fəaliyyət göstərirsiniz. Mən hələ mətn yığmağınızı, korrektor kimi də çalışdığınızı demirəm. Bunlardan hansı sizdə daha xoş ovqat oyadır? Yaxud hansı sizə daha çox zövq verir?

– Hamısı mənə zövq verən işdir. Çünki məktəb yaşımdan bu sahəyə marağım olub. Daha çox da jurnalistikaya. Müəllim ailəsində doğulmuşam, rəhmətlik atam ədəbiyyatçı olub, ömrünün 40 ilini gənclərin maariflənməsinə həsr edib. Ailə üzvlərim atamın yolunu davam etdirirlər – müəllimdirlər. Mən isə jurnalistikaya həvəs göstərdim. Uşaq yaşlarımdan elədiyim cızmaqaralarımın ilk oxucusu da atam olurdu, yaxşı yazmasam belə, o, məni daha çox həvəsləndirirdi. Qəzetləri birinci özüm oxuyurdum, elə bilirdim məndən əvvəl kim oxusa o yazı maraqsız, mənasız olacaq. Həmişə də düşünürdüm ki, görəsən, nə vaxtsa, mən də qəzetçi ola bilərəmmi? Ümumiyyətlə, mətbuat aləmində çalışmaq həmişə hobbim olub. Mən “Zaman”ın, “Zaman” mənim çətinliklərimə dözüb. Bəzən yaranan şəraitdən asılı olaraq gecəni iş başında keçirməli olmuşuq… Bu baxımdan qəzetin kollektivini bir ailə kimi sevmişəm. Hansı işin qulpundan yapışsam da, yenə elə bilirəm az iş görürəm. Həmişə özümü bu qəzetə borclu bilirəm, hər zaman…

– Mətbuat aləmində nə vaxtdan çalışırsınız?

– Tələbəlik illərini başa vurub mətbuata gəlmişəm. Bu gün nəyi isə yazmağı bacarıramsa, bu mənada vaxtilə çiyin-çiyinə işlədiyim Tofiq Abbasova, Dağbəyi İsmayılova borcluyam. “Zaman”da isə Əli bəydən, Osman bəydən, Ürfan müəllimdən çox şey öyrəndim…

 

“Jurnalistin də cəmiyyətin dəstəyinə ehtiyacı var”

– Siz Azərbaycan cəmiyyətinin mətbuata münasibətini necə qiymətləndirirsiniz?

– Söyləyəcəklərim bir az giley kimi səslənsə də, deməliyəm. Bilirsiniz, mənim aləmimdə jurnalist peşəsi bir növ həkimliyə bəlkə də yaxındır, nəyə görə? Həkim xəstəni müalicə edir, jurnalist isə cəmiyyətdə baş verən mənfilikləri üzə çıxara-çıxara o problemlərin aradan qaldırılması, necə deyərlər, cəmiyyətin sağlam yaşaması üçün mübarizə aparır. Əlbəttə, bu baxımdan jurnalistin də cəmiyyətin dəstəyinə ehtiyacı var. Yəni hər hansı sahədə üzə çıxardığı, araşdırdığı faktları cəmiyyətə istinadən sübut edə bilsin.

– Hansı müsahibin daha çox yadınızda qalıb?

– Müsahiblərimin demək olar ki, hamısı mənim üçün yaddaqalan olub. Doğrusu, fərq qoya bilmirəm onlar arasında. Onu da deyim ki, qaçqın soydaşlarımızın ağrı-acılarından, torpağımızın işğalından daha çox yazılar yazmağa çalışmışam.

– Bu gün həyatımızda hansı amillər stress yaradır?

– Bu məsələyə hərə öz prizmasından yanaşır, yəni ola bilsin ki, məndə stress yaradan hər hansı bir hadisə digəri üçün adi görünə bilər. Ona görə cavab verməyə çətinlik çəkirəm.

 

”Sürücülüyü bacarmasam da…”

– Bir qadın kimi hansı xörəklərin bişirilməsində özünüzü usta hesab edirsiniz?

– Yox, usta deməzdim, amma toyuq, balıq qızartmasını, yarpaq dolmasını sevdiyim üçün bu xörəkləri bişirməyi də çox sevirəm.

– Həyatınızdan razısınızmı? Ümumiyyətlə, həyatı necə xarakterizə edərdiniz?

– Yüz faizli xoşbəxtlik deyilən məfhum yoxdur. Hər kəsin şəxsi həyatında özünəməxsus problemləri var. Amma şükür Allaha, hər şey öz axarıncadır…

– Başqa nə işlə məşğul olursunuz? Yəni xobbiniz nədir?

– Qəzet oxumağı, xalq mahnılarına qulaq asmağı, bir də mahnı oxumağı çox xoşlayıram. Vaxtilə rayonun özfəaliyyət dərnəklərində, rayon müsabiqələrində iştirak etmişəm. Axşamlar göy üzünü saatlarla seyr etməkdən yorulmuram. Orada nəsə qeyri-adi bir şey axtarıram. Bir də sürücülüyü bacarmasam da, “Prado”, “Renc Rover”i çox sevirəm.

– Evdə, məişətdə hansı işləri görməyi sevirsiniz?

– Hansısa işi ürəklə görürəmsə, demək, o işi sevirəm.

– Vacib qərarları yüz ölçüb bir biçirsiniz, yoxsa intuisiyanıza əsaslanırsınız?

– Mən bir az emosionalam, tez özümdən çıxanam. Bu səbəbdən də bəzi məsələlərdə tələskənlik başıma bəla olur. Artıq vacib qərarları yüz ölçüb bir biçirəm. Hərdən intuisiyaya da “müraciət” edirəm.

– Məryəm adlı bir balanız var. Analıq hissi səndə nələri dəyişdi?

– Çox şeyi.

– Qızınızı necə görmək istərdiniz?

– İlk növbədə, sağlam, cəmiyyətə yararlı insan kimi. İnşallah, böyüyəndə hansı sənətin arxasınca gedəcəyini isə özü müəyyənləşdirəcək, çünki insanı nəyəsə məcbur eləmək doğru deyil.

– Arzudan arzu doğar deyiblər. Arzunuz varmı?

– Bəli. Arzusuz yaşamaq olar? Hər yaşda, həmişə arzu olur, arzular tükənməzdir.

– Kimlərdən nümunə götürürsünüz?

– Vaxtilə mənə dərs demiş müəllimlərimdən.

 

”Həm qısqanc, həm də inadkaram”

– Bu ölkədə xoşbəxt yaşamaq mümkündürmü?

– Əlbəttə. Çox şey insanın özündən asılıdır.

– Hərdən özünüzlə dava edirsinizmi?

– İçimdə hər zaman, necə deyərlər, özümlə savaş aparıram. Daxilən sakitləşəndən sonra o savaşdan nəticə çıxarıb haqlı, yaxud haqsız olduğumu müəyyənləşdirməyə çalışıram.

– Qısqancsınızmı? İnadkarsınızmı?

– Həm qısqanc, həm də inadkaram. Lakin bununla yanaşı, çox kövrəyəm, hər şeyi ürəyimə salıram. Əgər kiminsə qəlbinə, xətrinə dəyən bir söz, yaxud hərəkət edirəmsə, məndən yaşca kiçik və ya böyük olmasına baxmayaraq, o adamdan üzr istəyirəm, səhvimi etiraf edirəm.

– Boya-başa çatdığınız Hacıqabulun Rəncbər kəndi ilə bağlı hansı xatirələriniz var?

– Uşaqlıq illərim orada keçdiyinə görə, xatirələrim də bu dövrlə bağlıdır. Yadımdadır, Novruz bayramına 2 ay əvvəldən hazırlaşardıq, qonşu uşaqlarla evdə köhnə parça-bez qoymazdıq, hamısını məftilin başına keçirər, bayram gecəsində yandırıb göyə atmaq üçün lopa düzəldərdik. Özü də bu lopaları bir neçə ay əvvəldən bidonların içərisinə atardıq ki, nefti özünə daha yaxşı çəksin. Belə bayramların birində axşam mən də lopamı yandırıb göyə atdım, lopa qonşu qızın başına düşdü. Yazıq qız “başım yanır” deyə qışqırmağa başladı, yaxşı ki, yaylıq bağlamışdı, alov başına keçənədək odu söndürdük. Buna görə evdə yaxşıca tənbeh olundum.

– Yəqin ki, sovet dönəmində pambıq yığımında iştirak etmisiniz… O günləri necə xatırlayırsınız?

– Pambıq yığımına getməkdən xüsusi zövq alırdım. Amma bir gün yığdığım pambığın içindən ilan balası çıxanda dəli oldum. Demə, kombaynın ağzından tökülən pambığın arasında ilan varmış. Mən də onu pambıqla birlikdə önlüyümə qoymuşam.