Nüvə təhlükəsizliyi sammiti: Rusiya Qərbi “soyuq savaşa” təhrik edir

421

Rusiya ilə ABŞ və onun Qərbdəki müttəfiqləri arasında davam edən qarşıdurma artıq bütün sərhədləri aşaraq nüvə təhlükəsizliyi sahəsində də özünü qorxulu şəkildə büruzə verməyə başlayıb. Bunu dünən ABŞ-da öz işini başa çatdıran beynəlxalq nüvə təhlükəsizliyi sammiti də sübut etməkdədir. Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun iştirak etmədikləri nüvə təhlükəsizliyi sammitində Moskvanın ünvanına söylənilən tənqidi fikirlər, öz növbəsində, Qərb-Rusiya ziddiyyətlərinin daha da dərinləşməkdə olduğunu ortaya qoymuş oldu. Sammitin açılış mərasimində çıxış edən ABŞ Prezidenti Barak Obama nüvə təhlükəsizliyinin təmin edilməsinin beynəlxalq aləm üçün vacib olduğunu və bunsuz bəşəriyyətin gələcəyinin olmayacağını, Yer kürəsinin fəlakətlərə sürüklənə biləcəyini xüsusi vurğuladı. Obama hazırda beynəlxalq aləmdə nüvə təhlükəsizliyi sahəsində əmələ gələn təhlükəli vəziyyətə görə Rusiyanı kəskin şəkildə tənqid edib. Obama Putin rejimini orta və yaxınmənzilli nüvə başlıqlı raketlərin ləğvi ilə bağlı anlaşmanı pozmaqda günahlandırıb. O deyib ki, Rusiyanın belə bir addımı strateji silahlanmaya və “nüvə yarışı”na yeni təkan verərək bəşəriyyəti sonu bilinməyən təhlükələr qarşısında qoyacaq.

Əslində hələ sammit ərəfəsində Rusiya prezidenti Putinin ABŞ-a getməkdən imtina etməsi və hətta oraya xarici işlər naziri Sergey Lavrovu belə göndərməməsi Rusiya ilə Qərb arasında ziddiyyətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərməkdə idi. Rusiyanın nüvə təhlükəsizliyi sammitində iştirak etmək istəməməsi isə Vaşinqtonda sərt reaksiyaya səbəb oldu. Sammit ərəfəsindəki çıxşında Obama Putini nüvə anlaşmalarını pozmaqda günahlandırmış və bununla da Kremlin özünütəcridini gücləndirdiyini söyləmişdi. Rusiya rəhbərliyini orta və kiçikmənzilli raketlərinin sayının azaldılması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandıran Obama bunun qarşı tərəfə yaxşı heç nə vəd etmədiyini və bu yolla özünün təhlükəsizliyini təmin edə bilməyəcəyini, nüvə müharibəsi təhlükəsi ilə Qərbi şantajının özünə qarşı çevriləcəyi barədə xəbərdarlıq etmişdi.
Yeri gəlmişkən xatırladaq ki, Obamadan öncə, bu ilin fevral ayının 9-da ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper də Rusiyanı nüvə müqavilələrini pozmaqda ittiham edib. Onun məlumatına görə, Rusiya əsasən qanadlı raketlərlə bağlı müqavilələri pozur və bu tipli silahların hazırlanmasını davam etdirir. Qərbin əksər tanınmış hərbi ekspertləri belə hesab edirlər ki, küncə sıxışdırılan və günü-gündən iqtisadiyyatı uçuruma sürüklənməkdə olan Rusiya vəziyyətdən yeganə çıxış yolu kimi nüvə silahını artırmaqla və bununla bağlı beynəlxalq anlaşmaları pozmaqla Qərbə qarşı şantaj vasitəsini işə salıb. Lakin ekspertlərin əksəriyyətinin fikrincə, nüvə şantajı ilə Putin çətin ki, istəyinə nail ola bilsin. Çünki hazırda beynəlxalq aləmdən təcrid edilən Rusiya üçün nüvə müharibəsi onun özünün yer üzündən silinməsinə gətirib çıxara bilər. Hər halda Qərbin birləşmiş gücləri qarşısında Rusiya təkdir və bunu Moskvada da yaxşı hiss edirlər. Bu baxımdan Rusiyanın bəşəriyyəti nüvə müharibəsi təhdidi ilə hədələməsi əslində suda boğulanın saman çöpündən yapışmasını xatırladır.
Rusiyanın Qərbi nüvə müharibəsi ilə təhdid etməsi Kremlin özündə belə birmənalı qarşılanmamaqdadır. Rusiyanın tanınmış politoloqu Andrey Piontkovski Rusiyanın bu şantajına Qərbin sərt tərzdə cavab verməsinin vacibliyini söyləyib. Onun sözlərinə görə, nüvə şantajçısı qarşı tərəfi nüvə silahını tətbiq etməklə hədələyir. Andrey Piontkovski: “Nüvə şantajçısı hesablayır ki, qarşı tərəf milyonlarla insanın həlak olması perspektivindən dəhşətə gələcək və konkret münaqişədə güzəşt edəcək”, -deyib.
Rusiyalı politoloq vəziyyətdən çıxış yolu kimi NATO-nun öz müttəfiqlərinin təhlükəsizliyini öz üzərinə götürməsində görür: “NATO rəhbərliyi hərbi doktrinaya əlavə etməlidir ki, Şimali Atlantika İttifaqı üzv ölkələrə Rusiyanın endirdiyi nüvə zərbələrinə ən yüksək səviyyədə cavab verməyi öhdəsinə götürür”.

Türkiyə hədəfdə və nüvə sammitində Ağ Evdən Ankaraya dəstək
Rusiyanın Qərblə nüvə savaşına cəsarət etməyəcəyi heç kəsdə şübhə doğurmasa da, Moskvanın NATO-nun zəif halqası hesab edilən Türkiyəyə münasibətdə kiçikmiqyaslı müharibə apara biləcəyi təhlükəsi istisna edilmir. Belə bir fikir vurğulanır ki, Putin Qərbə qarşı hərbi şantajını reallaşdıra biləcəyini nümayiş etdirmək üçün Türkiyəni təxribata çəkə və onunla qısamüddətli savaşa girə bilər. Rusiyanın Türkiyəni təxribata çəkə biləcəyi təhlükəsinin olduğunu rusiyalı politoloq Pavel Felqenhauerin bir neçə gün öncə verdiyi açıqlama da sübut etməkdədir. Pavel Felqenhauer Polşanın “Do Rzeczy” nəşrinə müsahibəsində məsələnin bu tərəfinə diqqəti cəlb edərək, Vladimir Putinin NATO üzvü olan Türkiyə ilə potensial hərbi münaqişə zamanı nüvə silahına əl ata biləcəyini deyib. Ekspert Rusiyanın Suriya-Türkiyə sərhədindən başlaya biləcək potensial müharibə zamanı nüvə silahına əl atması ehtimalının yüksək olduğunu vurğulayıb: “Yer kürəsinin həmin hissəsində Türkiyə ilə müharibə apara bilmək üçün Rusiyanın kifayət qədər konvensial qüvvələri mövcud deyil. Hər iki tərəfdən itkilər artmağa başlayanda Putin ortamənzilli nüvə raketi tətbiq edəcək. O, Sibirdəki şaxtalardan böyük raketlər buraxmayacaq. Nümayiş etdirəcək ki, Amerikaya hücum etməyə hazırlaşmır, ancaq Türkiyədəki bir neçə hədəfi məhv etmək istəyir. Putin özü Rusiyanın qanadlı raketləri barədə danışarkən dolayısilə bu haqda bəhs edib. O, qanadlı raketlərlə nüvə başlıqlarının daşına biləcəyini deyib. Belə raketlər Türkiyədə bir neçə hədəfə tuşlana bilər”.
Rusiyanın Türkiyəni hədəfə götürməsi Kremlin ötən ilin payızında Suriyada hərbi hava əməliyyatlarına başladığı ilk günlərdən məlum idi. O vaxt Rusiyanın Suriyaya müasir hava hücumlarından müdafiə sistemləri yerləşdirməsinin arxasınca Ermənistanda hərbi qüvvələrinin sayını artırması və oraya ən müasir hərbi texnika göndərməsinin də arxasında NATO üzvü olan Türkiyəni hədəfə götürdüyü aydın hiss olunurdu. Bu müstəvidə də Rusiya qırıcı təyyarəsinin Türkiyə sərhədinin pozması və onun vurulması da Rusiya tərəfindən Türkiyənin təxribata çəkilməsi planının tərkib hissəsi idi. Lakin məsələ ilə bağlı NATO tərəfindən Türkiyənin dəstəklənməsini görən Putin Türkiyəni tam şəkildə öz oyununa çəkə bilmədi. Amma əvəzində Türkiyənin Suriyada daha çevik hərbi siyasət yeritməsinin qarşısını ala bildi. Bu da Rusiyaya İŞİD-lə mübarizə pərdəsi altında oyuncaq Əsəd rejimini qoruyub saxlamağa və müxalifət qüvvələrinə sarsıdıcı zərbələr endirərək, onlardan gələn təhlükəni qismən də olsa aradan qaldıra bildi. Məsələyə münasibət bildirən politoloq Qabil Zamanlının fikrincə, Rusiyanın Türkiyəni parçalamaq və onu dövlət kimi sıradan çıxarmaq planları həmişə olub və olmaqda davam edir. Politoloqun fikrincə, indiki vəziyyətdə Rusiya çətin ki, Türkiyəyə qarşı müharibəyə başlamağa cəsarət etsin. Qabil Zamanlı: “Türkiyəyə qarşı Putin tərəfindən tətbiq edilən sanksiyalar bumeranq kimi Rusiyanın özünə qayıdıb dəyməkdədir. Əgər Türkiyə bu sanksiyalardan bir itirirsə, Rusiya iki itirməkdədir. Putinin istər Türkiyəyə, istərsə də Ukraynaya qarşı atdığı sərt addımlar onun təcridini daha da sürətləndirib. Bunu Putin özü də yaxşı başa düşür. Türkiyənin hazırda NATO tərəfindən dəstəkləndiyi bir vaxtda Putin çətin ki, bu ölkəyə qarşı təcavüzə başlasın. Üstəlik, Türkiyə kifayət qədər güclü dövlətdir və Putinin bu addımı ona baha başa gələ bilər. Lakin Rusiyanın Türkiyəyə qarşı ənənəvi olan silahından, terrorçuları və separatçıları dəstəkləmə taktikasından istifadə edəcəyi və bunu daha da genişləndirəcəyi şübhəsizdir. Putin terrorçuları və separatçıları dəstəkləmək yolu ilə Türkiyəni parçalamağa çalışacaq”,-dedi.
Rusiyanın Türkiyəyə qarşı açıq savaşa girə bilməyəcəyini Prezident Ərdoğanın Obama tərəfindən yüksək səviyyədə qarşılanması da bir daha sübut etməkdədir. Obama NATO üzvü kimi Türkiyəni dəstəkləyəcəyini və terrora qarşı mübarizədə ona həmişəki kimi dəstək verəcəyini bəyan etdi. Bu isə Putinə özünəməxsus şəkildə edilən xəbərdarlıq kimi qəbul edilir.

Silahlanma Rusiya üçün
fəlakət demək olacaq
Rusiyanın nüvə sammitində iştirak etməkdən imtina etməsi “soyuq müharibə” dövrünə qayıdış kimi dəyərləndirilir. Nüvə sammitində bununla bağlı səsləndirilən fikirlər də bunu sübut etməkdədir. Rusiyanın nüvə təhlükəsinə qarşı ABŞ-ın Qərbdəki müttəfiqlərinin təhlükəsizliklərinin təmini üçün müvafiq addımlar atacağını bəyan etməsi, Ukraynanı, o cümlədən Pribaltika dövlətlərini müdafiə etmək üçün onlara hərbi yardım göstərəcəyini nümayiş etdirməsi Putinə yaxşı heç nə vəd etmir. Buna paralel olaraq, Rusiyanın nüvə anlaşmalarını pozaraq hərbi potensialını artırması Qərbi də analoji addımlar atmağa məcbur etməkdədir. Belə bir vəziyyətdə isə sürətlə silahlanma prosesinin yeni vüsət alacağı qaçılmazdır. Bu isə beynəlxalq aləmdə özünü təcrid edən Rusiyanı əlavə xərclərə əl atmağa və iqtisadi baxımdan çökməyə gətirib çıxara bilər. Hər halda vaxtilə SSRİ-nin çökməsinə əsas səbəblərdən biri də iki əks rejim arasında gedən sürətli silahlanma prosesi oldu. Bu gün beynəlxalq aləmi nüvə müharibəsi ilə hədələyən Rusiyanın da eyni aqibəti yaşaya biləcəyi ehtimal edilir.

Əziz Mustafa