Nursultan Nazarbayev Qərblə Şərq arasında körpü ola biləcəkmi?

426
Aprelin 26-da Qazaxıstanda keçirilən prezident seçkilərində ölkənin indiki dövlət başçısı  Nursultan Nazarbayevin yenidən səslərin böyük əksəriyyətini qazanaraq qalib gəlməsi istər MDB məkanında, istərsə də beynəlxalq aləmdə özünəməxsus şəkildə əks-səda doğurmaqdadır.
 Buna da səbəb Nazarbayevin növbəti müddətə ölkəni idarə etməsinin iqtisadi, siyasi və hərbi-strateji baxımdan regionda və beynəlxalq aləmdə hansı nəticələrə gətirib çıxaracağıdır. İş orasındadır ki, Avropa ilə Asiya arasında iqtisadi, mədəni,  siyasi və hərbi-strateji körpü rolunu oynayan Qazaxıstanın xarici və daxili siyasətdə atacağı hər addım bölgədə və beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxara bilər. Bu baxımdan, belə demək mümkünsə, bir vaxtlar qüdrətli dövlət olan SSRİ-də idarəetmə sahəsində böyük təcrübə məktəbi keçən və hazırda MDB məkanında ən önəmli dövlət başçılarından və siyasətçilərindən olan Nazarbayevin qarşısında olduqca çətin vəzifələr dayanır. Bunu dünən Nazarbayevin inauqurasiya mərasimi zamanı dediyi sözlər də bir daha sübut edir. Ölkə başçısı qeyd edib ki, Qazaxıstanın inkişafına 5 xarici təhlükə mane olur. Nazarbayev onların arasında iqtisadi, iqlim dəyişikliyi, qlobal iqtisadi böhranla yanaşı, beynəlxalq təhlükəsizlik sisteminin böhran keçirməsi və Orta Asiyanın əks-qütbdə dayanan güclərin toqquşma meydanına çevrilməsi təhlükəsinin adlarını çəkib. Qazaxıstan Prezidenti ölkəsi və bölgə üçün ən böyük təhlükənin də məhz Orta Asiyada öz maraqlarını təmin etmək istəyən xarici güclərin ekstremizmi, separatizmi və zorakılığı körükləmək siyasətindən irəli gələ biləcəyini söyləyib. Bunun qabağını almaq məqsədi ilə Nazarbayev qlobal və daxili təhlükələrə qarşı 100 addım strategiyasının həyata keçiriləcəyini elan edib. O deyib ki, Astanada ölkənin modern inkişafını təmin etmək məqsədi ilə milli komissiya yaradılacaq. Bu komissiyanın nəzdində xarici və yerli məşhur ekspertlərin də daxil olduğu Beynəlxalq Məsləhət Şurası fəaliyyət göstərəcək. Nazarbayev Milli Komissiyanın güclü dövlət quruculuğuna və ölkənin dünyanın 30 ən güclü dövləti sırasına çıxmasına imkan verəcək 5 islahatı həyata keçirəcəyini xüsusi vurğulayıb.

 

Təhlükəsizlik və ərazi bütövlüyü təhdidi

Nazarbayevin növbəti müddətdə ölkəni idarə etməsi heç də asan olmayacaq. Buna da səbəb MDB məkanında baş verən son hadisələr, o cümlədən Rusiyanın Ukraynaya qarşı açıq şəkildə təcavüzkarlığa baş vuraraq, Krım Muxtar Respublikasını, Donbas və Luqansk vilayətlərini faktiki olaraq işğal etməsidir. Astana ilə Moskva arasında yaxın münasibətlərin olmasına və Avrasiya Birliyinin yaradılmasında hər iki ölkənin birgə iştirak etməsinə baxmayaraq, Rusiyanın Krım ssenarisini Qazaxıstanda təkrarlaya bilməsi ehtimalı kifayət qədər böyükdür. Bunu Nazarbayevin inauqurasiyası ərəfəsində sosial şəbəkələrdə Şimali Qazaxıstanın Rusiyaya birləşdirilməsini təbliğ edən qrupların fəallaşması da sübut edir. Belə ki, aprelin 28-də “Vkontakte.ru” sosial şəbəkəsində yaradılan “Şimali Qazaxıstan rus torpağıdır” qrupu açıq şəkildə rus əhalini separatçılığa səsləyərək, Qazaxıstandan ayrılaraq Rusiyaya birləşmək üçün aksiyalara başlamağa çağırıb. Bununla bağlı qrup rəhbərlərinin əhaliyə müraciətində deyilir:

“Şimali Qazaxıstan iqtisadi-coğrafi regionu müəyyən müddətlik Qazaxıstan Respublikasının tərkibində yerləşir. Hazırda onun tərkibinə Şimali Qazaxıstan, Kostanayka, Pavlodarskaya, Akmolinskaya vilayətləri və ölkənin paytaxtı Astana daxildir. Bundan başqa, Şərqi Qazaxıstan, Qərbi Qazaxıstan vilayətləri, Aktyubinsk vilayətinin şimal hissəsi və Karaqanda vilayətinin şimal hissəsi də bu torpaqlara aiddir. Bütün torpaqlar Rusiyaya qaytarılmalıdır. Birincisi, bu torpaqlar kazaklarındır və onlar qazaxlara sovet hakimiyyətinin “rusofob” siyasəti nəticəsində verilib. İkincisi, bu torpaqlarda indiyə qədər rusların sayı çoxluq təşkil edib. Üçüncüsü isə, Qazaxıstanın onun üzərində heç bir haqqı yoxdur”.

Sosial şəbəkələrdə yayılan bu müraciət faktiki olaraq Rusiya tərəfindən Krımın işğalına yol açan analoji ssenarini xatırladıb. Təhlükənin ciddiliyini dərindən dərk edən Nazarbayevin göstərişi ilə sosial şəbəkələrdə rusdilli əhalini separatçılığa çağıran qrup dərhal zərərsizləşdirilib. Nazarbayevin adıçəkilən məsələdə qətiyyətli addımlar atmasını yüksək qiymətləndirən ukraynalı deputat Sergey Sobolev deyib ki,  Rusiya Federal Təhlükəsizlik Xidməti Qazaxıstanda Krıma bənzər provokasiyalar hazırlayırdı:

“Nazarbayev Rusiyanın Qazaxıstanın şimalında Krım ssenarisinin təkrarlanması üçün hazırladığı planı məhv etdi. Nazarbayev çox mükəmməl addım atdı. 97% insan rus dünyasının Qazaxıstanda olmayacağını açıq-aşkar bəyan etdi”.

Amma demək olmaz ki, Nazarbayev separatçılıq təhlükəsini tam şəkildə aradan qaldırıb. Belə ki, bu rus separatizmi hələ uzun müddət Qazaxıstan üçün ciddi təhlükə olaraq qalmaqda davam edəcək. Belə ki, Qazaxıstanın şimalında yaşayan əhalinin, demək olar, 75 faizini, ölkənin ümumi əhalisinin isə dörddə birini etnik ruslar təşkil edirlər. Bu isə təxminən 4-4,5 milyon rus deməkdir. Məsələ ilə bağlı digər bir önəmli faktı da xatırlatmaq istəyirik. Belə ki, əslində Rusiyanın Qazaxıstana qarşı ərazi iddiası örtülü şəkildə hələ ötən əsrin sonlarında, Nazarbayev paytaxtın Astanaya köçürülməsi barədə qərar qəbul edəndə başlamışdı. Buna görə Qazaxıstandan inciyən Putin bir müddət hətta Nazarbayevlə siyasi təmaslara belə girmədi və Astanada keçirilən beynəlxalq tədbirlərdə iştirak etməkdən imtina etdi. Bununla belə, Nursultan Nazarbayev Rusiya, Çin və Qərb arasında olduqca ustalıqla manevr edərək, Moskvanı bu məsələdə neytrallaşdıra bildi. Nazarbayev tərəfindən ortaya atılan və Putin tərəfindən, belə demək mümkünsə, iki əllə dəstəklənən Avrasiya İqtisadi İttifaqı da əslində Qazaxıstan dövlət başçısının ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasına xidmət edən siyasi addımlarından biri hesab edilir. Nazarbayev bu yolla ölkəsinə həm Çindən, həm də Rusiyadan gələ biləcək təhdidlərin qarşısını müəyyən qədər almağa çalışır.  Nazarbayevin buna nə qədər nail ola bilib-bilməyəcəyini isə gələcək göstərəcək.

 

İqtisadi və siyasi baxımdan güclü dövlət

Nursultan Nazarbayevin qarşısında duran və həlli heç də asan olmayan problemlərdən biri də iqtisadi inkişaf tempini qoruyub saxlaya bilmək olacaq. Belə ki, dünya bazarında neftin ucuzlaşması, həmçinin Rusiyaya tətbiq edilən sanksiyaların zərbəsinin  Qazaxıstana da təsiri Nazarbayevi vəziyyətdən çıxış yolları axtarmağa məcbur etməkdədir. Məhz bunu nəzərə alaraq, Nazarbayev ölkədə yüksək iqtisadi inkişaf tempini saxlamaq məqsədi ilə inauqurasiya mərasimindəki çıxışında Qazaxıstanın dünyanın 30 ən güclü ölkəsi sırasına çıxmasına xidmət edəcək iqtisadi, həmçinin siyasi islahatların həyata keçiriləcəyini söyləyib.

Bu müstəvidə də Nazarbayev həmçinin ölkənin milli valyutası olan təngənin devalvasiyasının qarşısını almaq üçün xeyli səy göstərməli olacaq. Belə ki, neftin ucuzlaşması nəticəsində təngənin dollara nisbətdə 19 faiz dəyərini itirməsi ölkə əhalisinin sosial vəziyyətinin ağırlaşmasına, həmçinin iqtisadi inkişaf tempinin təxminən 2 faiz azalmasına yol çaıb. Təngənin bundan sonra da ucuzlaşması əhali arasında sosial partlayışa gətirib çıxara bilər. Ona görə də Nazarbayev problemi aradan qaldırmaq üçün eksperimentlərə əl atmalı olacaq.

 

Türk dövlətləri ilə əməkdaşlıq

Qazaxıstanı Orta Asiyanın və türk dünyasının qüdrətli dövlətinə çevirmək istəyən Nazarbayev türk dövlətləri ilə də hərtərəfli əməkdaşlığı genişləndirmək üçün yeni addımlar atmalı olacaq. Çünki türk dünyasının ayrılmaz bir hissəsi olan Qazaxıstanın həm iqtisadi, həm siyasi, həm də mədəni inkişafı türk dövlətləri ilə sıx inteqrasiyanı qaçılmaz zərurətə çevirib. Bunu dərindən dərk edən Nursultan Nazarbayev müntəzəm olaraq adıçəkilən məsələni xüsusi diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, prezident seçkiləri ərəfəsində Astanada Türkiyə Prezidenti Ərdoğanı xüsusi təmtəraqla qarşılayan Nazarbayev iki ölkə arasında iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatdırılacağını xüsusi vurğuladı. Ərdoğanın səfəri çərçivəsində Qazaxıstanla Türkiyə arasında imzalanan 19 anlaşma da Nazarbayevin türk dövlətləri arasında hərtərəfli inteqrasiyaya verdiyi böyük dəyəri bir daha sübut etmiş oldu. Eyni sözləri Qazaxıstanın digər türk dövlətləri, o cümlədən Azərbaycanla da əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsinə yönələn addımlar atması haqqında da demək olar. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi müzakirə edilərkən Nazarbayevin Azərbaycanın maraqlarını müdafiə etməsi də Bakı-Astana münasibətlərinidə qardaşlığın yeni töhfəsinə çevrildi.

Nəhayət, türk dünyasının 75 yaşlı ağsaqqalı, görkəmli dövlət xadimi olan Nursultan Nazarbayev üçün ən çətin seçimlərdən biri də onun özünün beynəlxalq aləmdə rəğbətlə qarşılanan siyasi, iqtisadi və hərbi strateji kursunu uğurla həyata keçirəcək layiqli varisini hazırlaması olacaq. Bu, çətin bir məsələ olsa da, Nazarbayevin ölkəni uğurlu gələcəyə aparacaq siyasi varisi müəyyən etməkdə səhv etməyəcəyi öncədən aydın hiss olunur.

Əziz Mustafa