Novruzun dörd çərşənbəsinin ilki – Su çərşənbəsi

0
524

Bu gün ölkəmizdə Novruzun əsas atributlarından olan çərşənbələrin ilki – Su çərşənbəsidir.

AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil Su çərşənbəsi ilə bağlı xalqımızın adət-ənənələrindən və inanclarından danışıb.

Onun sözlərinə görə, çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Orta əsrlərdə dünyanın yaranması dörd ünsürlə əlaqələndirilib. Şərqdə formalaşan “ab” (su), “atəş” (od), “xak” (torpaq), “bad” (külək) ilə əsaslandırılan dörd ünsür nəzəriyyəsi çərşənbələrin adət-ənənə kimi formalaşmasına təsir göstərib. Azərbaycan qədimdən çərşənbələrin qeyd olunduğu coğrafiya kimi tanınır. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Bu çərşənbələrdə mövsümlə bağlı ritual və mərasim nəğmələri icra olunur. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi isə Su çərşənbəsidir.

Şöbə müdiri bildirib ki, çərşənbələrin xalq arasında fərqli adlarla adlandırılması ənənəsi də mövcuddur. Yazın gəlməsini gözləyən əkinçi qış çillələrini yola saldıqdan sonra yerdə qalan bir ayın hər çərşənbəsini qeyd edirdi. Bunlara “Oğru üzgü”, “Doğru üzgü” və “İlaxır çərşənbə” də deyilib. Bu çərşənbələrin hərəsinə görə öz adət-ənənələri olub: “Novruza bir ay qalmış qeyd olunan dörd ilaxır çərşənbədən birincisi “Birinci çərşənbə”, “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Su çərşənbəsi” adlandırılıb. Çərşənbələrin adlandırılmasında yerli adlar da mövcuddur. Məsələn, Şuşada birinci çərşənbədən öncəki çərşənbəyə “Yalançı çərşənbə”, digər dörd ilaxır çərşənbəyə isə “birinci tək”, “ikinci tək”, “üçüncü tək”, “dördüncü tək” və “axırıncı tək” deyilib”.

Ağaverdi Xəlil qeyd edib ki, Novruzun gəlişi – əmək mövsümünün başlanması deməkdir. Bu baxımdan da insanlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması üçün müxtəlif nəğmələr yaradıblar. Son ayın dörd çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, isinməsi, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi şəkildə qeyd edilib.

“Əski təqvimə görə, “ilaxır çərşənbə”lərin birincisi olan Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Yaradılışın sudan başlanması, həyatın ilk qaynağının su olması qədim təsəvvürlərdə də öz əksini tapır. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır, – deyə AMEA Folklor İnstitutunun şöbə müdiri qeyd edib.

Su ilə bağlı xalq arasında yayılan sınamalardan danışan A.Xəlil deyib ki, Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi sayılır. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar. İlk çərşənbədən başlayaraq, qonşuya axşamçağı ələk, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər. Həmçinin çərşənbədə evə süpürgə çəkmək də olmaz. Digər inanca görə isə süfrəyə su dağılması aydınlıqdır. Bundan başqa, lal axan sudan keçməzlər, yuxuda su görmək aydınlıqdır, səfərə çıxan adamın arxasınca su atarlar, odu su ilə söndürmək günahdır və sair kimi inanclarımız var”. azərtac