Novruzu Üzeyir bəylə birgə qeyd edərdilər

0
428

Xalqımızın dahi oğlu, cahanşümul Üzeyir bəy Hacıbəyli min illərin sınağından çıxmış Novruz bayramına xüsusi rəğbətlə, məhəbbətlə yanaşardı. Hər il bənövşə ətirli, bahar təravətli Novruzu çox təmtəraqla qarşılayardı.

Bütün xalqımız kimi Hacıbəylilər ailəsi də bu bayrama ciddi hazırlaşardılar. Novruza qırx gün qalmış yır – yığış edilər, təmizlik işləri görülərdi. Sonra isə böyük həvəslə qarabağlı adəti ilə müxtəlif şirniyyatlar hazırlanar, yumurta boyanar, səməni göyərdilərdi. Hər çərşənbə axşamı xonçalar bəzənər, şamlar yandırılar, müxtəlif çeşidli plovlar bişirilərdi. Görülən bütün hazırlıqları böyük sənətkar  qəlbində sevinc, üzündə fərəh hissi ilə qarşılayardı. Üzeyir bəy deyərdi ki, Novruz –  bayramların tacıdır, təbiətin oyanışıdır. Novruzda təzə həyat başlanır. Qış yuxusundan ayılan təbiət cana gəlir. Novruzun tərcüməsi də elə “yeni həyat” deməkdir.

Hələ qədim zamanlardan bu bayramı hamı hədsiz həvəslə gözləyərdi. Bayram günlərində hamı deyər-gülər, şadlanardı. Bayram on üç gün davam edərdi. Adətə görə bütün ailə üzvləri, xüsusilə  uşaqlar təzə paltar geyərdilər. Hacıbəylilər ailəsində də baharın gəlişini beləcə təntənə ilə qarşılayardılar. Üzeyir bəygilin bayram süfrəsi həmişə çoxlu adamlarla- qonaqlarla əhatə olunardı. Bu əziz günlərdə dahi sənətkarın  ocağına xalqımızın görkəmli şəxsiyyətləri -M.Ə.Rəsulzadə, C.Cabbarlı, Y.V. Çəmənzəminli, Ə.Haqverdiyev, A.Şaiq və başqaları gələr, Novruzu Üzeyir bəylə birgə qeyd edərdilər.

Türk dünyasının dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli bayram ilə əlaqədar bütün adət-ənənələrə  olduqca düzgün riayət edərdi. O, yaşca özündən böyüklərin hüzuruna gedər, bayramlaşardı. Bu müqəddəs günlərdə o, uşaqlara, qocalara hədiyyə verər, onları sevindirməkdən böyük zövq alardı. Üzeyir bəyin hədiyyəsi əsasən puldan ibarət olardı. Həssas, qayğıkeş insan  olan Üzeyir bəyHacıbəyli hər zaman olduğu kimi, bayram günlərində də hər kəsə öz xeyirxah əlini uzadardı. Üzeyir bəyin insanpərvərliyi, alicənablığı, xeyriyyəçiliyi çoxlarına bəllidir. Xüsusilə onun tələbələrinə, qohumlarına, dostlarına, tanışlarına, bütünlükdə xalqımıza. Bu böyük insan hələ doğma Şuşada, Rus-Tatar məktəbində ona dərs demiş sevimli müəllimi Mirzə Mehdi Məşədi İsgəndər oğlu Həsənzadəyə böyük qayğı göstərmişdir. Mirzə Mehdi uşaq vaxtı Ü.Hacıbəylidə ədəbiyyata maraq oyatmış, ərəb-fars dillərini mənimsətmişdi. İllər sonra  Üzeyir bəy müəlliminə ehtiram əlaməti olaraq,öz şəxsi qazancından  ayda 300 manat təqaüd kəsmişdir. Hər ay təqaüd müəlliminə göndərilirdi. Mirzə Mehdi Həsənzadə Şuşada yaşayırdı, lakin hərdən Bakıya gəlirdi. Çünki övladları ali məktəblərdə oxuyurdular. O, Bakıya gələndə mütləq tələbəsi olmuş, məşhur Üzeyir bəylə görüşərdi və onunla fəxr edərdi.

Müəllimindən əlavə Üzeyir bəy Hacıbəyli məşhur xanəndə İslam Abdullayevə, Keçəçi oğlu Məhəmmədə və onlarca yaşlı musiqiçilərə hər ay 100 manat təqaüd verərdi. Hətta bir dəfə Üzeyir bəy təsadüfən küçədə dilənən  bakılı bir qarıya rast gəlir. Bu mənzərə onu çox sarsıdır və qarıya yaxınlaşıb  deyir ki, ayda sənə 300 manat verəcəm, bir şərtlə,  bir də  küçədə oturub, pul yığmaqla məşğul olmayacaqsan. Türk xanımına dilənmək yaramaz. Həssas qəlbli sənətkar küləkli, çovğunlu Bakı küçələlərində dilənməklə pul qazanmağı Azərbaycan qadınına rəva bilmir.  Qarı hər ay gəlib Üzeyir bəyin həyat yoldaşı  Məleykə xanımdan 300 manatı alırdı. Ü. Haçıbəylini yaxından tanıyanlar danışırdılar ki, məvacib alan gün Üzeyir bəy konservatoriyanın qapısından çıxana qədər  maaşının demək olar ki, hamısını paylayırdı. Konservatoriyadakı kasıb tələbələrinə, xadimələrə, qapıçıya, aşağı maaşlı işçilərə, sürücüsünə pul verirdi. Hər həftənin cümə axşamları isə Hacıbəylilər ailəsində plov bişirilərdi.Həmin gün böyük sənətkarın tələbələrinin dediklərinə görə, uzaq rayonlardan gəlib, konservatoriyada təhsil alan uşaqları  və eləcə də kasıb tələbələrini yığıb evlərinə gətirər, onları plova qonaq edərdi. Bütün bu saydıqlarımız, hətta yaza bilmədiklərimiz Üzeyir bəy Hacıbəylinin nə qədər alicənab, geniş ürəkli, həssas qəlbli bir insan olduğundan söz açır. Bunlar onun insanpərvərliyindən xəbər verən cüzi  nümunələrdir.

Hər il Novruz bayramı günlərində də Üzeyir bər öz səxavət kisəsinin ağzını açadı. Kasıbları, kimsəsizləri, əlilləri, yetimləri,  uşaqları sevindirməyi  bu müdrik el Atası özünə borc bilərdi. Üzeyir bəyin yaşadığı evin qarşı tərəfində uşaq evi (yetimxana) yerləşirdi. Hər bayramda Ü. Hacıbəyli oraya,  uşaqlar üçün rəngbərəng paltarlar, çoxlu konfet, peçenye, cürbəcür şirniyyatlar, müxtəlif bayram hədiyyələri göndərər, atasız-anasız uşaqları hədsiz dərəcədə sevindirərdi. Uşaq evinin müdirinə isə pul verərdi ki, uşaqlar üçün ləzzətli xörəklər bişirtdirsin.

Uşaqlar da dahi sənətkara hörmətlə yanaşardılar. Özgə  vaxt səs-küyləri küçəni götürən bu uşaqlar Üzeyir bəy evdə olarkən, işləyərkən cınqırlarını belə çıxarmazdılar ki, bəstəkarı narahat etməsinlər, ona mane olmasınlar.

Üzeyir bəy Hacıbəylinin baldızı oğlu, onunla uzun müddət bir yerdə çalışmış,bəstəkarın şəxsi katibi olmuş, mərhum professor Ramazan Xəlilov o illəri belə xatırlayırdı: “Bayram günlərində Üzeyir bəyin üzü həmişə gülərdü. Sevincinin həddi-hüdudu olmazdı. Onun görüşünə gələn qonaqlarla, qohumlarla, tanış-bilişlə çox mehriban şadyanalıqla davranar, söhbət edər, bayramlaşardı. Uşaqlara xüsusi məhəbbət göstərərdi. Onları  bağrına basıb öpər, özü royal arxasına keçib oyun havaları çalar və uşaqları oynadardı. Bayram münasibətilə  onlara pul paylayardı”.

Doğma, qədim Şuşadan gələn  ənənəyə sadiq qalan Üzeyir bəy Hacıbəyli, ömrünün sonuna kimi  o adətinə xilaf çıxmadı. Novruz bayramına olan sevgisini, sədaqətini ömrü boyu saxladı. Hətta Vovruzun qadağan olunduğu zamanlarda da  Üzeyir bəyin evində Novruz qeyd edildi. Şuşanı Bakıda yaşatdı.

Bu müqəssəs günlərdə deyirlər nə arzu etsən, Tanrı səni eşidər, niyyətin hasil olar.  Arzumuz budur ki, xalqımız daim  müstəqil, firavan, şad və xürrəm yaşasın. Qarabağlı, Şuşalı Azərbaycan azad, xoşbəxt, sevinc dolu illər, əsrlər, qərinələr yola salsın. Müqəddəslərin sırasında özünə layiqli yer tutan böyük sənətkarın  Şüşadan  əxz edilmiş ənənələri  həmişə  yaşasın. Ruhu şad olsun.

Üzeyir bəyin sevimli bayramı hər zaman insanlara sevinc gətirsin.

Səadət QARABAĞLI,

 üzeyirbəyşünas.