Novruzla söhbət

464

Bu dəfə kimsənin bostanına daş atmaq istəmədim. Odur ki, belə qərara gəldim ki, bu dəfə yurdumuza naz-qəmzə ilə gəlməkdə olan Novruzla dərdləşim.

Gəl, ay Novruz, gəl! Bəri başdan deyim ki, səni qarşılamaq üçün bizə kifayət qədər – düz doqquz gün, doqquz gecə möhlət veriblər. Buna görə hökumətimizə bir “sağ ol” deməsəm ürəyim partlayar. Zarafa deyil e, 9 gün… Bunu məcazi mənada ümumrespublika tətili də adlandırmaq olar (Amma mən adlandırmıram. Nədən ki, ərz etdiyim kimi, kimsənin bostanına daş atmaq fikrim yoxdur). Yəni hamıya imkan verilib ki, sənin pişvazına çıxsın. Bu da, təbii ki, sənə olan hörmətdən xəbər verir. Sözün düzü, sənin bu qədər mərifət sahibi olduğunu bilmirdim. Bir də xətrinə dəyməsin e…sən axı hansı bayramdan artıqsan ki, sənə bizim bu hökumət bu qədər səxavətlə yanaşır? Bu yerdə deyirlər də, olmaya, torbada pişik var? Nə isə…

Gəl, ay Novruz, gəl! Qədəmlərinə qurban olum. Amma sənə bir söz deyim: zənnimcə, ilin-günün bu çağında doqquz gün bayram əhvali-ruhiyyəsində olmaq çox müşkül məsələdir. Nöşün ki, bizim Məşədi İbadın sözü olmasın, bunun bir ətək xərci var ki, bu qədər xərclik də hamıda yoxdur. Bu isə o deməkdir ki, bayram günlərində bir ovuc adam sənin sayəndə feyzyab olacaq. Onların soraqları bahalı restoranlardan, xarici ölkələrdən gələcək. Əksəriyyət isə, sadəcə, “bayram oldu heç bilmirəm neyləyim” deyə-deyə üzünü göylərə tutacaq. Bu mənada sən artıq imkanlıların bayramına çevrilirsən, ay xatakar… Axı səni də qarşılamaq üçün süfrə açılmalı, ora naz-nemətlər düzülməlidir.

Gəl, ay Novruz, gəl! Sayəndə işığımız sönməyəcək, su, qazımız kəsilməyəcək. Nədən ki, aidiyyəti belə günlərdə əhalinin təminatında problem olmayacağını, üstəlik, gücləndirilmiş iş rejiminə keçəcəklərini vəd edəcəklər. Dərindən düşünəndə burada qeyri-adi bir şey yoxdur. Bu qurumlar onsuz da elə yalnız bayram günlərində işləyirlər. İlin digər günlərində isə bayram edirlər, yəni işləmirlər. İşləsəydilər, camaat hər gün onların yarıtmaz xidmətindən şikayətlənməzdi ki…

Ay Novruz, bu doqquz gündə bizi nələr gözlədiyini bilirsənmi? İndidən bazarlarımız od tutub yanır e… Onları heç Fövqəladə Hallar Nazirliyinin Avropa standartlarına uyğun müasir texnikası da söndürmək qabiliyyətində deyil. Nədən ki, bazarlarımızdakı qiymət artımını ram edən “texnika” hələ də kəşf olunmayıb. Doğrudur, hərdənbir hansısa qurumlar bazarlarda monitorinqlər keçirirlər. Son anda da məlum olur ki, həmin monitorinqlər gözümüzə kül atmaqdan başqa bir şey deyil. Hə, indidən “Novruz çadırları” da quraşdırıblar. Amma həmin çadırdakı novruz məhsulları ilə bazardakı novruz məhsulları arasında elə bir fərq yoxdur. Gəl, ay Novruz gəl? Bəlkə, bu odları öz odunla sən ram edəsən…

Ay Novruz, bayaq zarafat etdim, sən əslində kasıbların dostusan. Onlara da sevinc bəxş edirsən. Ancaq özünün bundan xəbərin yoxdur. Bax, şəhərimizdə o qədər market, supermarket… var ki. İmkanlılar başlarını itiriblər. Yazıqlar bilmirlər, hansı mağazaya girsinlər, nə seçib alsınlar. Zülm çəkir e, onlar… Onlara elə belə də lazımdır. Ancaq mənim kimilərin bu sarıdan heç bir dərd-qəmi yoxdur. Lütlüyü bu gün üçün qazanmışıq da… Nə seçirik, nə də axtarırıq. Deyəsən, bu dəfə daşı öz bostanıma atdım axı… Adətkərdə olmaq belədir də…

Qvami Məhəbbətoğlu