QVAMİ MƏHƏBBƏTOĞLU
(Futbol üzrə millimizin
baş məşqçisi
Robert Prosineçkiyə
bayram hədiyyəsi)
Cənab Prosineçki,
Qulağını gen aç ki…
Söz deyirəm mən sizə
Taxıb gözümə oçki.
Gəl dünyanı qandıraq,
Xoş mətləblər andıraq.
Millinin “ağırlığın”
Tonqallarda yandıraq.
Ya axşam, ya günorta
Döyüşdürək yumurta.
Bu gözəllik verəcək
Bayram ayı bu marta.
Arzu, mətləbə çataq,
Hər sevincdən qoy bataq.
Bu Novruzda qapıya
Papaq deyil, top ataq.
Hirsimi uda-uda,
Meylimi saldım uda.
Hamı deyir Maltanı
Gərək millimiz uda.
Bax bu qızın halına,
Çıxıb qulaq falına.
Eşidib ki, millimiz
Qovuşacaq xalına.
Dinlə yaxşı sən məni,
Yetişibdir səməni.
Bu Novruzda, a kişi,
Gəl sevindir sən məni.
Çağır bizim Kosanı,
Qoy doldursun kasanı.
Keçəl də zəhmət çəkib
Qoy bəzəsin masanı.
Tanışdır döngə, dalan,
Bu yerləri gəz, dolan.
Xalsızlığın dərdini
Nə bilər xalı olan?
Su axar, lilləndirər,
Bağçanı gülləndirər.
Azarkeşə söz demə,
Dərd onu dilləndirər.
Dağlar başı qar olar,
Bir özgə güzar olar.
Biz Maltanı udmasaq,
Dünya mənə dar olar.
Norveç, xorvatla bolqar,
Bir yandan italyanlar
Bilirsən ki, qopardı
Bizdən qiymətli xallar.
Başdan aşır dərdimiz,
Yoxdur sanki mərdimiz.
Çalış, uğurlu olsun
Bu beşinci cəhdimiz.
Zənn etmə, ofsaytdayam,
Rəqibdən bu taydayam.
Mən özüm başdan-başa
Bir qanunam, qaydayam.
Topu keçirib ələ,
Dilə gəldim bax belə.
Deyirəm, millimizlə
Düşəsən dildən-dilə.
İldırımlar çaxmasın,
Sellər, sular axmasın
Sənə güvəndiyim dağ,
Sənə də qar yağmasın.
Çox getmirəm dərinə,
Qayıdıram yerimə.
Qoy bu yazdıqlarım
Olsun işin xeyrinə.
Qar yağır lopa-lopa,
Basmıram, vallah, gopa.
Demə ki, bu mühabir
Məni çox tutdu topa.
İçib bulaq suyundan,
Silkindim hay-huyundan.
Daha bəsdir, qələmi
Çıxarıram oyundan.
Baş qarışdı söhbətə,
Ehtiyac var bir qeydə.
Sənə yazdım məktubu
İlaxır çərşənbədə.
Bir sevinək, bir gülək
Nə xoş arzu, xoş dilək.
Cənab Prosineçki,
Bayramınız mübarək!
QVAMİ MƏHƏBBƏTOĞLU