Novruz Əzimov: “Onlar məni yenidən futbola qaytardılar”

0
518

Azərbaycan futbolunda öz sözünü demiş futbolçulardan biri də Novruz Əzimovdur. Hazırda “Bakı”nın baş məşqçisi olan Novruz Əzimovla onun iş yerində- “Bakı”nın bazasında görüşdük. Həmsöhbətimizə futbolumuzun bu günü, eləcə də dünəni ilə bağlı suallarla müraciət etdik.
– Novruz bəy, I Divizionda çıxış edən “Bakı”nın ötən mövsümü 15 xalla sonuncu yerdə başa vurmasına görə özünüzü günahkar hesab edirsiniz?
– Mövsüm başlayanda qarşıya qoyulan məqsədimiz yüksək yerlər uğrunda mübarizə aparmaq idi. Lakin buna nail ola bilmədik. Sözsüz ki, klubdaxili şərait (yanvar ayında 9 futbolçunun klubu tərk etməsi (son bir ildə 26 futbolçu “Bakı”nı tərk edib), futbolçuların vaxtında maaş ala bilməmələri, onların məşqə mütəmadi gəlməmələri və sairə… Bəzən elə olub ki, məşqlərə 7 futbolçu qatılıb) buna böyük təsir göstərdi. Bildiyiniz kimi, bizim 24 xalımızı da sildilər. Təbii ki, bu da futbolçulara öz təsirini göstərdi. Bütün bunları qeyd etməklə, məsuliyyətdən qaçmıram.
– Amma mənə elə gəlir ki, son vaxtlar “Bakı”ya qarşı qısqanclıq aşkar hiss olunur.
– Artıq bu, bütün futbol ictimaiyyətinə məlumdur. Amma bir şeyi demək istəyirəm. Sizi inandırım, “Bakı” istənilən komandanı üstələməyə qadirdir. Lakin imkan verilmədi. Hətta bu məsələdə hakimlər də canfəşanlıq etdilər. “Neftçala” ilə oyunda da bunu gördük: təyin olunan penalti matçı sındırdı. Belə hallar da çox oldu. Bir də “Bakı”ya əvvəllər ayrı münasibət göstərənlər, bugünkü durumunda başqa münasibət göstərirlər. Mən inanmıram ki, onlar nə vaxtsa xeyir tapacaqlar. Amma ümidvaram ki, “Bakı” əvvəlki şöhrətini qaytara biləcək.
– “Bakı”nın əvvəlki vəziyyətində olması üçün nələr etmək lazımdır?
– Məncə, bu onun maliyyə vəziyyətindən asılıdır.
– Yeni mövsümdə “Bakı”nın hədəfi nə olacaq?
– Bu, “Bakı”nın rəhbərliyinin məsələyə hansı səviyyədə yanaşmasından da çox asılıdır. Zənnimcə, Vüqar Bəybalayevi, Nurlan Novruzovu və digərlərini geriyə qaytara bilsək, sözsüz ki, iddialı ola bilərik. Yenə deyirəm, maddi məsələdən çox şey asılıdır. Yəni belə məsələlərin həllindən sonra bu barədə danışmaq olar.
Haşiyə
– Ovçu quş dimdiyindən bilinər, bəs yaxşı oyunçu?
– Topa toxunuşundan.
– Ananın səbri tükənməz olur. Bəs məşqçinin?
– Məşqçi də çox səbrli olmalıdır.
– Araba aşandan sonra yolu göstərən çox olar, bəs komanda müflis olanda?
– Ondan qaçanların sayı çox olar.
– Aslan qocalanda başına çaqqal-çuqqal toplaşar. Bəs futbolçu qocalanda?
– Onun başına futbolçular toplaşar.
– Bəy verən atın dişinə baxmazlar, bəs hakim verən 11 metrənin?
– Ona da etiraz etməyin əhəmiyyəti yoxdur.
– Bülbülün çəkdiyi dil naləsidir, bəs baş məşqçinin çəkdiyi nədir?
– Oyunda görmək istədiyini görməyəndə çəkdiyi ahdır.
– Çirkin bəzənincə toy əldən gedər deyiblər, bəs baş məşqçi fikirləşincə?
– Oyun əldən gedər.
– Çöl iti gəldi, ev itini qovdu, bəs legioner gəldi nə oldu?
– Gəldi, pulları aldı, getdi.
Əgər əlinizdə səlahiyyət olsaydı…
– Mənə elə gəlir ki, I Divizionu ləğv edərək vahid Premyer Liqa çempionatı keçirilsə, daha effektli olar. Bir futbol mütəxəssisi kimi bu fikrə münasibətiniz necədir?
– Bəri başdan deyim ki, bu fikirlə razı deyiləm. Birinci divizionun olması vacibdir. Bir də unutmayın ki, birinci divizionun əksər klubları Premyer Liqanın standartlarına cavab vermir. Bu kimi səbəblərdən onları birləşdirməyə əsla ehtiyac yoxdur. Mənim fikrimcə, Premyer Liqada çıxış edən komandaların sayı artırılsa, futbolumuz daha çox şey qazana bilər.
– Bir mütəxəssis kimi Azərbaycan futbolunun bu gününü necə dəyərləndirərdiniz?
– Bizim futbolda rəqabət aşağı düşüb. Əvvəllər Premyer Liqada ən azı 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Amma indi belə deyil. İndiki çempionatın səviyyəsi əvvəlkilərdən aşağıdır.
– Sizcə, futbolun inkişafı ilə bağlı Dövlət Proqramı (2005-2015-ci illər) Azərbaycan futboluna nə verdi?
– Demək olar ki, nəzərdə tutulmuş effekti vermədi.
– Əgər əlinizdə səlahiyyət olsaydı, Azərbaycan futbolunu nizamlamaq, dünya səviyyəsinə çıxarmaq üçün hansı işlərdən başlayardınız?
– Uşaq futbolundan. Onu daha səriştəli mütəxəssislərə həvalə edərdim. İkinci hər legionerin ölkəmizin komandalarında çıxış etməsinə şərait yaratmazdım. Bilirsinizmi, onların arasında elələri var ki, yerli futbolçularımızdan heç də fərqlənmədilər və ya fərqlənmirlər. Bu mənada, legionerlər bizim futbolçuların yerini tutdular. Mənim aləmimdə legioner yerli futbolçudan, əgər belə demək mümkünsə, ikibaş yuxarıda olmalıdır.
– Amma bəzi mütəxəssislər deyirlər ki, legionerin olması hər bir komanda üçün yaxşıdır. Futbolçularımız onlara baxır, öyrənirlər.
– Mən heç vaxt legionerlərin əleyhinə olmamışam. Xarakterli, səviyyəli legionerlərin faydası var. “Bakı”da da legionerlər çıxış ediblər. Yüksək səviyyəli, texnikalı legioner olmalıdır ki, bizim gənclər onlardan nə isə öyrənə bilsinlər.
– Azərbaycan futbolunun pullu vaxtında o qədər də yaxşı oyun nümayiş etdirməyən komandalar indiki pulsuz dönəmdə nə edəcəklər? Bəlkə Azərbaycan futbolunu pozan elə pul olub?
– Mən bu barədə fikrimi demişəm. Futbolumuzda birdən-birə böyük pulların olması bizə xeyir gətirmədi. Sanki bir xaos yarandı. Azərbaycan çempionatının səviyyəsini inkişaf elətdirmək üçün mütləq bütün klublarda vəsaitlərin sırf futbola xərclənmə nəzarət mexanizmi olmalıdır. Futbola ayrılan pullar futbol üçün xərclənməlidir.
Komandadan komandaya
– Novruz bəy, “Araz, “Neftçi”, “Göyəzən”, “Kəpəz”də çıxış etmisiniz…
– 1977-ci ilin sonunda Bakının “Spartak” stadionunda prespektivli futbolçulara baxış turniri keçirilirdi. Mən o turnirə Bakının gənclərdən ibarət komandasının heyətində oyunlara çıxdım. Oyunum bəyənildi və 1978-ci ilin yanvar ayında (hələ 18 yaşım tamam olmamışdı) “Araz” Naxçıvana dəvət olundum. Onda “Araz” SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Həmin vaxt mən müəyyən səbəblərdən komandada möhkəmlənə bilmədim və Bakının “Suraxanılı”sına qayıtdım. 1979-cu ildə Bədən Tərbiyəsi Akademiyasının komandasında və 1980-81-ci illərdə “Araz”da oynadım. Daha sonra isə “Neftçi”yə gəldim.
– Bir qədər də “Neftçi”li günlərinizdən danışsanız, yaxşı olardı.
– 1980-ci ilin yayında Əhməd Ələsgərov məni “Neftçi”yə dəvət etmişdi. Lakin həmin il bu komandada möhkəmlənə bilmədim. Daha doğrusu, Sumqayıtda Alma-Atanın “Kayrat”ı ilə dublyor oyunundan sonra baş məşqçi ilə mübahisəmiz oldu. Əhməd müəllim məni qovdu, dedi, bir də gözümə görünmə.
– Bəlkə səbəbini tam açıqlayasınız?
– Həmin oyun heç-heçə qurtardı. Bundan əsəbləşən Əhməd müəllim başladı hərəyə bir söz deməyə. Mən ona cavab qaytardım. Onu da deyim ki, bu oyunda Kramarenko, Rafiq Əlizadə, Ələddin Ələkbərov, Asif Əliyev kimi oyunçular çıxış edirdilər. İnsafən bu matçda oyunum zəif alındı. Bunun da əsas səbəbi uyğun olmayan sağ cinahın mənə həvalə edilməsi idi. Uzun sözün qısası, yenidən qayıtdım Naxçıvana. 1981-ci ilin axırında özü məni çağırdı və dedi ki, indi hamı sənin haqqında danışır. Həmin mövsüm mərkəz müdafiəçisi kimi beş qol vurmuşdum.
– “Göyəzən”, “Kəpəz”dən də sorağınız gəlib axı.
– Onların hərəsində dörd ay çıxış etmişəm.
– Bu komandalar içərisində sizə hansı daha doğma olub?
– “Neftçi” qədər heç biri doğma ola bilməz.
“Onlara minnətdaram”
– “Neftçi”də neçə il oynamısınız?
– 1982, 1985-1989, 1991-92-ci illərdə.
– “Neftçi”yə bu qədər gediş-gəlişiniz nə ilə əlaqədar olub?
– 1982-ci ildə əsas heyətdə mütəmadi oynayırdım. 13 oyunun 12-də meydana çıxmışdım. Oyunların birində – Moskvada iyul ayında diz oynağımdan ağır zədə aldım. Sentyabr ayında əməliyyat olundum. Sonra bərpa prosesi yaxşı getmədi. Özümdə də günah oldu: məşqlərə tez başladım. Çalışdım ki, mövsümün axırına qədər olan oyunların heç olmasa, üçündə iştirak edim. Amma özümə ziyan elədim. Diz oynağımda artirozlar əmələ gəldi. Başladı maye yığışmağa. 1983-cü ildə komandaya Kazbek Tuayev gəldi. Mənə təklif etdilər ki, səni ştatdan çıxarırıq. Sən get, maaşını da “JB” (”Jelez Betonniy İzdelii”) 6-dan alacaqsan. Mən də ərizə yazıb komandadan çıxdım. Fikirləşdim ki, artıq futbol oynaya bilməyəcəyəm. Çünki fiziki yükləmə alan kimi diz oynağım şişirdi.
Nə isə…Günlərin bir günü (Əgərliyə getməmişdən öncə) Elxan Rəsulovla rastlaşdım. O mənim niyə futbol oynamadığımı soruşdu. Dedim, dizim düzəlmir. Dedi, gəl Lvova. Oynaya bilsən, lap yaxşı, oynaya bilməsən orada “OİK”də (Ordu İdman Klubunda) xidmətini keçərsən. Onlara çox minnətdaram ki, mənə çox qayğı ilə yanaşdılar. Müalicədən sonra sanatoriyaya göndərdilər. Və mən həmin il Karpatın OİK-ində 27 matçda çıxış etdim. Bir daha deyirəm, onlara minnətdaram, çünki onlar məni yenidən futbola qaytardılar.
n2n2 copyHaşiyə
– Hər kəs öz evinin nökəridir, bəs məşqçi komandanın nəyidir?
– Komandanın şefidir.
– Hər oxuyan Molla Pənah olmaz, bəs hər top qovan?
– Futbolçu olmaz.
– Tək əldən səs çıxmaz. Bəs tək ayaqdan?
– Tək ayaqdan səs çıxar.
– Söz bir olsa, dağ oynadar yerindən, bəs komanda bir olsa?
– Komanda bir olsa uğurları çox olar.
– Bal tutan barmaq yalar, bəs hücumçunu tutan müdafiəçi?
– Ya sarı, ya da qırmızı kart görər.
– Ucuz ətin şorbası olmaz, bəs legionerin?
– Komandaya xeyiri olmaz.
– Su sənəyi suda sınar, bəs baş məşqçi?
– Oyunlarda.
Yenidən Bakıya
– Sonra yenidən Bakıa qayıtdınız?
– İlin axırında son oyun Riqada idi. Ağasəlim Mircavadov həmin oyuna gəlmişdi. Oyundan sonra həm Elxan Rəsulovu, həm də məni yenidən “Neftçi”yə dəvət etdilər. Mənim müddətim də 1985-ci ilin martında bitirdi. Komanda məni buraxmaq istəmirdi. Hətta ev də təklif etdilər. Amma razı olmadım. Gərək razı olaydım. Beləcə, həmin ilin aprelində “Neftçi”nin tərkibində “Çernomores”ə qarşı oynadım. Dalbadal 16 oyun meydana çıxdım. Yenə də oyunların birində Rostovda travma aldım. Ayağım üç yerdən sındı.
– Yenə qara günləriniz başladı?
– Hə, meydana çıxdığım vaxtlarda deyilmişdi ki, səni evlə təmin edəcəyik. Amma ayağım sınandan sonra mənə yanaşma tamamilə dəyişdi. Hətta salam belə vermək istəməyənlər peyda oldular. Bir də mən heyətə 1986-cı ilin 7-ci turunda (”Metallist”lə oyunda) qayıtdım. Yeri gəlmişkən, o travma çox ağır oldu. Hətta mənə dedilər ki, sən daha futbola qayıda bilməyəcəksən. Amma Allaha min şükür ki, 72 gün ayağım gipsdə qaldıqdan sonra meydana çıxa bildim. Sözsüz ki, o travmalar futbolçu kariyerama böyük təsir elədi. Yəni bu gediş-gəlişlərim zədələrlə əlaqəli idi.
– Deyəsən ev məsələsini unutdunuz?
– Fuad Musayev olmasaydı, mənə kimsə ev verməyəcəkdi. Ayağım sınmışdı heç kim məni saymırdı. Günlərin bir günü Fuad Musayev bazaya gəldi. Dedi, kimin sözü var? Dedim, mənim, bəs mənə hələ də ev verilməyib. Halbuki deyilmişdi ki, ev veriləcək. Dedi, deyilibsə, verilməlidir. Nə isə… o, göstəriş verdi. Mənə 2 otaqlı mənzil ayrıldı.
1989-cu ildə “Neftçi” peşəkar klubu yarananda şərtlər qane etmədiyi üçün mən, bir də Nazim Süleymanov komandanı tərk etdik. Mən yenidən Lvova qayıtmaq fikrinə düşdüm. Bilet də aldım yanvarın 22-nə. Onda da məlum 20 Yanvar hadisələri baş verdi. Böyük qardaşım bileti cırdı, dedi, heç yerə getməyəcəksən. Qoymadı gedim. Uzun sözün qısası: 1991-ci ildə birinci dövrəni “Göyəzən”də, ikinci dövrəni isə “Kəpəz”də keçirdim.
– Xocalı faciəsindən sonra futboldan uzaqlaşdınız…
– Xocalı faciəsi baş verəndə Qroznıda idim. “Terek”lə muqavilə bağlamışdım. Həmin vaxt məndən başqa Şahin Diniyev, Vidadi Rzayev və Ruslan Huseynov da orada idilər. Hətta mənə catacaq pulun bir hissəsini də almışdım. Həmin faciədən sonra rəhbərliklə danışdım ki, Azərbaycana qayıtmaq, vuruşmaq istəyirəm. Aldığım pulu geri qaytarmağa da hazır idim. Sağ olsunlar, məni duzgun başa duşdulər, geri qayıtmağıma hec bir əngəl torətmədilər. Martın 1-də artıq Lacında idim. Arif Paşayevin rəhbərlik etdiyi 811-ci Lacın alayına uzv yazıldım.
“Dinamo”nun
nizamnaməsini öz
xəttimlə yazmışam
– Bəs “Dinamo”, yəni “Bakı” ilə tanışlığınız nə vaxtdan olub?
– O vaxtlar Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Çinar Polis Akademiyası” və Daxili Qoşunların “Qartal-95” komandaları var idi. Yeri gəlmişkən, “Bakı” Futbol Klubu 2004-cü ildən bu adı daşısa da, onun tarixi XX əsrə gedib çıxır. 1997-ci ildə “Çinar Polis Akademiyası” və “Qartal-95” klublarının birləşməsindən “Dinamo” yarandı və bu klub öz növbəsində “Bakı”nın varisi sayılır. Təsadüfi deyil ki, “Bakı” futbol klubun tarixi məhz 1997-ci ildən hesablanır və bu tarix klub logotipində öz əksini tapıb. “Qartal-95” 1996/97-cı illər mövsümündə birinci dəstədə final mərhələsinin yekununa əsasən 6-cı yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazana bilməmişdi. “Çinar Polis Akademiyası” hələ 1995/96-cı illər mövsümündə mübarizə apardığı birinci dəstədə 2-ci pillənin sahibi kimi güclülər dəstəsinə yüksəlmişdi. Mən akademiyanın müdavimi kimi bu komandanın güclülər dəstəsinə çıxmasında iştirak etdim. Özü də futbolçu kimi. Yeri gəlmişkən onu da deyim ki, “Dinamo”nun nizamnaməsini öz xəttimlə yazmışam və bu gün o muzeydədir.
“Onun uğurlarına
sevinirəm”
– Hobbiniz nədir? Məsələn Vidadi Rzayev, Kamal Quliyev balıq tuturlar.
– Elə bir hobbim yoxdur.
– Bəs asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?
– Asudə vaxt olur ki?
– Yorulanda hara üz tutursunuz?
– Yaşadığım məhəllədə qonşularla nərd oynayırıq. Hərdən də şahmat. Yeri gəlmişkən, mən 1976-cı ildə şahmat üzrə Abşeron rayon çempionu olmuşam.
– Yeri gəlmişkən, ailənizdə neçə nəfərdən ibarətdir?
– İki qız, bir oğlum var.
– Sizin işinizi davam etdirən varmı?
– Xeyr, yoxdur.
– Hansı komandaya azarkeşlik edirsiniz?
– O vaxtlar “Dinamo” Kiyevə azarkeşlik edərdim, sonradan “Atletiko” Madridə.
– Bəs yerli komandalardan?
– “Bakı”ma.
– Hərdən: “Kaş, “Bakı” da “Qarabağ” kimi uğurlar qazanaydı” deyirsiniz?.
– Deyirəm.
– Yəqin ki, Qurban Qurbanova həsəd aparırsınız?
– Həsəd deməzdim, sadəcə, onun uğurlarına sevinirəm.
“Çingiz Abdullayevin bir əsərini oxumuşam”
– Simpatiya bəslədiyiniz futbolçu kimdir?
– Zinəddin Zidan olub. İndiki oyunçulardan Xavi Alonso.
– Məşqçilərdən kimə azarkeşlik edirsiniz?
– Simeoniyə, Arsen Vengerə…
– Mütaliə ilə aranız necədi?
– Yaxşı. Onu da deyim ki, iki ay bundan qabaq Çingiz Abdullayevin bir əsərini oxumuşam.
– Yəqin, bu yolla ona yaxınlaşmaq istəyirsiniz?
– Xeyr, xeyr. Sadəcə, əlimə düşdü, oxudum.
– Səsinə vurulduğunuz xanəndə?
– Arif Babayev… Ehtiram Hüseynov…
– Darıxanda hansı mahnını, muğamı zümzümə edirsiniz?
– “Bayatı-kürd”ü.
– Ən çox xoşladığınız film?
– “Axırncı aşırım”.
– İmkanınız olsa idi, nəyə pul qoyardınız?
– Təhsilə.
“Futbolu sevmədən
oynamaq olmaz”
– Millimizin baş məşqçisi Robert Prosineçki barədə nə deyə bilərsiniz?
– Ona müəyyən zamandan sonra qiymət vermək olacaq.
– Bundan əvvəl Foks, Torres, Hacıyevski millimizdə çalışmışdılar?
– Torres də, Foks də ümidləri doğrultmadı. Hacıyevskiyə isə işləməyə imkan verilmədi.
– Futbolçu kimi ən yaxın dostunuz kim olub?
– Mehman Allahverdiyev.
– Bir məsləhətə ehtiyac olanda kimin qapısına gedirsiniz?
– Böyük qardaşımın. Bir də Hüseyn Qaraşov yanına. O, rektordur.
– Futbola aid bir cümlə yaz desələr, nə yazardınız?
– Futbolu sevmədən oynamaq olmaz.
– Valideynləriniz kim olub?
– Atam traktorçu, anam evdar qadın olub.
– Hansı illəri tarixinizdən silərdiniz?
– Heç birini… niyə silim?
– Bax sizin bu səviyyəyə gəlib çıxmağınızda istər futbolçu, istər məşqçi kimə borclusunuz?
– Ruslan Abdullayevə, Asif Namazova, bir də idman müəllimim Zaman Səfərova.
– Futbol sizdən nə aldı, nə verdi?
– Futbol mənə çox şey verdi. Amma mən müəyyən səbəblərdən hər şeyi verə bilmədim.
– Jurnalist olsaydınız, özünüzə hansı sualı verərdiniz?
– Bilmirəm, vallah. Amma belə bir sual daim məni narahat edir: “Futbolun qədrini niyə bilməmisən, Novruz?”.
– Ümumiyyətlə, hansı xasiyyətinizə görə özünüzə “sarı” və yaxud “qırmızı” vərəqə göstərədiniz?
– Səbirsizliyimə görə. Onu da deyim ki, elə bu səbirsizlik ucbatından “Neftçi”nin əsas heyətdə çıxış edərkən o qədər “qırmızı” vərəqə almışam ki… Təssüflər olsun. Səbirsizlik mənə tək futbolda yox, elə həyatda da çox ziyanlar verir.
“Ona qiymət verilmədi”
– Adınızın Novruz qoyulması nə ilə əlaqədardır?
– Novruz bayramı ərəfəsində dünyaya gəlmişəm.
– Ailədə neçə uşaq olmusunuz?
– 5 qardaş, 3 bacı.
– Onlardan da futbolçu olan varmı?
– Balaca qardaşım “İnşaatçı”da (Bakı”) oynayıb.
– Kəndinizi necə xatırlayırsınız?
– Mən Laçının Alıqulu kəndində anadan olmuşam. Amma bir yaşımdan Mehdiabaddayam. Kəndimizlə bağlı o qədər xatirələrim var ki….
– Sonuncu dəfə kəndinizdə nə vaxt olmusunuz?
– 1992-ci il oktybarın 17-də. Şakir adlı tanışımın UAZı ilə. Qəbirstanlığı da ziyarət etdim. Oradan torpaq da götürdüm. İnanıram ki, yenə ora gedəcəyəm.
İnanıram ki, biz o yerlərə yenə qayıdacağıq.
– Laçın, Pircan çayı, Alıqulu kəndi yuxunuza girir?
– Çox nadir hallarda.
– Eşitdiyimə görə şeirlər də yazırsınız?
– Hə, bir zamanlar, daha doğrusu, 1988-ci ilə kimi mən də yeri gələndə az-az uydurardım. Amma sonradan…
– Topa ilk dəfə nə vaxt meyl salmısınız?
– Lap uşaqlıqdan. O vaxtı Mehdiabaddakı bizim evimizin qapısı birbaşa stadiona açılırdı.
– Futbola gəlişinizi necə xatırlayırsınız?
– Mən məhəllə futbolunun aktiv üzvü olmuşam. 14 yaşımdan “Neftçi” nin hazırlıq klubunda Ruslan Abdullayevin başçılığı altında futbolla məşğul olmuşam.
– Yeri gəlmişkən, çalışdığınız məşqçiləri necə xarakterizə edərdiniz?
– Ruslan Abdullayevin çox güclü məşqçi keyfiyyətləri var idi. Əhməd Ələsəgrovu Azərbaycan məşqçiləri içərisində ən güclüsü sayıram. O adam sırf məşqçilik üçün doğulmuşdu. Amma ölkəmizdə ona layiqli ona qiymət verilmədi. Ağasəlim Mircavadov da futbolumuzda sözünü demiş mütəxəssisdir.
Qvami Məhəbbətoğlu