Növbəti səyyar görüş keçirilib

616

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə mütəmadi səyyar görüşlər təşkil edir. Belə görüşlərdə, icra  başçısı bir qayda olaraq, sakinləri narahat edən problemləri elə yerindəcə həll etməyə çalışır.

 

Bu günlərdə belə növbəti görüşlərdən biri şəhərin M. Maqomayev 75,77, Rəsul Rza 16, Ü. Hacıbəyov 76, Şəhriyar 1 ünvanında yaşayan sakinlərlə keçirilib. Görüşdə sakinlər onları narahat edən problemlər barədə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu məlumatlandırıblar. Onlar əsasən, blokların vəziyyətindən, dam örtüklərindən, yaşıllıqların susuzluqdan yanmasından, təhlükə saçan iri gövdəli ağaclardan, binaların zirzəmilərinin vaxtlı-vaxtında dezinfeksiya edilməməsindən, yeni çəkilən kanalizasiya xətlərinin yaratdığı problemlərdən şikayətləniblər.

 

Onların iradlarını dinləyən icra başçısı problemlərin həlli ilə bağlı aidiyyatı qurumlara göstərişlərini verib. Aidiyyatı qurumlar da sakinlərin qarşısında həlli mümkün olan problemlərin yaxın vaxtlarda həll olunacağına söz veriblər.

Niyazi Bayramov onu da qeyd edib ki, Mingəçevirdə 600-ə yaxın hündürmərtəbəli bina var. Prezidentin tapşırığına əsasən onlardan 100-nün dam örtüyü dəyişdirilib: “Əlavə olaraq biz 20 binanın da dam örtüyünü dəyişmişik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Esmira Hidayətova, Mingəçevir