Növbəti missiyamız: Azad olunmuş ərazilərimizin bərpası

0
56

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad etməklə 30 il davam edən erməni işğalına son qoydu. Ali Baş Komandanımız İlham Əliyev qalib sərkərdə, ordumuz ən güclü ordu, xalqımız isə məğrur, yenilməz xalq kimi tarixə həkk olundu.

Hazırda qarşımızda duran əsas məsələ erməni vəhşilərinin xarabalıqlara çevirdikləri şəhər, qəsəbə və kəndlərimizi bərpa etməkdir. Artıq bu istiqamətdə müxtəlif infrastruktur layihələrin icrasına başlanılıb. Belə ki, Suqovuşan istiqamətinə çəkilən yolla yanaşı, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa avtomobil və Bərdə–Ağdam dəmir yollarının tikintisinə start verilib. Üstəlik, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən dəmir yolunun bərpası ilə bağlı müəyyən addımlar atılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Göygöl-Kəlbəcər, Qubadlı-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı avtomobil yollarının çəkilməsi də nəzərdə tutulur. “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq” Qarabağda” layihəsi çərçivəsində  tədbirlər həyata keçirilməkdədir. “Azercell Telekom” MMC öz növbəsində işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturunu  quraşdırır. “Nar” və “Bakcell” şirkətləri də bu istiqamətdə fəaliyyət planını reallaşdırmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı bəyanatlarının birində abadlıq və bərpa işlərinə dost ölkələrin də cəlb ediləcəyini vurğulamışdı. Artıq qardaş Türkiyənin dağ şəraitində yol çəkən 2 şirkəti iş başındadır. İşğaldan azad olunan ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə dekabrın 18-də “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində müqavilə imzalanıb. Müqaviləyə əsasən, Kəlbəcər, Ağdam, Füzuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyaların elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur. Şübhəsiz, Türkiyə şirkətlərindən sonra işğaldan azad edilmiş rayonlarımızda yeni layihələrin reallaşmasına dair növbəti müqavilənin İtaliya kimi nüfuzlu bir dövlət ilə bağlanması ölkələrimiz arasındakı əsl dostluğun əyani təzahürüdür. Bu addım həm də o deməkdir ki, Vətən müharibəsində Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyən dost ölkələr işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərində də ölkəmizin yanındadırlar.

Dekabrın 18-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycanın dostluq münasibətləri saxladığı digər dövlətlərin, ölkələrin başçılarına müraciət edərək bildirmişdir ki, onların ölkələrinin şirkətləri də bu layihələrdə, yəni bərpa və yenidənqurmada podratçılar kimi fəal iştirak etsinlər. Şübhəsiz, ölkəmizə dost olan digər ölkələr də bu müraciətə böyük coşqu ilə qoşulacaqlar.

Bir məsələni də vurğulayaq ki, işğaldan azad olunan rayonların iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması da yekunlaşmaq üzrədir. Bu istiqamətdə Şuşa şəhəri ilə bağlı görülən işlər daha intensiv həyata keçirilməkdədir. Bu da təsadüfi deyil. Unutmayaq ki, noyabrın 8-də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının qəlbində xüsusi yeri olan Şuşamız erməni işğalından azad olunub və bununla da hərbi əməliyyatlara son qoyulub. Artıq həmin gün tariximizə Zəfər Günü kimi düşüb. Bir də unutmayaq ki, Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa əcdadlarımızın yaratdığı böyük abidə, xalqımızın tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini özündə əks etdirən təbii muzeydir.

Bəli, hazırda Şuşaya yeni magistral yol çəkilir, qaz, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Şuşa şəhərinin elektrik enerjisi ilə təminatı üzrə aparılan işlər isə başa çatmaq üzrədir. Artıq Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. Onu da qeyd edək ki, istehsal sahəsi və mağazadan ibarət müəssisə Şuşada fəaliyyətə başlayan ilk sahibkarlıq subyektidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri də aparılır. Bütün bunlar isə o deməkdir ki, qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq və gələn ildən öz qonaqlarını qarşılayacaq.

İşğaldan azad edilən ərazilərimizin abadlaşdırılması missiyasının uğurla başa çatması üçün  xalqımız Ali Baş Komandanın ətrafında daha da sıx birləşib. Şübhəsiz, 44 gün davam edən Vətən müharibəsində öz yenilməzliyini, birliyini dünyaya nümayiş etdirən xalqımız bu problemin də öhdəsindən ləyaqətlə gələcək. Yəni, xalqımız qısa zaman kəsiyində Qarabağı yenidən dirçəldəcək və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcək. Bununla bağlı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri çərçivəsində Ağdam məscidinin qarşısında çıxış edərkən  demişdir: “Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik.”

Qvami Məhəbbətoğlu, “İki sahil”