“Növbəti devalvasiya olsa…”

499
858790

Növbəti dəfə kəskin devalvasiya olsa, banklar fəaliyyətini tamamilə dayandıracaq. Bunu Sherg.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması dolların dünya valyutaları qarşısında möhkəmlənməsinə səbəb olacaq:
“Azərbaycan da dünyada gedən bu proseslərdən kənarda qalmayacağına görə manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırmaq olar. Ölkəmizdə qiymətli kağızlar bazarı yoxdur, valyuta birjası isə normal fəaliyyət göstərmir. FED-in bu qərarlarının ticarət sahəsində müttəfiqlərimizin azalmasına, psixoloji fonda mənfi təsirlərə gətirib çıxaracağı istisna deyil. Manatın dəyərdən düşmə sürəti də artacaq. Düşünmürəm ki, Mərkəzi Bank kəskin devalvasiyaya gedib, sərt addımlar atacaq. Onsuzda bank sahəsinin vəziyyəti acınacaqlıdır. Ona görə də, birdəfəlik devalvasiya əvəzinə, manatın dəyərdən düşməsi sürətlənəcək.
N.Cəfərli əlavə edib ki, dolların bahalaşması neftin qiymətinin ucuzlaşmasına təsir edəcək:
“Bildiyimiz kimi, OPEK ölkələri və Rusiya təzyiqlərlə neftin qiymətinin nisbətən artırılmasına nail olublar. Lakin bu qərardan sonra neftin qiymətinin artması da zəifləyəcək”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclasının yekununda uçot dərəcəsi 0,25-0,50% artırılıb.