“Norveç millisinə qalib gəlmək üçün şans var”

592

Avro-2016-nın seçmə mərhələsinin H qrupunda olan milli komandamız, 4-cü turun oyunları çərçivəsində noyabr ayının 16-sı saat 21:00-da, “Bakcell Arena”da Norveç millisini qəbul edəcək. Milli komandamız uzun müddətdən sonra yerli məşqçinin rəhbərliyi altında matça çıxacaq. Mahmud Qurbanovun başçılığı altında Norveç millisi ilə keçirəcəyimiz oyun haqqında təcrübəli futbol adamlarının münasibətini öyrəndik.

“3 ardıcıl məğlubiyyətdən

sonra şansımız çox çətinləşib”

Milli komandanı iki il müddətində 20 dəfə matça çıxaran, bunlardan 4 qələbə, 7 heç-heçə və 9 məğlubiyyətlə nəticə alan sabiq baş məşqçimiz Şahin  Diniyevin sözlərinə görə, qrupdan çıxmaq şansımız yoxdur: “3-cü yer uğrunda mübarizə aparmaq olar, amma Norveç millisiylə oyunda daxil olmaqla qalan matçlarda qələbə qazanmaq şərtilə. Düşünürəm ki,  Norveçin yoldaşlıq qarşılaşmasında məğlub olması göstərici deyil. Çünki hər bir komada əsas oyunlardan qabaq eksprement aparır. Fərqli taktikalar yoxlamaq üçün heyətdə dəyişikliklər edir və uduza bilir. Buna aldanmamaq lazımdır. Biz Norveçə qalib gələ bilərik, niyə də olmasın. Estoniya bu komandaya qalib gələ bilirsə, Azərbaycan da bunu bacara bilər. 3 ardıcıl məğlubiyyətdən sonra şansımız çox çətinləşib. Onu da nəzərə almaq lazımdır ki, 3-cülüyə əsas namizədlərdən biri Bolqarıstan millisidir. Biz evdə onlara 3 xal verdik. Mahmud Qurbanovun 1 oyunluq məşqçi olması çox pis haldır. Bunu o özü də bilir, futbolçular da. Mahmud Qurbanov yerli mütəxəssisdir, bizim futbolçuların psixologiyasını daha yaxşı bilir. Fikrimcə, komandanı daha yaxşı hazırlaya bilər. Əsas odur ki, komada uğurlu oyun nümayiş etdirsin. Norveç millisinə qalib gəlmək üçün şans var”.

“Mən onu istəyirəm ki, komandamız eyni niyyətli olsun”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Vaqif Sadıqovda bu oyun haqda fikirlərini bizimlə bölüşdü. Sabiq baş məşqçinin sözlərinə görə, yerli baş məşqçinin rəhbərliyi altında oyuna çıxmağın fərqini ilk növbədə futbolçular hiss edəcək. Sadıqov millinin bu dəfəki oyununa ümid etdiyini və komandanın əzmkarlıq göstərməsi lazım olduğunu dilə gətirib: “Bu bizim üçün çox vacib məsələdir. Çünki futbolçular yaxşı oyun nəticəsində Mahmud Qurbanovu da dəstəkləmiş olacaqlar, bizə də sevinc bəxş edəcəklər. Mən onu istəyirəm ki, komandamız eyni niyyətli olsun. Yəni hamının istəyi bir olmalıdır. Yalnız o vaxt qələbə qazanmaq mümkündür. Son vaxtlarda fərqli-fərqli yığma görürdük.   İstərdim ki, bir simaya malik olan yığma izləyək. İnanıram ki, o simanı Norveç millisinə qarşı olan qarşılaşmada görəcəyik. Komandada hər kəs bu oyunun məsuliyyətini dərk etməlidir.. Millinin üzvü ölkəmizi, bayrağımızı təmsil edir, yəni milli ruh olmalıdır. Mən həmişə bildirmişəm açıqlamalarda, milli komandamız hər birimizin qürurudur. Bunu başa düşərək çalışmaq lazımdır. Belə olarsa istər-istəməz oyunda nəticədə olacaq”.

“Yerli məşqçi rəhbərliyi altInda

nəyə qadir oldu?umuzu sübut

etməliyik”

Milli komandanın sabiq futbolçularından olan Xəqani Məmmədovun fikrinə görə, bu oyunla bundan əvvəlki oyunlar arsında elə də ciddi fərq olmayacaq. Oyunun nəticəsi haqqında heç bir şey deyə bilməyəcəyini bildirən Məmmədov, bunu Mahmud Qurbanovun təcrübəsizliyi ilə əsaslandırdı: “Ona görə nə isə dəyişiklik etmək mümkün deyil. Düşünürəm ki, necə var idi elə də oynayacağıq. Milli komandanın üzvləri bəlkə də nə isə fərq hiss edə bilərlər. Azərbaycanda futbolçu olub, olacaq da, getdikcə daha da səviyyəli futbolçular yetişəcək. Yerli məşqçinin rəhbərliyi altında bir az daha həvəslə oynamaq lazımdır, nəyə qadir oldu?umuzu sübut etməliyik. Amma onu da nəzərə almaq lazımdır ki, baş məşqçi cavandı. Təbii ki, Mahmud müəllim də özünü yaxşı göstərməyə çalışacaq. İstəyimiz odur ki, Mahmud Qurbanov yaxşı nəticə göstərsin. Azərbaycanın adı təmsil edilirsə,  hər kəs burada uğur gözləyir. Ümid edirəm ki, gələcəkdə milli komandamız  daha da inkişaf edəcək”

“Azərbaycanlı məşqçiyə

qarşı milli üzvləri daha

da məsuliyyətli olacaqlar”

Uzun müddət milli komadanın formasını geyinən və sabiq cinah müdafiçimiz  Kamal Quliyev heyətə yeni futbolçuların çağırılmasını düzgün addım hesab edir: “Mənim fikrimcə bu lazım idi. Yeni futbolçuların yoxlanmasının faydalı olacağına inanıram. Burda üstünlüklərdən biri də yerli amilidir. Bizdə bir söz var “üz üzdən utanar”, ona görə də  azərbaycanlı məşqçiyə qarşı milli üzvləri daha da məsuliyyətli olacaqlar. Çünki Mahmud Qurbanovun futbol həyatı, insanı keyfiyyətləri, hörməti indiki millidə olan futbolçulara məlumdur. Ona görə də çalışacaqlar ki, yerli məşqçinin üzünü ağ etsinlər.  Yəni “alınar alınar, alınmaz alınmaz” məsələsi olmayacaq. Bizim milli komandanın potensialı var, inanıram ki, yaxşı nəticələr ala biləcəyik. İnşallah layiqli oyun alınar”

“Norveç millisinə qalib

də gəlsək, biz qrupdan

çıxa bilməyəcəyik”

Azərbaycan millisinin sabiq 10 nömrəsi Ceyhun Sultanovun sözlərinə görə, Mahmud Qurbanov müdafiəyə meyilli yox, hücuma meyilli oynayacaq. Mütəxəssisin fikrincə, Norveç millisinə qarşı matçda bundan başqa fərq olmayacaq: “Qalan hər şey eyni qaydada olacaq, qısa müddət ərzində dəyişiklik olmalı deyil ki… Əslində indiki halda Mahmud müəllimdən nə isə tələb etmək də doğru deyil. O sadəcə əvəz edir. Açığı deyək ki, məsələn, çıxıb Norveç millisinə qalib də gəlsək, bundan sonrakı oyunları da nəzərə alsaq, biz qrupdan çıxa bilməyəcəyik. Biz Foqtsdan nə tələb edirdik? Qrupdan çıxmaq istənilirdi, mümkün olması çətinləşdi. İndiki vəziyyətdə gələcəyi düşünərək addım atmaq lazımdır. İnanıram ki, yerli futbolçular həvəslə oynayacaqlar”

Rasim Məmmədli