Noa Taker “Rusiya İŞİD təhlükəsi ilə Türkmənistanı şantaj edir”

591

Son vaxtlar Rusiyanın yüksək səviyyəli dövlət rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov tərəfindən Türkmənistanda İŞİD təhlükəsi barədə ajiotaj qaldırılması beynəlxalq təşkilatların da diqqətini özünə cəlb edib. Bununla bağlı Rusiya mətbuatında da mütəmadi olaraq Türkmənistanı guya “Taliban” və İŞİD təhlükəsinin gözlədiyi barədə məlumatların getməsi Moskvanın planlı şəkildə vahid mərkəzdən idarə edilən və Aşqabada qarşı yeni şantaj siyasətini işə saldığının açıq-aydın nümayişinə çevrilib.
Xatırladaq ki, bir müddət əvvəl Lavrov Prezident Qurbanqulu Berdıməhəmmədovla apardığı danışıqlarda Əfqanıstandan Türkmənistana gələn “təhlükə” məsələsini önə çıxararaq, bunun guya Rusiyanı da zərbə altında qoya biləcəyini iddia etdi. Bu müstəvidə də Lavrov “əfqan təhlükəsi”nə qarşı Rusiyanın Türkmənistan-Əfqanıstan sərhədlərini birgə qorumaq üçün hərbi yardım etməyə hazır olduğunu bəyan etdi. Əslində bu, Rusiyanın Türkmənistana müxtəlif bəhanələrlə, o cümlədən qondarma əfqan təhlükəsi altında ordu yeritmək və bu yolla adıçəkilən ölkəni yenidən imperiya caynağına keçirmək niyyətində olduğunu ortaya çıxardı. Lavrovla Berdıməhəmmədovun görüşündən sonra keçirilən mətbuat konfransında rusiyalı jurnalistin Rusiya Türkmənistana Əfqanıstanla sərhədin təhlükəsizliyini təmin etmək üçün hərbi yardım edə bilərmi? sualına nazirin cavabı belə oldu: “Rusiya Əfqanıstandan gələn təhlükədən narahatdır . Biz Türkmənistana sərhədlərini birgə qorumaq üçün hərbi yardım təklif etmişik. Əgər qarşı tərəf bu təklifi qəbul etsə, onda Rusiya hərbi yardım göstərməyə hazırdır”.
Beləliklə, Lavrovun hərbi yardım barədə təklifinin Aşqabad tərəfindən rədd edilməsi əslində məntiqi baxımdan olduqca düzgün addım hesab edilə bilər. Yeri gəlmişkən, onu da deyək ki, Türkmənistan hazırda Əfqanıstanla sərhədi möhkəmlətmək üçün müvafiq tədbirlər həyata keçirir. Ölkənin hərbi güclərinin böyük hissəsi və hərbi texnika məhz Əfqanıstanla sərhəd boyu yerləşdirilməkdədir. Türkmənistan bununla öz sərhədlərini özünün qorumağa qadir olduğunu nümayiş etdirir. Lakin hərbi ekspertlərin fikrincə, Rusiya öz təsiri altında olan bəzi “Taliban” dəstələrini Türkmənistana hücuma təhrik edə və bundan bəhanə kimi istifadə edərək cənub sərhədlərini qorumaq adı altında hərbi güclərini adıçəkilən ölkənin ərazisinə yeridə bilər. Necə deyərlər, Türkmənistan üçün əsas təhlükə əslində Əfqanıstandan deyil, Rusiyadan gözlənilir. Bu baxımdan Türkmənistan bölgədə hadisələrin istənilən istiqamətdə inkişaf etməsinə öncədən hazır olmalıdır.
Məhz məsələnin belə bir vəziyyətə gəlib çatması Qərbdə İslamın tədqiqi üzrə tanınmış mütəxəssislərdən biri hesab edilən Noa Takerin Rusiyanın Türkmənistanı İŞİD və “Taliban” təhlükəsi ilə şantaj etməsini araşdırmasına gətirib çıxarıb. Rusiyanın Türkmənistanı yeni təhlükə ilə şantaj etməsi ilə bağlı 5 hesabat hazırlayan Noa Taker araşdırmalarını Vaşinqton Universitetinin Orta Asiyanı tədqiq edən saytında yerləşdirib. Hesabatda Noa Taker dönə-dönə vurğulayır ki, Rusiynın Orta Asiya dövlətlərini o cümlədən Türkmənistanı İŞİD və “Taliban” təhlükəsi ilə şantaj etməsi Kremlin bölgəni yenidən ələ keçirmək və bu yolla orada öz hərbi qüvvələrini yerləşdirmək siyasətinin tərkib hissəsidir. Hesabatda deyilir: “Siyasi zorakılıqları və radikallaşma məsələlərini öyrənən Beynəlxalq Mərkəzin araşdırmalarına görə, Suriyadakı müxtəlif qruplaşmaların tərkibində 360 nəfər Türkmənistan vətəndaşı döyüşür. Bununla bağlı Rusiya mətbuatında Türkmənistanda Suriyada döyüşmək üçün guya könüllülərin cəlb edilməsi və onların saylarının minlərlə nəfər olması barədə gedən yazılar yalandan və təxribatdan başqa bir şey deyil. Orta Asiyanın digər dövlətləri ilə müqayisədə Türkmənistanda hər hansı bir İŞİD təhlükəsi yoxdur və müxtəlif yollarla Suriyadakı qarşıdurmaya cəlb edilən azsaylı türkmənlər ölkə üçün hər hansı bir təhlükə mənbəyi ola bilməzlər”.
Noa Taker Rusiya mətbuatının Türkmənistanda guya salafitlərin dirçəldilməsi, onların İraqda və Suriyadakı döyüşlərdə fəal iştirak etməsi barədə yazdıqlarının arxasında Kremlin uzağa gedən çirkin oyunlarının dayandığını xüsusi vurğulayıb. Məşhur tədqiqatçı: “Rusiya İŞİD təhlükəsi ilə Türkmənistanı şantaj edir”,-deyir. Taker xatırladıb ki, Türkmənistan hökuməti də Rusiya mətbuatının bu dediklərinin yalan olduğunu bildirərək dəfələrlə qarşı tərəfə öz etirazını bildirib. Rusiyanın Türkmənistanı qondarma İŞİD təhlükəsi ilə şantaj etməsi və bununla adıçəkilən ölkəyə münasibətdə hərbi-siyasi maraqlarını təmin etmə cəhdləri, öz növbəsində, bölgəyə ən böyük təhlükənin məhz Moskvadan gəldiyini ehtimal etməyə imkan verir.
Əziz Mustafa