“No problem”

0
387
(Allah sənə rəhmət eləsin, Mirzə Cəlil)
Mənim bir nəfər dostum var. Adı İbrahimdir. Ona bir işim düşəndə və ya ondan bir şey təvəqqe edəndə  o mənə deyir: “No problem”. Amma burası var ki, dediyi sözə əməl eləməz. Məsələn, deyirəm: “Ay İbrahim, Həsən müəllimə de ki, bizim uşağa bir babat iş tapsın. Dostum mənə cavab verir: “No problem”, deyərəm. Amma gedib gözlərəm, uşağın işi düzəlməz. Məlum olar ki, dostum Həsən müəllimə mənim sifarişimi yetirməyib.

Əmim arvadı xəstə olanda onu həmişə həkim tanışım İsfəndiyarın yanına aparardım. O da xəstəyə baxan kimi deyərdi: “No problem”. Amma bir neçə gün keçməmiş azarlının vəziyyəti dəxi xarab olar və yenə həkimdən təvəqqe elərəm ki, onu müayinə etsin. Əgər bir şey alınmırsa, xəstəni ya İrana, ya da Türkiyəyə göndərim. Həkim yenə cavab verər ki, “no problem”. Xülasə, bu həkim “no problem” deyə-deyə əmimin biçarə övrətini Allahın rəhmətinə göndərdi. Odur ki, əmim bu hadisədən sonra məni hər dəfə görəndə “no problem” deyir.

O gün qəssab Gülmirzəyə yenə dedim ki, bəs mənə 2 kilo ət lazımdır. Amma elə ət olsun ki, heç olmasa, mənşəyi məlum olsun a… Çünki bizdə mənşəyi məlum olmayanlara birtəhər baxırlar. Bu boyda şəhərdə inandığım bir qəssab varsa, o da sənsən. Dedi “no problem”, narahat olma. Elə o axşam aldığım ətdən hazırlanmış xörəyi bəh-bəhlə yeyirdik ki, bir də gördüm ekranda Gülmirzəni göstərirlər. Sən demə, onun dükanında mənşəyi məlum olmayan ət aşkarlanıbmış. Həmən əl atdım telefona. Dedim, ay Gülmirzə, bu nə işdir? Dedi, “no problem”, bir də birinci dəfə deyil ki… Görünür, sənin xəbərin yoxdur. Sadəcə, bu dəfə başımın üstünü elə aldılar ki, kameralardan qurtula bilmədim. Bir də eşitməmisən ki, keçəl halva yeyər puluna minnət. Odur ki, məndən narahat olma, necə deyərlər, “no problem”… Canımı qurtarıb işimi yenə davam etdirəcəyəm. O ki qaldı, sənə satdığım ətə… Qardaş, heç narahat olma… İndiyədək dediyin mənşəyi məlum olmayan o ətdən o qədər satmışam ki? Heç bir şikayət-filan da eşitməmişəm. Bilirsənmi niyə? İndi mənşəyi məlum olmayan o qədər şeylər peyda olub ki, bu ət onların arasında itib-batmaqdadır… Hətta iş o yerə çatıb ki, hazırda mənşəyi məlum olmayan maddələrdən çörək bişirirlər. Özü də belə hallar aşkarlananda elə təqdim edirlər ki, guya hansısa bir arxeoloji qazıntını üzə çıxarıblar. Məgər neçə illərdir ki, bu mənşəyi naməlumlarla mübarizə aparılmırmı? Aparılır. Amma nə fayda… Sözümün canı var e… Görünür, bu yoxlamaların da heç mənşəyi məlum deyil. Məlum olsaydı, çoxdan bu kimi əməllərin qarşısı alınardı. Digər tərəfdən,  demək istəyirəm ki, son illər insanların mədəsi o qədər mənşəyi məlum olmayan məhsullar qəbul edib ki… O gün bir həkim mənə nə desə yaxşıdır? Dedi ki, insanların qəbul etdikləri elə bu cür məhsulların ucbatından mənşəyi məlum olmayan xəstəliklər də əmələ gəlməkdədir. Məhz ona görə də onların xəstəliklərinə diaqnoz qoymaqda çətinlik çəkirik. Belə də olanda xəstələr üz tuturlar İran yoluna…

Yol demişkən, son illər bizim Alpan  əhli də  çox fəallaşıb. Odur ki, onlar rayonla kəndi birləşdirən yolun bərbadlığından daha çox şikayətlənirlər. Müvafiq təşkilatlar da onların bu fəallığını yüksək dəyərləndirməklə yanaşı, “no problem” deyirlər. Amma o gün bu məsələdən yazmağımı xahiş edən bir həmkəndlimdən yaman incidim. O mənə deyəndə ki, bəs həmin yol iyirmi ildən çoxdur ki, imdad gözləyir, di gəl baxan yoxdur. Dedim, qardaş, insaf da yaxşı şeydir axı. Müvafiq təşkilatların əməyini niyə yerə vurursan? “No problem” deyiblərsə, bir əncam çəkərlər də… Halbuki ötən illər ərzində heç bu sözü də demirdilər. “No problem” deyirlərsə, deməli, bu məsələdə bir irəliləyiş var da… Buna da şükür…

Deyəsən, bu yazımda çox şeyi qatıb-qarışdırdım axı. Amma mənə elə gəlir ki, o qədər də yox, necə deyələr, “no problem…”  q.mehebbetoglu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here