“No, problem”

645

(Allah sənə rəhmət eləsin, Mirzə Cəlil)

Mənim bir nəfər dostum var. Adı İbrahimdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyir “no problem”. Amma burası var ki, çox vaxt dediyi sözə əməl eləmir. Məsələn, deyirəm: “Ay İbrahim, Həsən müəllimə de ki, bizim uşağa bir iş tapsın. Dostum mənə cavab verir: “No problem, deyərəm”. Amma gedib gözləyirəm, uşağın işi düzəlmir. Məlum olur ki, dostum Həsən müəllimə mənim sifarişimi yetirməyib.

Əmim arvadı xəstə olanda onu həmişə həkim tanışım İsfəndiyarın yanına aparırdım. O da xəstəyə baxan kimi deyirdi “no problem”. Amma bir neçə gün keçməmiş azarlının vəziyyəti dəxi xarab olur və yenə həkimdən təvəqqe edərdim ki, onu müayinə etsin. Əgər bir şey alınmırsa, xəstəni ya İrana, ya da Türkiyəyə göndərim. Həkim yenə cavab verərdi ki, “no problem”. Xülasə, bu həkim “no problem” deyə-deyə əmimin biçarə övrətini Allahın rəhmətinə göndərdi. Odur ki, əmim bu hadisədən sonra məni hər dəfə görəndə “no problem” deyir.

O gün qəssab Gülmirzəyə yenə dedim ki, bəs mənə 3 kilo ət lazımdır. Amma elə ət olsun ki, heç olmasa mənşəyi məlum olsun a… Bu boyda şəhərdə inandığım bir qəssab varsa, o da sənsən. Dedi, “no problem”, narahat olma. Elə o axşam aldığım ətdən hazırlanmış xörəyi bəh-bəhlə yeyirdik ki, bir də gördüm ekranda Gülmirzəni göstərirlər. Sən demə, onun dükanında mənşəyi məlum olmayan ət aşkarlanıbmış. Həmən əl atdım telefona. Dedim, ay Gülmirzə, bu nə işdir? Dedi, “no problem”. Birinci dəfə deyil ki… Sadəcə olaraq, bu dəfə başımın üstünü elə aldılar ki, ekrandan qurtula bilmədim. Bir də eşitməmisən ki, keçəl halva yeyər, puluna minnət. Odur ki, məndən narahat olma, necə deyərlər, no problem… Canımı yenə qurtarıb işimi davam etdirəcəyəm. O ki qaldı, sənə satdığım ətə… Qardaş, heç narahat olma… İndiyədək dediyin mənşəyi məlum olmayan o ətdən o qədər satmışam ki? Heç bir şikayət filan da eşitməmişəm. Bilirsən, niyə? İndi mənşəyi məlum olmayan o qədər şeylər peyda olub ki… Hətta iş o yerə çatıb ki, indi mənşəyi məlum olmayan maddələrdən çörək bişirirlər. Özü də belə hallar aşkarlananda elə təqdim edirlər ki, guya hansısa bir arxeoloji qazıntını üzə çıxarıblar. Sözümün canı var e… Yəni demək istəyirəm ki, son illər insanların mədəsi o qədər mənşəyi məlum olmayan məhsullar qəbul edib ki… O gün bir həkim mənə nə desə yaxşıdır? Dedi ki, insanların qəbul etdikləri elə bu cür məhsulların ucbatından mənşəyi məlum olmayan xəstəliklər də əmələ gəlməkdədir. Məhz ona görə də onların xəstəliklərinə diaqnoz qoymaqda çətinlik çəkirik”.

Bizim Alpan əhli son illər çox fəallaşıb. Odur ki, onlar rayonla kəndi birləşdirən yolun bərbadlığından daha çox şikayətlənirlər. Müvafiq təşkilatlar da onların bu fəallığını yüksək dəyərləndirməklə yanaşı, “no problem” deyirlər. Amma o gün bu məsələdən yazmağımı xahiş edən bir həmkəndlimdən yaman incidim. O mənə deyəndə ki, bəs həmin yol iyirmi ildən çoxdur ki, imdad gözləyir, di gəl baxan yoxdur. Dedim, qardaş, insaf da yaxşı şeydir axı. Müvafiq təşkilatların əməyini niyə yerə vurursan? “No problem” deyiblərsə, bir əncam çəkərlər də… Halbuki ötən illər ərzində heç bu sözü də demirdilər. “No problem” deyirlərsə, deməli, bu məsələdə bir irəliləyiş var da… Buna da şükür et…

Deyəsən, bu yazımda çox şeyi qatıb-qarışdırdım axı. Amma mənə elə gəlir ki, o qədər də yox, necə deyələr, “no problem”…