Nizami öz qəhrəmanına niyə Fitnə adı verib?

622

Düşünməyin ki, çətinliklər, imtahanlar nəyə lazımdır. Çünki insanlar imtahanlarla bir-birindən seçilir, yaxşının yamandan, xeyirin şərdən fərqi ortaya çıxır. Bəşər tarixindən xəbərdar olanlar bilirlər ki, bu dünya həyatında ən çətin imtahanları, ən ağır müsibətləri peyğəmbərlər yaşayıblar. Halbuki, peyğəmbərlər yer üzündə Allah-Təalaya (c.c.) ən yaxın insanlardır. Demək, Allah-Taala sevdiklərini imtahanlarla, müsibətlərlə arındırır, yüksəldir. Elə yeri gəlmişkən həzrət İbrahimlə bağlı bir söhbəti xatırlatmağı lazım bilirik:

Belə söylənilir ki, bir dəfə İbrahim əleyhissalam Allah-Təalaya belə müraciət edir:

– Ey kərəminə qurban olduğum, Sənin hikmətinə şübhə olmaz, Sənin ədalətindən sual sorulmaz. Sən Rəhmansan, Rahimsən, Hakimsən, Adilsən. Öz bəndələrini də imtahana çəkirsən. Hər peyğəmbəri də müxtəlif yollarla imtahan edirsən. Kimini yurdundan didərgin salaraq, kimini var-dövləti ilə, kimini ailəsi ilə, kimini övladı ilə, kimini dövrün padşahı ilə… Ey Rəbbim, mən iman etmişəm ki, Sən neyləyirsənsə, haqlı edirsən, gözəl edirsən. Mən də yaşadığım o imtahanın hikmətini öyrənmək istəyirəm. Düşünürəm ki, görəsən mən nəyə görə övladımın başına bıçaq çəkməyə tabe tutuldum. Bir qədər ağır olmadımı, ey Rəbbim? Ciyərim “cızz” elədi axı…

Allah-Təaladan nida gəlir:

– Ey İbrahim, xatırlayırsanmı filan vaxt filan yerdə sən Mənim bir qulumu günah üstündə gördün və elə o andaca əllərini açaraq: “Ey Rəbbim, sən bu günahkar qulunu Qəhhar sifətinlə qəhr eylə”- dedin?

– Xatırlayıram, ey Rəbbim.

– Ey İbrahim, bəs sən bilirsənmi, sən elə deyəndə mənim ciyərim necə “cızz” elədi.

Bu söhbət o qədər də mötəbər qaynaqlara dayanmır, üstəlik də, Allah-Təalanın insan kimi tanıdılmasına yönəlik heç bir təqdimatı qəbul etmək olmaz, amma elə düşünürük ki, Allah-Təalanın Öz qullarına olan sevgisini anlatmaq üçün bu söhbət çox şeylər verir. Bəli, Allah-Taala bəndələrini çox sevir, onların bəlaya yönəlməsini heç istəmir, amma neyləyəsən ki, Halim Allah, yəni, bəndələrinin işlədiyi günahların qarşılığını verməyə tələsməyən Allah nə qədər mərhəmətli olsa da, bəndə israrla bəlanı tələb edəndən sonra ədalət öz yerini tutur. Məsələyə başqa tərəfdən baxmağa çalışaq, yəni bizi bu qədər mükəmməl yaradan, ehtiyacımız olan hər şeylə təmin edən Allah üçün nə edə bilmişik? Həzrət İbrahim övladının başından keçə bildi, təbii ki, bu imtahan bizim üçün çox ağır gələr. Allah yolunda övlad canına qıya bilmək üçün həzrət İbrahim kimi bir imana sahib olmaq lazımdır. Amma bizim də bizə görə imtahanlarımız var. Qurani-Kərimdə buyurulur ki, həqiqətən də var-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir fitnədir. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır (ət-Tağibun surəsi-15). “Fitnə” sözü türk dillərində kimisə azdırmaq, yoldan çıxarmaq üçün hazırlanmış hiylə, kələk mənalarında işlədilir, amma burada imtahan mənasındadır, həm də adi imtahan deyil, çox ağır, hər kəsin altından qalxa bilməyəcəyi qədər ağır imtahan.

Yəqin ki, Nizami Gəncəvinin məşhur “Fitnə” hekayəsindən xəbəriniz var. Fitnə həmin hekayədəki qızın adıdır. Hekayənin məzmunu da belədir ki, bir padşah öz ovçuluq məharəti ilə Fitnəni heyrətləndirməyə çalışır, amma qız bütün gördüklərini laqeydliklə qarşılayır və bütün bunların sadəcə vərdişlə əldə edildiyini söyləyir. Bu cür ovçuluq məharəti qarşısında Fitnənin laqeyd münasibət göstərməsi padşahı hirsləndirir və onu qovur.

Fitnə də eyni üsulla padşaha daha ibrətli bir dərs verir. İbrətli dərsi də bundan ibarət olur ki, yenicə doğulmuş buzovu boynuna alıb hər gün qırx pilləkəni qalxıb-enir. Fitnə o qədər məşq edir ki, həmin buzov böyüyüb iri bir cöngə olanda da çətinlik çəkmədən onu boynuna alıb pilləkənləri çıxır və enir. Fitnənin bu məharəti dillərə düşür və gedib padşahın qulağına çatır. Padşah da öküzü çiyninə alıb qırx pilləkəni qalxıb-enən qızı görmək üçün durub Fitnənin yanına gəlir və incə bir qızın o boyda öküzü boynuna qaldırmasından heyrətə düşür

Padşah onu tanımasa da, Fitnənin bu qabiliyyəti qarşısında heyrətini gizlətmir. Nəhayət, padşaha lazım olan dərsin verilmə məqamının gəldiyini anlayan Fitnə üzündən örtüyü atıb özünü tanıdır və boynuna öküz qaldırmağın da adi vərdiş olduğunu deyir.

Necə düşünürsünüz? Sizcə, Nizami öz qəhrəmanına niyə Fitnə adı verib? – Əlbəttə ki, Nizami kimi bir elm, mədəniyyət adamı Qurani-Kərimdə bildirilən “mal da, övlad da fitnədir” bəyanındakı “fitnə”nin ağır imtahan olduğunu bildiyi üçün də qəhrəmanını o cür adlandırması təbii sayılmalıdır.

Kim inanmırsa, ətrafına baxsın. İnsanların böyük əksəriyyəti məhz bu iki amil üzündən günaha düşürlər. Mal, sərvət sevgisi o qədər güclü, o qədər cazibəlidir ki, çevrəsinə düşən insan ondan çətin yaxa qurtara bilir. Nəfs doyumsuzdur, aldıqca şişir, şişdikcə istəyir, get-gedə ölçüdən, əndazədən çıxaraq vəhşiləşir. Beləsinin yenidən insanlığı dönüşü ən çətin yolçuluqdur və çox güclü iradə ilə mümkün ola bilər.

Övlad məsələsi də çox həssas mövzudur. Görün, neçə nəfər haqqı, ədaləti, qanunu düşünmədən öz övladı üçün nə əməllərdən çıxır. “Başqalarına nə olur-olsun, təki mənim uşağıma bir şey olmasın”, “uşaqlarının gələcəyi üçün tədarük etmək”, “bala saxlamaq” kimi zəhərli düşüncələr insanlar arasında ədalət hissini aradan qaldırır, zülmün cəmiyyətdə hakim olmasını təmin edir.

Amma heç düşünmürük ki, övladın sabahından narahat olmaq, onu ədəbli, tərbiyəli yetişdirmək əvəzinə, gələcəyi üçün sərvət yığmaq bir tərəfdən Allaha güvənməmək, digər tərəfdən də özünə zülm etməkdir.

Bəli, bizə bu həyatda seçim haqqı verilib, hər kəs özü düşünsün və seçimini etsin.

Allah islah eləsin. Vəssalam.