Niyyət, niyyət, yenə niyyət

0
575

Sən bütün tədbirləri görürsən, amma nəticə elə olur ki, xeyir vermək istədiyin halda qatil durumuna düşürsən. Məsələnin zahiri tərəfindən baxanda sən böyük bir zərər içində görünürsən, amma hər şeyə rəğmən sənin könlün rahatdır, əminsən ki, istədiyin bu deyildi və ən çox da ona əminsən ki, Allah-Təala hər şeyi görür, hər şeyi bilir. Bir ərəb səhrada dəvəsini əlindən qaçırır, suyu, çörəyi, geyim-gecimi, hər şeyi də dəvənin belində gedir. Əli dörd bir tərəfdən üzülür və səhranın qovurucu istisində qumu eşələyib başını ora soxur ki, bəlkə bir az sərinlik tapdı. Huşu başından çıxmaq üzrəykən üzündə bir hənir, nəfəs hiss eləyir və gözünü açanda görür ki, dəvəsi qayıdıb gəlib. Gücünü toplayıb yerindən qalxır, dəvəsinin ipindən yapışır və Allah-Təalaya şükrünü ifadə etmək üçün belə deyir:

– Ey böyük Allahım, mən Sənin Rəbbinəm, Sən mənim qulumsan.

Nə qədər böyük bir xəta, nə ağır bir günah elə deyilmi? – Əgər bilərək, qəsdlə deyilərsə, əlbəttə. Amma Allah o bəndəsinin qəlbini bilir. Ona görə də onun çaşdığını, “mən Sənin qulunam” demək istədiyi yerdə, həyacandan tam tərsini söylədiyini bilir. Bilir və hətta bu xətasına görə o bəndəsinə əlavə savab da yazır.

Bəli, dəyərli oxucum, hər şey bu qədər gözəl, bu qədər hikmətli. Sənin niyyətin gözəl olsun və əməlinlə o niyyətini ifadə eləməyə çalış. Əgər çaşaraq və ya hər hansı səbəbdən xəta eləsən belə, Mərhəməti Sonsuz olan Allah-Təala sənə niyyətinə görə dəyər verər. Xalis niyyət, dünya mənfəətini düşüncəsindən uzaq tutaraq, ancaq Allahı düşünərək yerinə yetirilən əməlsaleh əməl, o düşüncə, o səviyyə isə ixlas məqamıdır.

İxlas sözünün tərkibində həm xalis var, həm xilas var. Yəni xilas ola bilmək üçün xalis olmaq şərtdir. Və ya xalis olmalısan ki, xilas ola biləsən. Bəzən insanda duyğular qarışır. Doğrudur, ən böyük qayən Allah rizası üçündür, amma işin arasında dünya mənfəətini də unutmursan. Bu nəyə bənzəyir, bilirsinizmi? – Bir qab suya bir damcı çirkab, nəcasət qatırsınız. İndi buyurun baxın, nəfsiniz çəkirmi? Xalis olmaq tərtəmiz olmaqdır, dupduru olmaqdır, qarışıqsız olmaqdır, Allah sevgisinə dünya sevgisini qarışdırmamaqdır. Onsuz da Allah-Təala hər kəsə öz istədiyini verir, ixlaslı olmaq Allahı istəməkdir, axirəti istəməkdir.

Tez-tez “saleh əməl” və ya “əməli-saleh” ifadələrinə rast gəlirik. Hər ikisi eyni məfhumu ifadə edir və mənası da gözəl, faydalı iş, ən başlıcası isə Allah-Təalanın rizasına uyğun, Onun əmrləri istiqamətində olan əməl deməkdir. Qurani-Kərimin bir neçə surəsində insan üçün ən önəmli nemətin imandan sonra saleh əməl olduğu bildirilməkdədir. Əsr surəsində belə buyurulmaqdadır: “Zamana and olsun ki, heç şübhəsiz insan zərərdədir. Ancaq iman edib saleh əməl işləyənlər, bir-birinə haqqı və səbri tövsiyə edənlər müstəsnadır”. Əslində Allah-Təala bu kimi ayələrlə insana doğru yolu göstərir, bizim diqqətimizi düzgün səmtə yönəldir. Allah-Təala iman edən bəndəsinin imanını, qulluq şüurunu və ibadət həyatını bu bəyanlarla dəstəkləyir, möhkəmləndirir. İmanla saleh əməlin birlikdə zikr edildiyi bir ayətə diqqət yetirək: “İman edən və saleh əməl işləyən möminləri müjdələ ki, altından çaylar axan cənnətlər onlarındır” Bəqərə/25.

Əməlin saleh olması insan üçün çox böyük əhəmiyyət daşıyır. Bəlkə də insanları bir-birindən ayıran ən mühüm amil onun əməlinin saleh olub-olmamasıdır. Əməlin saleh olmasının ən mühüm şərti isə ixlasdır. İxlas əslində çox geniş mənanı ehtiva edir. İbadətin də ruhu ixlasdır. Düşünün ki, bir insan ömrü boyunca xeyir əməllər işləyir, insanlara faydalı olur və Allahdan savayı kimsədən də bir şey ummur. İxlas deyilən o ülvi səviyyə, dərəcə də elə budur. Bütün xeyir əməllərinin qarşılığını ancaq Allah-Təaladan gözləyəcəksən. Dünyadan, insanlardan umu-küsün, təmənnan olmayacaq. Əgər niyyətinə başqa şeylər qarışarsa, demək, ixlas şüuru zədələnmişdir. Saleh əməlin içini dolduran niyyət ixlasdır. Ümumiyyətlə, ixlas məsələsi möminin həyatında vazkeçilməz düsturdur.

İslam tarixinin ən böyük alimlərindən biri “Saleh əməlin ruhunun ixlas olduğunu” bəyan etməklə yanaşı, ixlas amilindən, ixlas şərtindən məhrum əməlləri ruhsuz varlıqlara, heykəllərə bənzədir. Yüzlərlə insan heykəlini bir araya düzsəniz, bir insan meydana çıxmaz. Çünki onların həyatı yoxdur, ruhu yoxdur. Riya üçün, mənfəət üçün, “desinlər”, yaxud “deməsinlər” üçün yerinə yetirilən bütün ibadətlər bu qrupa aiddir. Ümumiyyətlə, insanın düşüncəsində, niyyətində, əməllərində riya varsa, ixlasdan söhbət gedə bilməz.

Bir cihad zamanı Rəsulullah (s.ə.s.) səhabələrdən birinə baxır və üzüntü ilə başını bulayır. Yanındakılar həmin səhabənin qəhrəmanlığından bəhs etdikləri halda Rəsulullah (s.ə.s.) onun yerinin cəhənnəm olduğunu söyləyir. Bu zaman həmin səhabə kafirlər tərəfindən vurulur və ölümcül halda yerə yıxılır. Səhabələr onun yanına qaçırlar və “şəhadətin mübarək olsun!” deyirlər. Həmin səhabə isə son nəfəsində: “Mən nəslimin şöhrəti və Mədinədəki xurma bağlarım üçün savaşırdım. Sizin söylədikləriniz məni maraqlandırmaz”- cavabını verir və gözlərini yumur. Səhabələr heyrət içində Rəsulullahın (s.ə.s.) yanına dönürlər.

Peyğəmbərimiz (s.ə.s.) riyanı zülmət qaranlıqda qara daş üstündəki qara qarışqaya bənzədir. Yəni zahiri görüntü etibarilə riyanı ixlasdan ayırmaq çox çətindir və bəlkə də mümkün deyil.

Riya dünyaya bağlanmaqdır, zahirdə ibadət edirmiş kimi görünsə də, batində dünyanı istəməkdir. Peyğəmbərimiz (s.ə.s.) : “Qiyamət günü hər kəs sevdikləri ilə birlikdə olacaq”- müjdəsini buyurmadımı?! İndi hər kəs buyurub sevdiyinin yanında olsun, kimi Mövlasının, kimi Leylasının. Füzuli məşhur qitəsinin son beytində belə deyir:

Hər cəhətdən fariğəm aləmdə, haşa kim ola,

Rizq üçün əhli-bəqa əhli-fənanın çakəri.

Şair deyir ki, mən bu dünyanı silib-süpürüb könlümdən atmışam. Fariğ olmaq,- azad olmaqdır, qurtulmaqdır. Yəni dünyanın hər cür qeylü-qalından, hər cür fani ləzzətindən, ötəri-itəri cazibəsindən keçmişəm, qurtarmışam və Allah eləməsin ki, könlünü, ruhunu, sevgisini Baqi olan, əbədi olan Allaha bağlamış mənim kimi bir bəndə, bir qarın çörək üçün bu dünyaya, bu dünyanın özü kimi ağalarına, fani bəndələrinə, padşahlarına, sultanlarına möhtac ola. Allah eləməsin!

Əli Çərkəzoğlu