Niyyət hər şeyi ram edər

0
483

İlin ən uzun günlərində yaşadıq builki Ramazanı. Amma elə bil ki, çox tez keçdi və daha zövqlü, daha gözəl oldu. Görünür, məsələ havanın isti, ya sərin, günün uzun, ya qısa olmasında deyil, insanın səmimiyyətində, niyyətindədir. Yəni sən nə qədər səmimi qəlblə bu ibadətə köklənsən, Allah-Təala (c.c.) da bu ibadəti sənin üçün o qədər asanlaşdırar, bərəkətləndirər.

Bir ay boyunca fərqli bir atmosferdə, ritmdə yaşadıq. Başqa zamanlar axşamlar yatıb, gündüzlər məşğul olduğumuz halda, Ramazanda gecəni daha bərəkətli, daha dolğun yaşamağa çalışdıq. İndi bu mübarək zaman dilimindən ayrılıq, yenə hər şey əvvəlki axarına dönəcək. Amma bu keçid mərhələsində daha diqqətli və həssas olmalıyıq. Ramazandan ayrılmaq əslində çox yaxın, sevimli bir dostdan ayrılmaq kimidir. Amma bir həqiqət var ki, aylar illər, kimi elə biz özümüz də keçib gedəcəyik və o gedəcəyimiz yerdə bu cür ibadətlər gözümüzə nur, qəlbimizə təpər olacaq, inşallah.

Bir qədər öncə Dini İşlər Üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı telekanallarımızdan gileyləndi ki, Ramazanla bağlı proqramlar yox dərəcəsindədir. Ümid edirik ki, komitə sədrinin bu gileyi növbəti illərdə öz nəticəsini verəcək və xalqımıza ən zəruri dini bildilərin çatdırılması işində kanallarımız bacardıqlarını edəcəklər.

Bayram təkcə təqvimdə qırmızı ilə yazılmış gün deyil, könüldə yaşanan duyğudur, bir zəhmətin qarşılığıdır, ucaldığını, hər gün Allaha bir qədər də yaxınlaşa bilməyin damaqdakı dadıdır.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) bu bayramı sevgi ilə, coşqu ilə yaşamağı, imkansızları sevindirməyi, uşaqlara hədiyyə verməyi, böyükləri ziyarət etməyi tövsiyə edir. Bayramdan öncə verilən fitrə sədəqəsi də elə onun üçündür ki, kasıblar da bu coşqunu, gözəlliyi yaşaya bilsinlər. Həqiqətən də, bayram onda bayram olur ki, sən bir qəlbin sevinməsinə səbəb ola bilirsən, gördüyün işin Allaha xoş getdiyini hiss edirsən. Daha bundan gözəl nə var ki?!

Bu bayramda gözəl geyinmək, insanlara təbəssüm dolu gözlərlə baxmaq, hər kəsə xoş sözlər söyləmək, bayramlarını təbrik etmək, xüsusilə də yaxınları, doğmaları ziyarət etmək, kasıbların, yetim uşaqların könlünü almaq Allaha xoş gedən əməllərdir. Elə buna görədir ki, bu bayramda uşaq evlərinə, qocalar evlərinə səfərlər edilir, onlara hədiyyələr verilir, xoş sözlər söylənilir. Biz də imkanımız yetənləri ziyərət edək, yetməyənlərə də heç olmasa zəng edib, xoş sözlər söyləyək. Kim bilir, bəlkə bizim bir zəngimiz, xoş bir sözümüz bir dünyanın aydınlanmasına səbəb olacaq.

Bu bayramla əcdadımız da yad edilər, insanlar qəbiristanlığa gedər, məzarların ətrafını təmizləyər, oradakılar üçün dua edərlər. Yəni yad etməliyik ki, yad olunaq, dua göndərməliyik ki, dua gözləmək haqqımız olsun.

Ramazanın digər aylardan bir fərqi var, bilirsinizmi? – Bu ay insan ömrünə bənzəyir, onu doğru-düzgün yaşayan sonunda bayrama qovuşur, yəni ömrü ramazan olanın ölümü bayram olur.

Havada bayram ətri var. Bayramınız mübarək olsun! Allah-Təala bu bayramla yurdumuza, cəmi İslam dünyasına xeyir-bərəkət, əmin-amanlıq, gözəlliklər ehsan eləsin və bizləri bir-birindən gözəl, bir-birindən bərəkətli ramazanlara qovuşdursun!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here