Niyə qocalmaq istəmirik…

0
589

“Bu kişilərin əlindən dükan-bazarda kraska da qalmayıb, alıb çəkirlər başlarına, bığlarına, elə bilirlər ki, bununla hər şey düzəlir”. Bu etirazı bir teleproqramda qonaq olan xanım səsləndirdi. Zahirən gülməli görünsə də, bu etirazın altında əslində böyük bir mənəvi deformasiyanın, kədərin gizləndiyini söyləmək olar.

Əslinə qalanda kimin nə işinə qalıb ki, kim başına-gözünə nə yaxır, sifətini necə boyayır… Kimi dindirsən, təxminən belə cavab verəcək. Hər kəs də özünə bir cür bəraət qazandırır. Kimə nə deyə bilərsən ki… İndi qadınlar kişiyə, kişilər qadına bənzəməkdən zövq alırlar. Estetik əməliyyatlar kişilər arasında da geniş yayılmağa başlayıb.

Göylər kəndinin ağsaqqalı Əlibala dayı deyir ki, indi kişilər elə bil əvvəlki kimi qocalmırlar, köhnəlirlər, paltar kimi nimdaş olurlar. Sonra da yana-yana əlini dizinə vurub vaysınır ki, ay başınıza dönüm, adını kişi qoyan da başına qrasqa yaxarmı? Kişinin harasına yaraşır ki, saçını-başını boyayıb düşsün ortalığa.

Ümumiyyətlə, Əlibala dayının bu barədə çox maraqlı fikirləri var. Deyir ki, kişi kişi işiynən, arvad da arvad işiynən məşğul olsa, heç zaman bir-birinə oxşamaz. İndi hamı qarışıb bir-birinə. Arvadın çiyni ennənib, kişinin də yancağı. Ədəb-ərkan, yol-iriz, böyük-kiçik qalmayıb. Axşam olmamış xoruzlar başlayır bannamağa.

Kişi danışa-danışa daha da alovlanır: Ay kişilər, harda görünüb ki, kişi xeylağı arvad xeylağının başını qırxa. Adam da arvadının başını naməhrəm əlinə verərmi, ay başınıza dönüm? O naməhrəm kişi sənin arvadının başını, boyun-boğazını ovuşduranda içindən bir “oxxay” demirmi, a filan-filan olmuş? Bu nə zəmanə idi, gəlib çıxdıq?

Nələr deyir bu Əlibala dayı, nələr!.. O qədər şey danışır ki, biz bura yazmağa ehtiyat edirik, hamısı da bu məsələ ilə bağlı. Yazsaq, qorxuruq ki, yolda-irizdə vurub bizi bir təhər eləyələr. Ona görə də yazmırıq, nəyimizə lazımdır, yazaq, başımıza bəla açaq, sonra da evdə çörək gözləyənlərimiz qalalar gözüyaşlı? Əlibala dayı deyir ki, pozulan təkcə biz deyilik haaa… Türk deyəndə hər zaman ağlımıza eşmə bığlı, əlində aynalı tüfəngi, qartal baxışlı, bizi qurtarmaq üçün ölümün üstünə atılan bir igid, bir ərən gəlirdi ağlımıza. Amma indi gördüklərim deyiləsi deyil… Bunu deyəndən sonra Əlibala kişi ağzını ovcunun içində tutub bir müddət eləcə qalır, yəni öldürsələr də danışmaram, nəyimə lazım…

Deyirlər ki, Əlibala dayının anası Anaxanım xala da söz ustası imiş. O arvaddan qalan bir qarğış bu gün də unudulmayıb. Oturuşunu-duruşunu bilməyən qızlara yol göstərərmiş, sözünə qulaq asmayanı da qarğayarmış: “Səni görüm, heç üstünə tuman bağı açılmasın!”.

Bir zaman əlli yaşında adam çox sanballı, ağırtaxta, başı qarlı dağ kimi görünərdi. Az danışar, az gülər, ağızdan bir söz çıxardılarmı, yerinə yetirməmiş rahat olmazdılar. O kişilərin ağzından çıxan bir “sən öl” 1 nömrəli notariusda təsdiq edilmiş vərəsəlik kağızından daha etibarlı idi. İndi hanı o kişilər?! İnsanlar cavanlaşır, ya nədirsə, qocalıq bir qorxuya dönüb, adamlar qocalmaq istəmirlər, qocalığı boynuna almaq istəmirlər. O çəki, o siqlət qalmayıb adamlarda. Bəlkə saqqal qırxırlar, onunçün elə görünürlər, ya həqiqətən də, nəsə dəyişib. Masaja gedirlər, plastik əməliyyat elətdirirlər. Çöldən baxırsan cavana oxşayır, amma içi qırılıb tökülüb. Rəhmətlik İsa İsmayılzadə deyirdi: “Mən bir termos şüşəsiyəm, sınıb töküldüm içimə”. İndi dörd bir yanımda sınıb içinə tökülən o qədər adamlar var ki: çöldən tamdır, bütövdür, amma içində yel vurur, yengələr oynayır.

Gəncliyi, ahıllığı doğru-düzgün yaşaya bilənə qocalığın da öz zövqü var. Qocalığın nəyi pisdir axı? Cavan ölsə, deyəcəkdilər ki, nakam getdi, ölmədisə, demək qocalmalıdır də, daha bunun harası pisdir? İnsan qocaldıqca dünyanın zövqü, ləzzəti mərhələ-mərhələ əlindən çıxır. Əlbəttə ki, iyirmi yaşındakı bir gənclə səksən yaşındakı ixtiyarın bu dünyadan umacağı eyni ola bilməz. Amma səksən yaşlıların da hamısı bir olmur axı. Qoca var, nur kündəsidir; qoca var, dişi tökülmüş qurda oxşayır; qoca var, həqiqi qocadır, qoca var, qoca deyil, Əlibala dayı demişkən, köhnədir, nimdaşdır… Gözəl həyatın qocalığı da gözəl olur. Nimdaşlıq sünilərin, bayağıların aqibətidir, yalan içində, fırıldaq burulğanında, alıb-aldatmaq, haramla keçən ömrün məntiqi sonluğudur. Könlünüzə halallıq duyğusu, ömrünüzə nurlu qocalıq dualarıyla ayrılırıq sizlərdən. Allaha əmanət olun!